Bir qotur erməni iki türk ölkəsini bu cür əsir edirsə... Siyasət

Bir qotur erməni iki türk ölkəsini bu cür əsir edirsə...

Hər şey ondan başladı ki, biz Tokayevin ermənilərlə bağlı o ifadəni işlədib-işlətməməsini rəsmən dəqiqləşdirmək istədik.
Yəni, Qazaxıstanın bazar günü keçirilən seçkilərdə böyük səs faizi ilə qalib gələn yeni Prezidenti, türk dünyasının ağsaqqalı sayılan və erməni mediasının hər zaman ən sərt sözlərlə tənqid (bir az da təhqir) etdiyi böyük siyasi xadim Nursultan Nazarbayevin şəxsən seçdiyi varisi Tokayevin “Ermənistanın səsi” nəşrinə müsahibəsi yayıldı və Tokayevin “Bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur” dediyi iddia edildi.
Tokayevin kifayət qədər bilikli, dövlətə sadiq və Nazarbayev siyasətinin davamçısı olduğunu nəzərə alsaq, bu sözlər birmənalı qarşılana bilməzdi. Ona görə də ilk sual bu oldu: əcəba, Tokayev belə bir ifadə işlədib, yoxsa erməni mediasının qotur bir jurnalisti informasiya manipulyasiyası ilə məşğuldur?
Zatən, ermənilərin Qazaxıstan və qazax xalqı içində Azərbaycana qarşı bir müddət öncə də təxribata cəhd etdiyi, hətta bu təxribatın nəticəsində Azərbaycanın da türk ölkəsi olduğunu bilməyən birilərinin (onların qazax olub-olmadığı da aydınlaşmadı) azərbaycanlının işlətdiyi kafeyə, yumşaq desək, “hikkəli gəlməsi” və s. xatirimizdədir. Ona görə hər şeydən öncə bu ifadələrin təsdiqi lazım idi.
Elə bu məqsədlə də əvvəlcə Qazaxıstan Xarici İşlər Nazirliyinə müraciət etdik. Qazaxıstan XİN-dən bildirildi ki, əcnəbi jurnalistlərin suallarına cavab verəcək səlahiyyətli şəxs (ştat) mövcud olmadığından, biz Prezident Administrasiyası ilə danışmalıyıq.
Qazaxıstan Prezidentinin Administrasiyası ilə də heç bir əlaqə qurmaq mümkün olmadı.
Qazaxıstanın ölkəmizdəki səfirliyindən isə gün ərzində sualımıza cavab verəcək şəxsi müəyyən etməkdə çətinlik çəkdilər. Gah “nahara az qalmış”, gah “nahardan dərhal sonra” zəng etməyimizi istədilər, sonra da telefonu qaldıran olmadı. Bu səfirliyin ölkəmizdə mətbuat attaşesi yoxdurmu?
Və elə bu anda da yadımıza düşdü: Ölkəmizdəki Rusiya və ABŞ da daxil olmaqla, bir çox iri dövlətlərin səfirlərini çox yaxşı tanıyırıq, mediaya da açıqdırlar. Türk ölkələrindən isə Türkiyə səfiri də, attaşesi də tanıdğımız, ən azı, vaxtaşırı mediaya danışan simalardır – baxmayaraq ki, ordan da xəbər dəqiqləşdirmək asan deyil və bu da bir ayrı mövzudur.
Bəs, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan? Biz bu qardaş ölkələrin səfirlərini tanıyırıqmı? Onların mətbuat attaşeləri ilə əlaqələrimiz varmı?
Türk PA-nın gözəl binası Bakıda yerləşir. Bu türk ölkələrinin Bakıdakı səfirləri vaxtaşırı o qurumu ziyarət edirlərmi? Azərbaycan mediasına açıqdırlarmı? Vaxtaşırı dini-milli mərasimlərdə çıxıb, xalqımıza təbriklərini media vasitəsilə çatdırırlarmı? Ümumiyyətlə, bu səfirliklər Bakıda harda yerləşir?
Qardaş ölkələrin Bakıdakı səfirləri niyə bu qədər zəif fəaliyyət göstərirlər? Yoxsa “günah” bizdədir?
Bu cürmü hazırlaşırıq ortaq dil, ortaq əlifba, ortaq gələcəyə?
Əgər erməni mediası istənilən təxribatçı-manipulyativ informasiyanı bizə sırıya bilirsə və saatlarla biz bunun öhdəsindən gələ bilmiriksə, qardaş ölkələr arasında informasiya təhlükəsizliyi hansı səviyyədədir? Bütün bunların fonunda biz hansı əsas və hansı iddia ilə Qazaxıstanda “Bakı” restoranına gələn qazaxların azərbaycanlıların da türk olduğunu bilməməsindən gileylənirik?
İki nəsil o tərəfə doğma qardaşın balaları, get-gəl olmasa, bir-birini tanımır. Əgər heç bir informasiya mübadiləsi yoxdursa, diplomatlarımız belə çalışırsa, “ortaq mədəniyyətimizin təbliği” bu gündədirsə, kimdən inciyirik?
Öz aramızdır, heç Azərbaycanın Orta Asiyada olan səfirlərinin də vaxtaşırı yerli mediaya müsahibələri gözə girmir axı! Hələ biz bilmirik bizim səfirlər qardaş ölkələrdə hansı səviyyədə tanınır-işləyirlər!
Yeri gəlmişkən, hər gün Turan qurub, “Ata yurd”a and içənlər hardadır? Qazaxıstanın yeni liderinin adından deyilən o informasiyanı dəqiqləşdirmək onların da ağlına gəlmədi? Bəs, onların ağlına gələnlər nədir?