“Piskun Krımda qalan torpaqların, mülklərin və yaxtaların əvəzində...” Siyasət

“Piskun Krımda qalan torpaqların, mülklərin və yaxtaların əvəzində...”

Zahid Oruc: "Rusiyadan trilyonlar tələb etməyi ən yaxşı çıxış yolu sayır"


"Ukraynada Rusiya əleyhinə getdikcə şiddətlənən dövlət siyasətinin din və kilsələrarası düşmənçiliyə çatdığı bir dövrdə ölkənin sabiq baş prokuroru sensasion iddia ilə çıxış edib". Bunu millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Svyatoslav Piskun təklif edir ki, əgər Rusiya Krıma sahib olmaq istəyirsə, onda əvəzini ödəsin: "Tarixən itirilmiş torpaqların yanğısını yaşayan xalqların nümayəndələrindən belə oxşar bəyanatlar çox eşidilib. Məsələn, Sovetlər Birliyinin çöküşü ərəfəsində Mixail Qorbaçov Kuril adaları ətrafında Yaponiya hökuməti ilə razılaşmaların bir addımlığında idi. Axı o Berlin divarının arxasında qalan iki Almaniyanın birləşdirilməsi zamanı da oxşar əməliyyatdan istifadə etmişdi."Dəmir və qan" siyasətinin banisi Otto fon Bismark kimi Helmut Kol da sovet imperiyasının rəhbərinin iflasa uğrayan hakimiyyətini xilas etmək niyyətindən ustalıqla bəhərlənərək ona bir neçə milyard ödəməyə razı oldu və dünya tarixinə adını yazdırmağı bacardı. Kuril adaları məsələsində Qorbaçovun köməkçisinin bilgili adam kimi gətirdiyi şəhadətləri heç kəs dana bilməz. İkinci dünya müharibəsindən sonra SSRİ-nin tərkibinə qatılan ərazilər çoğrafi ölçüsünə görə böyük olmasa da Yaponiyanın artan əhalisi fonunda hər qarışı qızıl qiymətinə malik idi.O üzdən bir vaxtlar sovetlərin prinsipial simalarının, məsələn Xarici İşlər naziri olan Andrey Qromıkonun "SSRİ-nin ərazisi böyükdür, lakin artıq bir kvadrat metr də yeri yoxdur" deməsini yaşlı insanlar yaxşı xatırlayır".
Millət vəkili deyir ki, amma əvəzində Baş Katibin hesablamaları tamam fərqli idi və o iflasa uğrayan bir ölkənin ucqarlarını satıb siyasətdə sağ qalmağı düşünürdü: "Ona görə də Çernyayev yazır ki, yapon nümayəndə heyətinə açıq bildiriblər ki, "birləşməyin xərci var və kompensasiya haqqında düşünmək lazımdır". İndi artıq keşmişdə qalan məlum hadisələrin dəqiq stenoqramları gün üzünə çıxıb və Yaponiyanın 26-30 milyard dollara almaq istədiyi tarixi torpaqları ətrafındakı sövdələşmələrin nə səbəbdən baş tutmadığını izah etməyə ehtiyac yoxdur. Qorbaçovdan fərqli olaraq, müasir Rusiya dövlətinin lideri Krımla bağlı Ukraynadan gələn bütün təkliflərə və təhlükələrə bir cavab verir:"bir qarış torpaq da geriyə qaytarıla bilməz". Üç dəfə baş prokuror vəzifəsini tutan və siyasətdə aparıcı mövqelərə can atan Svyatoslav Piskun isə Krımda qalan torpaqların, mülklərin və yaxtaların əvəzində Rusiyadan trilyonlar tələb etməyi ən yaxşı çıxış yolu sayır. Doğrudur, böyük biznes imperiyasına malik olan sabiq hüquq orqanı başçısı hesablaşmanın hansı valyuta üzrə aparılmasını dəqiqləşdirməyib. Amma əvəzində bütün həmvətənlərinə "yaxın 10-15 ildə ərazilərin geri qayıtmacağını nəzərə alıb çıxışlarında yalana yer verməmələrini" tövsiyyə edib və ada əhalsinin Rusiya ilə birləşmək qərarını könüllü verdiklərini nəzərə almağı vacib sayıb.Göründüyü kimi, oliqarxiyanın damarlarından axan qan onlarda realizm hissini birinci yerə çıxarır və uğrunda milyonların qurban getdiyi razilərə Vətən kimi deyil, sadəcə alqı-satqı predmetitək yanaşır. Ona görə də Moskva Nikita Xruşşovun mənəvi varislərinin Kiyev dövləti ətrafında hələ də yaşayıb ömür sürdüklərini yaxşı bilir və onların keçən əsrin ortalarında Ukraynaya verilən ərazilərə qətiyyən özlərininki kimi yanaşmadıqlarına əmindir".
Zahid Oruc deyir ki, Piskunun Krımı hərracda satmaq xəyalı artıq baş vermiş faktla barışmaq və təslim olmağa hazırlaşmaq kimi dəyərləndirilməkdən daha çox onun kimi kriminal pul sahiblərinin istənilən prosesdən qazanmaq şakəri olaraq qiymətləndirilməlidir: "Məgər, müharibələr biriləri üçün ölüm-qan-qada, digərlərinə yağmalama, sərvətələkeçirmə və hökmranlıq alətitək gərək deyilmi?"