Milli Məclisdə büdcə müzakirələri Siyasət

Milli Məclisdə büdcə müzakirələri

Arif Rəhimzadə: "Dotasiya elə bir şeydir ki, ayrılır və neynirsən elə. Heç onun hesabatı da yoxdur"

Siyavuş Novruzov: "Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir"

Dünən Milli Məclisdə 2019-cu il dövlət büdcəsinin müzakirələri davam etdirilib.
Millət vəkilləri fikir və təkliflərini səsləndiriblər.
Deputatı Rəşad Mahmudov deyib ki, səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərinin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında kəmiyyət və keyfiyyətinin artırılmasında mühüm rol oynayır: "Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyə sisteminin effektli qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir".
0Deputat bildirib ki, dövlət qurumları arasında tibbi xidməti verən Səhiyyə Nazirliyi əsas rol oynayarkən, Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə, İqtisadiyyat nazirlikləri və vergi orqanlarının ortaq, birgə fəaliyyəti dövlət səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır: "Müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaiti psixoloji baryer həddi olan 1 milyard manatı keçib. Beləliklə səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq dövlət büdcəsindən 4.2 faiz təşkil edib. Bundan əlavə, icbari tibbi sığorta 2019-cu ildən tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini edəcək".
Rəşad Mahmudov qeyd edib ki, dünya ölkələrində təhsil və səhiyyə xərclərinə baxdıqda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərcin təhsillə müqayisədə 20-25 faiz daha yüksək olduğunu görmək mümkündür: "Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır".
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "mən bəzi deputatlardan fərqli olaraq dövlət büdcəsindən heç bir sahəyə əlavə vəsaitin artırılması haqqında danışmayacam, ayrılan vəsaitin daha səmərəli istifadəsi barədə danışacam",- deyə bildirib. Deputat diqqətə çatdırıb ki, bələdiyyələrə 5.2 milyon manat dotasiya və 500 milyon manat subvensiya ayrılıb: "Dotasiya elə bir şeydir ki, ayrılır və neynirsən elə. Heç onun hesabatı da yoxdur. Amma subvensiya konkret layihələrlə əlaqədardır. Bu baxımdan subvensiyanın həcmi dotasiyanın hesabına artırılsın".
Komitə sədri hesab edir ki, eyni zamanda dotasiyaya ayrılan vəsait bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının müəyyən qədər ödənilməsinə yönəldilsin: "Əslində hazırda bir çox bələdiyyələrin DSMF-yə olan borclarına görə, onların hesabları bağlıdır. Dotasiyanın hesabına bu məsələ həll olunsa, hesab edirəm ki, həm DSMF-nin büdcəsi artar, həm də bələdiyyələrin fəaliyyətində dönüş yaranar".
Deputat Fazil Mustafa deyib ki, qlobal problemlərin həlli ilə bağlı məsələlərə daha çox diqqət ayırmalıyıq: "Misal üçün uşaq pulu, şəhidlərin "qan pulu", tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər və obyektlərlə bağlı kompensasiyaların ödənilməsi ilə bağlı yaratdığı problemlərin həlli yolları tapılmalıdır". O bildirib ki, Azərbaycanın son illərdə iqtisadi inkişafı bu nəticələri ortaya qoyur və bu gün bizim valyuta ehtiyatlarımız 46 milyard dollardan yuxarıdır: "Biz bu vəsaitlərin doğru xəcrlənməsinin yollarını tapa bilsək, israfçılığa yol verməsək, hesab edirəm ki, problemləri həll etmiş olarıq. Biz ölkəmizdəki uşaqların sağlam böyüməsini təmin etməliyik. Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aidiyyatı olmamamlıdır. Biz ölkəmizdə olan uşaqların sağlam böyüməsini ona görə təmin etməliyik ki, gələcək də DSMF-dən asılı olmasın. İndidən uşaqların sağlamlığına diqqət yetirməli, ərzaq və qida məsələlərini həll etməliyik. Əgər buna hökumət vəsait tapmırsa, bunu natural yolla da həll etmək olar". Fazil Mustafa deyib ki, ailələrin 63 faizində atanın, nə də ananın rəsmi gəliri var: "Belə olan halda, bunun sıxıntısını uşaq çəkə bilməz. Eyni qaydada da şəhidlərin pulu ilə bağlı son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox gərgin və müsbət addımlar atır".
Deputat həmçinin Bakı metrosunda baş verən problemlərdən də danışıb: "Tez-tez Azərbaycanda metroda sıxıntı çəkən insanlar havalanma problemindən əziyyət çəkirlər. Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır". Fazil Mustafa tıxac probleminə də toxunub: "Biz-tez-tez tıxac problemindən də danışırıq. Avtobusların, avtomobillərin sayının çox olmasına görə, küçələrdə hərəkət etmək mümkün deyil. Buradan olan deputatlar, hökumət üzvləri də tıxaclardan şikayətlənirlər. Azərbaycanda isə metro tikintisinə maliyyə ayrılmır. Neçə ildir ki, Cəlil Məmmədquluzadə küçəsində yol metro tikintisinə görə bağlanıb və növbəti metro stansiyasının 2020-ci ildə hazır olacağını bildirirlər. Metrodan başqa yol yoxdur. Bakıxanovdan əhali artıq illərdir ki, şəhərə gəlmək üçün 3 nəqliyyat vasitəsindən istifadə edir. Bu məsələlər öz həllini tapmalıdır".
Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir və düşünürəm ki, görülən işlər nəticəsində çatışmazlıqlar aradan qaldırılacaq. Deputat bildirib ki, müharibə veteranları ilə bağlı addımlar atılmalıdır: "Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istiqamətində addımlar atmalıdır".
Siyavuş Novruzov deyib ki, əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas rol oynamalıdır: "Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır". Deputat qeyd edib ki, veteranlara 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur: "Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyatı var? Məgər kimsə təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxır?". Veteranların mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan Siyavuş Novruzov söyləyib ki, Əfqanıstan veteranları da buradan kənarda qalmamalıdır:
Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Milli Məclisdəki müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb.