“ ABŞ-ın indiki status-kvonun dəyişdirilməsinə yönəlik səyləri Rusiyanınkından daha konstruktiv görünür” Siyasət

“ ABŞ-ın indiki status-kvonun dəyişdirilməsinə yönəlik səyləri Rusiyanınkından daha konstruktiv görünür”

"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşdığını görmək mümkündür. Bu fəallıq özündə müəyyən pozitiv elementləri birləşdirir. Əsas fərqli cəhət ondan ibarətdir ki, ABŞ Cənubi Qafqazdakı münaqişəli məsələləri həll etmədən İran problemində hər hansı bir uğur qazanmağın mümkünsüz olduğunu başa düşür. Xüsusən Azərbaycanın İranla sərhəddəki bölgələrinin işğal altında olması və bu bölgələr vasitəsilə İranın Ermənistanla təmaslarının durmadan artması düşündürücü faktdır. Bu da ABŞ-ın diqqətindən yayınmır".
Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Dağlıq Qarabağ problemi regiondakı iki dövlətin - Ermənistanın və Azərbaycanın Rusiyanın təzyiqlərinə məruz qalmasında əsas səbəblərdən biri olduğunu ABŞ yaxşı bilir: "Rusiya ziddiyyətli məqamlardan istifadə edərək hər iki dövləti öz cazibə qüvvəsində saxlamağa çalışır. Bu səbəbdən də ABŞ bölgədəki gərginliyi zəiflətməyə və gərginliyin zəiflədilməsi prosesinin başlanğıcını Dağlıq Qarabağ ətrafındakı problemin səngidilməsində görür. Rusiya indiyə kimi bu problemlə bağlı zahirən fəal görünən qüvvələr ortaya qoysa da əslində problemin initasiyası ilə məşğuldur və problemin həlli istiqamətində real addımlar atmır. 25 ildən çoxdur ki, problemin belə dondurulmuş vəziyyətdə saxlanılması Rusiyanın "xidmətlərinin" nəticəsidir". Politoloq əlavə edib ki, ABŞ proseslərə həmlə edir və mövcud status-kvonu dəyişməyə çalışır: "Onun tərkibində olan 7 rayonun dərhal erməni işğalından azad edilməsi məsələsini ön plana çəkməsi diqqət çəkicidir. Bu, Azərbaycanla bağlı istəklərin hamısı demək olmasa da Rusiyadan fərqli olaraq ABŞ erməni işğalına işarə edib onu barmaqla göstərir. Eyni zamanda işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını açıq surətdə söyləyir. Bu nöqteyi-nəzərdən ABŞ-ın indiki status-kvonun dəyişdirilməsinə yönəlik səyləri Rusiyanınkından daha konstruktiv görünür. Mən ABŞ-ı idealizə etmək fikrində deyiləm, amma digər "super gücdən" fərqli olaraq ABŞ ortaya konstruktiv mövqe qoyması ilə səciyyələnir. Zənnimcə, bu konstruktivliyi axıra qədər davam etdirsə və onu beynəlxalq hüquq normaları ilə əlaqələndirsə problemə xeyli təkan vermiş olar. Proseslər hələ başlanğıc mərhələsindədir. Onun necə gedəcəyi barədə dəqiq fikir söyləmək çətindir, lakin ABŞ-ın Dağlıq Qarabağ məsələsinə 2000-ci ildən sonra 2-ci həmləsidir və bu həmlənin daha uğurlu olması arzusundayıq".