“Azərbaycanın Belarusdan müasir texnikalar alması Ermənistana zərbədir” Siyasət

“Azərbaycanın Belarusdan müasir texnikalar alması Ermənistana zərbədir”

Fikrət Sadıqov:"Belarus başa düşür ki, Azərbaycan onun üçün daha önəmli, faydalı səmimi tərəfdaş və müttəfiqdir"


"Son illər ərzində Azərbaycan-Belarus münasibətləri daha da yaxınlaşıb və faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, iki ölkə arasında əməkdaşlıq bütün istiqamətlər – iqtisadi, ticarət, eyni zamanda hərbi-texniki sahələrində inkişaf edir.
Prezident İlham Əliyevin Belarusa son səfəri zamanı bir sıra mühüm sənədlərin imzalandığını xatırladan politoloq söyləyib ki, bu, iki ölkə arasında münasibətlərin daha da yüksək səviyyəyə qalxmasına, əlaqələrin sıxlaşmasına xidmət edəcək.
F.Sadıqov vurğulayıb ki, Azərbaycan-Belarus əlaqələrinin möhkəmlənməsi, həm də Belarus-Ermənistan münasibətlərinin pisləşməsi baxımından vacibdir: "Bildiyiniz kimi, faktiki olaraq KTMT-nin üzvü olan Belarus Ermənistandan üz çöndərib, iki ölkə arasında əlaqələr qarşıdurma vəziyyətindədir. Belarus KTMT çərçivəsində Ermənistanın indiki rəhbərliyini qəbul etmir. Onlara qarşı tənqidi ifadələr də səsləndirir. Belə olan halda, biz Azərbaycan-Belarus arasında əməkdaşlığı yüksək qiymətləndirir, buna böyük önəm veririk. Prezident İlham Əliyev də Minsk şəhərində keçirdiyi görüşlərdə bunu xüsusilə vurğulayaraq, bir sıra bəyanatlar verdi".
Azərbaycanın Belarusun ən çətin zamanında onun yanında olduğunu dilə gətirən politoloq söyləyib ki, ölkəmizin bu addımı Belarus rəsmiləri və ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir: "Belarus prezidenti çıxışlarında Azərbaycanın dövlət başçısına təşəkkürünü də bildirdi".
F. Sadıqov qeyd edib ki, Ermənistanı Azərbaycan-Belarus münasibətlərində qıcıqlandıran əsas məsələ iki ölkə arasında olan hərbi-texniki əməkdaşlıqdır: "Azərbaycanın Belarusdan müasir texnikalar alması Ermənistana zərbə olmaqla yanaşı, onların maraqlarına zidd addımdır. Belarus başa düşür ki, Azərbaycan onun üçün daha önəmli, faydalı səmimi tərəfdaş və müttəfiqdir".
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycan-Belarus münasibətləri digər ölkələrlə müqayisədə tamamilə fərqli münasibətlər sistemidir: "Prezident İlham Əliyevin Minskə səfəri zamanı Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun xalqımız, dövlətimiz haqqında müsbət fikirləri iki ölkə arasında əməkdaşlığın bariz göstəricisidir". O bildirib ki, biz Azərbaycan-Belarus münasibətlərinə yeni keyfiyyətdə olan münasibətlər kimi yanaşmalıyıq: "Təsəvvür edin ki, Belarus Avropada Azərbaycanın maraqlarını irəliyə aparmaq kimi üzərinə öhdəlik götürüb. Bunun özü Belarusun Azərbaycanın Avropadakı siyasətini yaxından bildiyinin göstəricisidir. Sözügedən ölkə Azərbaycanın Avropadakı siyasətinin güclü olduğunu bilir və bununla da Avropada iştirak payı almağa çalışır. Azərbaycanla Belarus Türkiyədə birgə müəssisə yaratmaq niyyətindədirlər. Verilən açıqlamalara görə, yaxın zamanda bu iş alınacaq".
M. Əhmədoğlu söyləyib ki, Azərbaycan-Belarus arasında münasibətlər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münasibətlərində də tamam fərqli mənzərə yaradır: " Ermənilər Azərbaycan Prezidentinin hər addımına şərh verir. Hətta onlar Belarusun Azərbaycan tərəfindən idarə edildiyini, ölkəmizin KTMT-nin daxili işlərinə ciddi şəkildə müdaxilə etdiyini iddia edirlər. Azərbaycan-Belarus münasibətləri həm də Ermənistanın iç üzünü açaraq, onları dünyaya rüsvay edir. Hazırda dünyanın bəzi yerlərində, xüsusilə də MDB məkanında KTMT məsələsində Lukaşenkonun və ya Paşinyanın qalib gələcəyi məsələsi kifayət qədər ciddi müzakirə olunmaqdadır. Ümumiyyətlə, Belarus hadisələrindən sonra ermənilər hər bir əməllərində, işlərində Azərbaycan prezidenti İlham Əliyevin rolunu axtarırlar".
Politoloq qeyd edib ki, Azərbaycan-Belarus münasibətləri regionda, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi kontekstindən çox üstün, gözəl prizmada təqdim olunur: " Bu baxımdan düşünürəm ki, iki ölkə arasında əlaqələr bütün sahələr - siyasi, regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, iqtisadi sahələrdə daim inkişaf edəcək".
İki ölkə arasında hərbi-texniki əməkdaşlığa gəlincə M. Əhmədoğlu əlavə edib ki, Azərbaycan-Belarus arasında bu sahə üzrə imzalanan müqavilə məbləğinə görə, o qədər böyük olmasa da, aciz Ermənistan bundan narahat olmağa başlayıb: " Əslində Ermənistan bununla Belarusun yadına saldı ki, onlara elə tutarlı cavab verilməlidir ki, bundan sonra adını belə tuta bilməsinlər. Hesab edirəm ki, Azərbaycan Belarusdan silah almaqda davam edəcək. Amma eyni zamanda Belarus Ermənistana kifayət qədər yaxınlarda sərt cavablar verəcək".
Millət vəkili Musa Qasımlı deyib ki, Azərbaycan və Belarus respublikaları arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşıb.
Deputatın sözlərinə görə, həmin münasibətlərin dərin təməlləri var: "Onlar qarşılıqlı maraqların təmin olunmasına söykənir və həmin əsasda iki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni hümanitar sahələrdə əməkdaşlıq qurulub və inkişaf edib: "Münasibətlərin hüquq-münasibət, hüquq-müqavilə bazası formalaşıb. Azərbaycan və Belarus arasında münasibətlərə cənab Prezidentimiz İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şəxsi münasibətlərinin də böyük təsiri var. Cənab Prezidentimizin bu səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı və perspektivləri mövcuddur".
Hərbi ekspert Azad İsazadə isə diqqətə çatdırıb ki, Belarusun hərbi-sənaye kompleksi son illər inkişaf edib: "Hazırda bu ölkə müasir silahlar istehsal edirlər. Buna nümunə kimi məşhur "Polonez" sistemlərini göstərmək olar". Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın çoxdan mövcud olduğunu vurğulayan Azad İsazadə bildirib ki, prezident Lukaşenkonun sözündən məlum oldu ki, vaxtilə hərbi texnologiyaların inkişaf etdirilməsinə Azərbaycan da investisiya qoyub: "Sözsüz ki, Belarusdan alınan silahlar ilk növbədə Rusiyada olan silahların analoqudur. Yəni silahlar bir-birinə oxşayır. Bununla Azərbaycan Rusiya silah bazarından nisbətən azad olur. Yeni silah ixracatçısı kimi Belarus bizim üçün maraqlı və keyfiyyətlidir. Hesab edirəm ki, normal, konkret və çox gözəl bir hadisədir. Bunu ancaq təqdir etmək olar".
Azad İsazadə əlavə edib ki, Azərbaycan və Belarusun hərbi əməkdaşlığının siyasi məqamları da var. O xatırladıb ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Ermənistanla müttəfiqdir: "KTMT üzvü olan digər dövlətlərlə, o cümlədən Belarusla belə ciddi əlaqələrimiz Ermənistanın bu blok daxilində rolunu və əhəmiyyətini azaldır. Yəni siyasi baxımdan da belə bir əməkdaşlıq Azərbaycana xeyir gətirir. Belarusla əməkdaşlıq neçə illərdir ki, mövcuddur. Sadəcə, bu əməkdaşlıq hər iki tərəfdən inkişaf etdirilir. Belarusla hərbi əməkdaşlıq həm alternativ bazar, həm maliyyə, həm də siyasi baxımdan Azərbaycan üçün əlverişlidir".
Azad İsazadə bildirib ki, Belarusla Ermənistan arasında belə yüksək səviyyəli hərbi əməkdaşlıq yoxdur: "Ermənistan silahı kredit əsasında Rusiyadan alır. Belarusa isə belə şərtlərlə ermənilərə silah vermək sərf etməz. Hər halda Belarusla Ermənistanın əməkdaşlığı Azərbaycan-Belarus əməkdaşlığı səviyyəsində deyil".
Sonda ekspert bildirib ki, Azərbaycanın Belarusdan silah alması, ümumiyyətlə, hərbi arsenalını gücləndirməsi həm də bir mesajdır: "Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan ölkəmizə silah satdığı üçün Belarusa irad tutub. Bu faktın özü göstərir ki, Azərbaycan-Belarus əməkdaşlığı Ermənistana ciddi sürətdə təsir edir".