Rəsmi Bakıdan Qarabağ mesajı Siyasət

Rəsmi Bakıdan Qarabağ mesajı

Əli Əhmədov: "Yeddi rayonun qaytarılmasını Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərik"
Araz Əzimov: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz"

7 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağın referendum yolu ilə həllinin mümkünlüyü barədə ABŞ diplomatlarının bir-birinin ardınca açıqlamalar verməsi Qərbin Azərbaycan üzərindən necə bir məkrli oyuna başladığını açıq şəkildə ortaya qoyur.
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının münaqişənin həlli ilə bağlı 6 elementdən biri olduğunu bəyan edib. Səfir bildirib ki, bu rayonların ilk növbədə qaytarılmasından söhbət getmir. Onun sözlərinə görə, bu, münaqişənin yekun həlli çərçivəsində nəzərdə tutulur və "razılaşdırılmış 6 elementə əsasən Dağlıq Qarabağın yekun statusu öz iradəsini azad ifadə etmə vasitəsilə müəyyənləşəcək".
Amerikalı diplomat daha sonra əlavə edib ki, Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılacaq və ermənilərin təhlükəsizliyinin təminatı kimi bölgəyə beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcək.
Elə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da bir neçə rayonun Azərbaycana qaytarılmasının mümkünlüyündən danışıb.
Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı ABŞ diplomatlarının bəyanatlarında 6-7 rayonun qaytarılması müqabilində münaqişənin yekun həllilə bağlı şübhəli açıqlamaları Azərbaycan cəmiyyətində ciddi narahatlıqlar yaradıb.
Artıq rəsmi Bakı Minsk qrupunun həmsədrlərindən olan Birləşmiş Ştatların təmsilçilərinin ikibaşlı mövqeyinə sərt reaksiya verməli olub.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli Əhmədov ABŞ səfiri Riçard Morninqstarın Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına münasibət bildirib.
Baş nazirin müavini bəyan edib ki, rəsmi Bakının mövqeyi Ermənistan ordusunun bütövlükdə işğal olunmuş ərazilərdən çıxarılmasından ibarətdir. O, ölkə başçısının fikrini xatırladaraq qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti ola bilməz: "Təbii ki, məsələyə yanaşma da yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində mümkün ola bilər. Ərazi bütövlüyünün bərpası müxtəlif konseptual yanaşmalar nəticəsində mümkündür. Kimlərsə bunun mərhələli həllini təklif edir, kimlərsə paket şəklində təqdim edir. Azərbaycan bu məsələdə mövqeyini dəfələrlə bəyan edib. Sırf 7 rayonun qaytarılması məsələsinə gəlincə isə, məsələyə bu cür yanaşırıq: bunu bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərik".
Xarici işlər nazirinin müavini Araz Əzimov da Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına dair səslənən fikirləri şərh edib: "Cənab prezident həmişə bəyan edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz".
A.Əzimovun sözlərinə görə, dövlət başçısı iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı da bildirib ki, 7 rayondan başqa Dağlıq Qarabağ ərazisi də işğal altındadır.
Nazir müavini bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, işğal altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon boşaldılmalıdır: "Azərbaycan tərəfi həmişə bu məsələni belə qoyub. Bizim dövlət başçımız həmin nitqində bunu bir daha təsdiq edib".
XİH rəsmisi əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində konkret aydın məsələlər ortadadır: "Bunların həll edilməsi üçün prinsiplər aydındır. Azərbaycan dəfələrlə bildirib ki, problemin həllini hazırda durduğu nöqtədən irəliyə aparmaq üçün müzakirələrə hazırdır".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin status-kvo ilə bağlı fikirlərinə gəlincə isə, A.Əzimov bildirib ki, bu müzakirələrdə Azərbaycanın təklif etdiyi məsələlər aydındır: "Öncə konkret tədbirlərin - işğal olunmuş ərazilərin boşaldılmasının gündəliyi, xronoloji sırası və ona paralel olaraq digər tədbirlərin görülməsi, qoşunların işğal olunmuş ərazilərdən geri çəkilməsi ilə torpaqların Azərbaycanın nəzarətinə alınması, yerli hakimiyyət orqanlarının bərpa edilməsi, təmizləmə işlərinin aparılması vacibdir. Ondan sonra orada normal həyat sürmək üçün şəraitin yaradılması məsələləri ilə bağlı olan addımların bir növ sülh planına daxil edilməsini mümkün hesab edərdik".
Nazir müavininin sözlərinə görə, bu cür sülh hərəkətləri, addımlar şəraiti normallaşmaya yönəldə bilər: "Gələcək mərhələlərdə Azərbaycan əhalisi Dağlıq Qarabağa qayıtdıqdan sonra iki icmanın bir-biri ilə birgə yaşamasını yenidən öyrənməyə başlayacaqlar, əməkdaşlıq qurulacaq və o mərhələlərdən sonrakı siyası məsələlərin müzakirəsi mümkün olacaq. Əgər Ceyms Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam".
Hazir müavini vasitəçi heyətdə dəyişikliklə bağlı rəsmi Bakının mövqeyini də açıqlayıb: "Azərbaycan Xarici İşlər Nazirliyi Minsk qrupunda dəyişiklik edilməsinin tərəfdarı deyil. Biz Minsk qrupunun dəyişdirilməsinin ümumiyyətlə, əleyhinəyik. Minsk qrupu beynəlxalq cəmiyyətin ən önəmli oyunçularını özündə cəmləşdirib. İkincisi, Minsk qrupu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə təsdiq olunub. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv əsasda, seçkili əsasda yaxınlaşmaq olmaz. Qətnamələr bütövlükdə öz əhəmiyyətini saxlamalıdır və bütövlükdə yerinə yetirilməlidir. Minsk qrupunun dəyişdirilməsi o qətnamələrə də zərər verəcək. Nəhayət, Minsk qrupunun formatı ermənilər iddia etdiyi Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakı məsələsini aradan götürür. Çünki Minsk qrupunda məhz o formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosedə dövlət səviyyəsində yox, maraqlı olan tərəf kimi iştirak etməyə qadirdirlər. Qərar qəbul etmə prosesində iştirak etmirlər, lakin öz mövqelərini eşitdirə bilirlər. Ona görə Minsk qrpunun formatı bizim üçün, elə hamı üçün, belə desək, ermənilər bunu indi qəbul etməsə belə, onların da maraqlarına və mövqelərinə uyğundur".
Bununla belə nazir müavini vasitəçi qrupla bağlı maraqlı faktları açıqlayıb: "Mənə bəlli olan səbəblərə əsasən deyirəm ki, son bir neçə ildə Minsk Qrupunun həmsədrləri prosesi öz əllərində cəmləşdiriblər və qrupun fəaliyyətinin tam tərkibdə həyata keçirilməsinə əngəl törədirlər.
Azərbaycan bir neçə dəfə bu hala şahid olub. Məsələn, 2012-ci ildə Minsk prosesinin 20 ili tamam olanda mən həm tərəfdaş dövlətlərə, həm də digər dövlətlərə müraciət etmişəm. Təklif etmişdim ki, 20 illik yubileyi qeyd etmək üçün Minsk qrupunun yüksək səviyyəli konfransını keçirək. Bu təşəbbüs rəqbərliyimiz tərəfindən dəstəkləndi. Lakin sonra gördük ki, qəmsədrlər buna yol vermək niyyətində deyillər. Yəqin ki, onlara öz işlərini üçlük arasında, təzyiq altında olmadan, beynəlxalq ictimaiyyətin diqqətini yayındıraraq aparmaq daha rahatdır. Lakin Minsk Qrupunun digər ölkələri - Türkiyə, İtaliya İsveçrə, Almaniya və başqa dövlətlər prosesə maraq göstərir və maraqlarını beynəlxalq hüquq və norma prinsipləri əsasında qururlar. Mövqeləri bu prinsiplərə əsaslanır. Heç də pis olmazdı ki, Ermənistan bir daha hiss etsin və anlasın ki, onun mövqeyi beynəlxalq birliyin mövqeyinə heç də uyğun gəlmir".
Azərbaycan və Ermənistan prezidentlərinin təklif olunan görüşünə də münasibət bildirən A.Əzimov qeyd edib ki, Fransa prezidenti tərəfindən belə bir təklif irəli sürülüb: "Lakin bildiyiniz kimi, Azərbaycan yenə də konkret siyasi konyekturadan asılı olmayaraq, müzakirələrə qoyulan mövzulardan asılı olaraq, daha doğrusu müzakirələrin substantiv şəkildə həyata keçirməyi nəzərdə tutan bir təşəbbüsə razılıq verə bilər".
Nazir müavininin sözlərinə görə, sadəcə protokol üçün belə bir görüşə getmək Azərbaycanın mövqeyinə uyğun deyil.

TURQUT