Azərbaycan diasporu: İspaniya Siyasət

Azərbaycan diasporu: İspaniya

Real vəziyyət: problemlər və perspektivlər

Azərbaycan diasporu uzun illər İspaniyada formalaşa bilməyib. Bunun səbəblərindən biri azərbaycanlıların İspaniyaya sonradan - XX əsrin 90-cı illərindən etibarən köçməsi ilə bağlıdır. Bu gün də İpaniyada azərbaycanlıların sayı digər Avropa ölkələrinə nisbətən azdır. Hazırda İspaniya Krallığında 8-ə yaxın Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.
Amma son illər müsbət tendensiya müşahidə olunur. İspaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları aktivləşməyə başlayıb ki, bu da sevindirici haldır.
İspaniyada Azərbaycan diaspor təşkilatlarının daha aktiv fəaliyyət göstərməsinin vacibliyin şərtləndirən amillər var.
Qeyd edək ki, erməni lobbisi bu boşluqdan məharətlə istifadə edib. Xüsusilə krallığın Kataloniya bölgəsində aktiv fəaliyyət göstərən ermənilər yalanlarını yayaraq, uzun illər maddi və siyasi dəstək ala biliblər.
Bu səbəbdən də Azərbaycan diasporunun burada daha aktiv və effektiv fəaliyyət göstərməsi vacibdir. Bu ölkədə fəaliyyət göstərən bəzi soydaşlarımızı tanıdıqdan sonra müsbət işlərin görüləcəyinə ümid yaranır.
Bundan başqa, İspaniya turizm sahəsində dünyada ilk üçlüyə daxil olan ölkədir. Bu ölkədən olan turistlərin Azərbaycanı seçməsi ölkə iqtisadiyyatına müsbət təsir edir ki, bunun üçün diaspor təmsilçilərinin fəaliyyətindən çox şey asılıdır...

İstedadlı soydaşlarımız

Ümidverici məqamlardan biri xaricdə yaşayan azərbaycanlılar arasında istedadlı soydaşlarımıza artıq tez-tez rast gəlinməsidir. Onlardan biri də İspaniyada yaşayan musiqiçi Cəmil Quliyevdir. Cəmil Quliyev bildirdi ki, 2013-cü ildən İspaniyada yaşayır. Əvvəllər başqa sahədə fəaliyyət göstərsə 2016-cı ildən musiqi ilə məşğul olmağa başlayıb: “Çünki atam hər zaman mənə deyərdi ki, “musiqini buraxma, səndə istedad var və özün bunu bilmirsən”. Mən də yavaş-yavaş musiqi ilə məşğul olmağa başladım, restoranlarda ifa edirdim. Müəyyən zamandan sonra qardaşımı da bura dəvət elədim və iki qardaş bu işi davam etdiririk. “Grupo los hermanos” (qardaslar qrupu) adlı bir qrup yaratmışıq. Günü gündən bizə təkliflər artır və bu bizi sevindirir. Hamı bizim ifamıza qulaq asanda elə bilir ki, biz ispanıq. Azərbaycanlı olduğumuzu deməsək ispan olduğumuzu güman edirlər. Hətta azərbaycanlı olduğumuzu deyəndə təəccüblənirlər”. Cəmil Quliyevin sözlərinə görə, ailə problemləri ilə bağlı olaraq qardaşı Azərbaycana qayıdıb: “Mən isə hazırda fəaliyyətimi tək davam etdirirəm. Şükür Allaha ki, artıq bir konsert vermişəm. Bu “Ayutamendo de Madrid” adlanan önəmli dövlət qurumunun təşkil elədiyi konsert olub. Yəni bu, Madriddə dövlət səviyyəsində təşkil olunan bir konsert deməkdir. Albomum da artıq hazırdır və bu yaxınlarda işıq üzü görəcək". Cəmil Quliyev Azərbaycanı heç bir zaman yaddan çıxarmır, ölkəmizi tanıtdırmağa çalışır, eyni zamanda Qarabağ mövzusuna da müraciət edir: "Mən özümə borc bilirəm ki, burada Azərbaycanı, Qarabağı da tanıtdırım: "Avropada yayımlanan klipimdə Qarabağ mövzusuna müraciət etmişəm...".

Planlanlaşdırılan tədbirlər

İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) rəhbəri, Fərid Mustafayev bildirdi ki, hazırda İspaniyadakı Azərbaycan diasporunun fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradovun İspaniyaya səfəri effektiv olub: “Fuad Muradov bir çox məsələləri həll etdi və koordinasiya şurasının yaradılmasını dəstəklədi. Biz iki nəfəri koordinasiya şurasına üzv seçdik. Onu da qeyd edim ki, seçilən nümayəndələr çox aktiv fəaliyyət göstərirlər. Görülən işlər çoxdur. Misal üçün bir cox səmərəli tədbirlərin keçirilməsi, konsert proqramlarının təşkil olunması, Azərbaycanın maraqlarını ölkə xaricində məhz İspaniyada layiqincə təmsil etməyimizi göstərə bilərik. Biz bunu birlikdə bacarırıq. Planda bir çox tədbirlər, yeni incəsənət, idman, mədəniyyət tədbirləri kimi işlər nəzərdə tutulub. Bizim ən böyuk problemimiz burda yaşayan azərbaycanlıların birgə fəaliyyəti ilə bağlı idi, o da Fuad Muradovun səfərindən sonra öz həllini tapdı. Artıq onu əminliklə deyə bilərəm ki, İspaniya da yaşayan azərbaycanlılar birgə və koordinasiyalı fəaliyyət göstərirlər. Biz Cənab Prezidentin Azərbaycan diasporu qarşısında qoyduğu tapşırıqları böyük məmnuniyyətlə həyata keciririk. Qarşıda ciddi və effektiv layihələrimiz var, gələcəkdə daha uğurlu işlərə imza atacağıq”.

“İspan turistləri Azərbaycana cəlb edəcəyik”

Valensiya Azerbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahim diqqətə çatdırdı ki, İspaniyada koordinasiya şurası yaradılıb. Onun sözlərinə görə, İspaniyada Azərbaycan diasporu günü gündən daha aktiv şəkildə işlərə başlayıb: “Bölgələrdə diaspor fəallarımız günü-gündən artmaqdadır. Vətənimizi ispan cəmiyyəti ilə yaxından tanış etmək, mədəniyyət, incəsənət, idman, turzim baxımından əməkdaşlığımızı gücləndirmək, Azərbaycanı tanıtmaq, isğal olunmuş torpaqlarımız barədə məlumat vermək, erməni diaspor təşkilatlarının təxribatlarının qarşısını almaqla bağlı addımlar atırıq. Planda İspaniyada azərbaycanlı övladlarımıza Azərbaycan dilində dərsliklərinin verilməsi, ispan turistlərin Azərbaycana cəlb edilməsi, Qarabağ idman klubunun açılması və digər işlərin görülməsi var. Problemlərimizdən biri və ən aktualı İspaniyada doğulan uşaqların və İspaniyada yaşayan həmvətənlərimizin şəxsiyyət vəsiqəsinin olmamasıdır. Ümid edirik ki, bu problem səfirliyin dəstəyi ilə öz həllini tapacaq. Səfirlik bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət edib”.

Planlaşdırılan layihələr

İspaniya Krallığının Junta de Castilla Leon bölgəsinin Medina de Pomar şəhərində yaşayan, İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının yaşadığı bölgə üzrə direktoru, İspaniya Azərbaycanlıları Birliyinin yaradıcısı Vahid İmanov diqqətə çatdırdı ki, əvvəlki illərə nəzər saldıqda İspaniyadakı Azərbaycan diaspor cəmiyyətlərində çox güclü canlanma var. Məqsədimiz ölkəmizi layiqincə təmsil etmək və qarşıya qoyulan hədəfə çatmaqdır. Vəzifəmiz Azərbaycan həqiqətlərini ispan ictimaiyyətiunə çatdırmaqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İspaniyaya səfəri zamanı bizlər birliyimizi nümayiş etdirdik. Hazırda diaspor təşkilatlarımız aktiv fəaliyyət göstərirlər. Son toplantımızda İspaniya üzrə səsvermə yolu ilə koordinasiya şurası yaradıldı. Gələcəkdə qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün müzakirə apardıq.
İspaniyadakı Azərbaycan diasporu indi çox fəallaşıb. Yaxın gələcəkdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə layihələr həyata keçirəcəyik. Artıq Azərbaycan diasporu İspaniyada sözünü deyir, lazımi yerlərə həqiqətləri çatdırır. Diasporumuzun perspektivləri çox yüksəkdir, bu da bizlərin buradakı birliyindən irəli gəlir. Bəli, problemlər var və onları da aradan qaldırmağa çalışırıq. Bizlər çalışırıq ki, daim vətənimiz Azərbaycanın adını hər zaman uca tutaq”.

Rəsmi mövqe

Diasporla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı isə diqqətə çatdırdı ki, İspaniya Krallığında yaşayan Azərbaycanlıların bu ölkədə məskunlaşması XX əsrin 90-cı illərindən başlayıb: “Bu isə obyektiv və subyektiv səbəblərlə əlaqədar idi. SSRİ-nin dağılması ilə Azərbaycanın müstəqilliyini bərpa etməsi və nəticə etibarı ilə digər dövlətlərə gediş-gəlişin asanlaşması, habelə həmin dövrdə ölkədə qeyri-stabil hərbi siyasi vəziyyət, iqtisadi çətinliklər miqrasiyanı şərtləndirən amillər idi.
Tarixi Azərbaycan torpaqlarının şimalından fərqli olaraq cənubunda yaşayan soydaşlarımızın İspaniyaya miqrasiyası XX əsr boyu davam edib. Bu XX əsrin 20-ci, 40-cı illərində baş vermiş azadlıq hərəkatlarının uğursuzluğa düçar olmasından sonra başlanan təqiblər, habelə 1978-ci ildə olmuş islam inqilabı ilə bağlı olaraq şah tərəfdarlarına qarşı repressiv tədbirlərlə əlaqədar idi. Ancaq bir məqam qeyd edilməlidir ki, şimaldakı soydaşlarımızdan fərqli olaraq cənubdakılar üçün İspaniya Krallığı digər Qərbi Avropa ölkələrinə, habelə Amerika Birləşmiş Ştatlarına miqrasiyada tranzit məkan rolunu oynayıb”.
Vəsilə Vahidqızı əlavə etdi ki, İspaniyada məskunlaşmış soydaşlarımızın təşkilatlanması prosesi XXI əsrin ilk onilliyindən başlayıb: “2019-cu il yanvarın 1-i tarixinə olan məlumata əsasən İspaniya Krallığında 8-ə yaxın Azərbaycan diaspor təşkilatı var. Fəaliyyət nöqteyi nəzərindən bu təşkilatların 2-si aktivdir. Digərləri yarandığı tarixdən başlayaraq ilk illərdə fəal olsa da, zaman keçdikcə fəaliyyətsizlikləri ilə diqqət çəkiblər.
Fəal təşkilatlardan ilk növbədə Barselona şəhərində fəaliyyət göstərən "Barselona Azərbaycanlıları Cəmiyyəti" nin fəaliyyətini qeyd etmək istəyirəm. Təşkilat Barselona şəhərində yaşayan soydaşlarımızın təşəbbüsü və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi ilə yaradılıb. Təşkilatın rəhbəri Kərim Kərimovdur. Təşkilat mütəmadi olaraq Azərbaycanın əlamətdar günlərini tədbirlər formasında qeyd edir, habelə bölgədə məskunlaşmış türklərlə, gürcülərlə, yerli icra və məhkəmə orqanları ilə əməkdaşlıq edir.
Digər fəal təşkilat isə "İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası"dır. Təşkilatın rəhbəri Fərid Mustafayevdir. Təşkilat əsasən iqtisadi sahədə fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına ispan iş adamlarının investisiya yatırılması istiqamətində təbliğat-təşviqat aparır.
Bildirmək istərdik ki, cari ilin 19 may tarixində Madriddə İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis konfransı keçirilib.
Konfransda İspaniyaya səfəri çərçivəsində Diasporla İş Üzrə Dövlət Komtəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov təsis konfransında iştirak ediblər.
İspaniyada yaşayan soydaşlarımız diaspor fəaliyyətinin mütəşəkkilliyini artırmaq üçün Koordinasiya Şurasının yaradılmasını məqbul sayıblar. Səsvermə yolu ilə İspaniya Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib. Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov, Seviliya şəhərində yaşayan soydaşımız Yaqut Novruzova və Portuqaliyada yaşayan gənc fəalımız Orxan Abbasov Şuranın əlaqələndiriciləri seçiliblər”.

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir