“Azərbaycan Böyük İpək Yolunun bərpasına ən ciddi töhfə verən bir ölkədir” Siyasət

“Azərbaycan Böyük İpək Yolunun bərpasına ən ciddi töhfə verən bir ölkədir”

"Davosda yanvarın 22-25 aralığında Dünya İqtisadi Forumu keçirilir. Bu Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib. Hər şeydən öncə qeyd etmək istəyirəm ki, bu Forum bir çox məqamlardan Azərbaycan üçün önəmlidir. Burada həm iqtisadi, həm də siyasi amilləri qeyd etmək lazımdır. 1995-ci ildə Azərbaycan ilk dəfə Davos Forumunda təmsil olunan zaman Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vəziyyəti ilə bağlı həqiqətlər də Forum iştirakçılarının diqqətinə çatdırılmışdır. Deməli Davos Forumu həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün imkanlar təqdim edir". Bunu politoloq Elşad Mirbəşiroğlu deyib. Politoloqun sözlərinə görə, sonuncu 49-cu Forumun yadda qalan məqamlarından biri də ondan ibarət oldu ki, cənab Prezidentlə Ermənistan baş naziri arasında qeyri-rəsmi görüş baş tutdu: "Görüş zamanı əsasən münaqişənin tənzimlənməsi prosesi müzakirə olunub. Nəzərə almaq lazımdır ki, belə planlaşdırılmamış görüş bundan öncə MDB-nin Astana sammitində də baş tutmuşdur. Astana sammiti zamanı da münaqişə vəziyyəti ilə bağlı müəyyən məqamlar, tənzimləmə prosesi müzakirə olunmuşdur və münaqişənin tənzimlənməsi istiqamətində cəhdlərin davam etdirilməsi məsələsi qoyulmuşdur. Burada diqqəti cəlb edən məqam ondan ibarətdir ki, elə Astana görüşündən öncə Paşinyan sərt ritorikaya üstünlük verirdi. Qondarma Dağlıq Qarabağ rejimini münaqişənin tənzimlənməsi prosesində tərəf kimi iştirak etməsini şərt kimi irəli sürürdü. Sanki bunsuz bu şərt təmin olunmadan münaqişənin tənzimlənməsindən danışmaq mümkün olmayacaq. Yəni Paşinyanın mövqeyi bundan ibarət idi. Amma Astana sammitində Paşinyan bu barədə bir kəlmədə olsun danışmadı. Davos Forumunda da ölkə Prezidenti Azərbaycanın qəti mövqeyini bir daha Paşinyanın diqqətinə çatdırdı. Təbii ki, burada da Dağlıq Qarabağın rejiminin münaqişənin tənzimlənməsi prosesində tərəf kimi iştirakı ilə bağlı bir kəlmədə olsun ifadə işlədilməmişdi. Bütövlükdə hesab edirəm ki, hər şeydən öncə münaqişə tərəfləri arasında ən yüksək səviyyədə təmasların yaranması münaqişə vəziyyəti ilə bağlı Azərbaycanın maraqlarına cavab verə biləcək qərarın qəbulu üçün şərait yaradır. Beləki ölkə Prezidentinin dilindən Azərbaycanın qəti mövqeyinin səsləndirilməsi hesab edirəm ki, bütövlükdə danışıqlar prosesinin xarakterinə ciddi təsir göstərir. Bu baxımdan Davosdakı görüşü münaqişənin tənzimlənməsi istiqamətində ali səviyyədə təmasların davam etdirilməsi istiqamətində bir addım kimi qiymətləndirirəm. Digər tərəfdən isə Ermənistan tərəfi öz gözləri ilə Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu, potenialını bir daha görür. Yəni nəzərə almaq lazımdır ki, Davos İqtisadi Forumunda xüsusilə diqqət mərkəzində olan iştirakçılardan biri də məhz Azərbaycan olub. Elə bunu dövlət başçısı "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyasında iştirakı zamanı qoyulan suallara ölkə Prezidentinin verdiyi cavablara əsasən də qeyd etmək olar. Yəni Azərbaycan bu gün regionun nəqliyyat, kommunikasiyasını müəyyənləşdirən bir dövlətdir. Azərbaycan Böyük İpək Yolunun bərpasına ən ciddi töhfə verən bir ölkədir. Halbuki Ermənistanın bu istiqamətdə hər hansı bir fəaliyyətini qeyd etmək mümkün deyil. Hesab edirəm ki, bütün bunlar işğalçı dövlətin də diqqətindən kənarda qalmamışdır. Düşnürəm ki, Davos İqtisdi Forumu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında müəyyən müzakirələrin aparılması ümumilikdə münaqişənin tənzimlənməsi istiqamətində müəyyən irəliləyişlərə gətirib çıxara bilər. Ən azından danışıqlar prosesində hərəkətlənməni təmin edə bilər".