Azərbaycanın "Şimal-Cənub" layihəsində iştirakı dövlətin siyasi statusunu artırır Siyasət

Azərbaycanın "Şimal-Cənub" layihəsində iştirakı dövlətin siyasi statusunu artırır

Rusiyanın energetika naziri Aleksandr Novakın səsləndirdiyi Azərbaycan, Rusiya və İran arasında dəmir yollarının birləşdirilməsi üzrə layihənin reallaşdırılması qərarı böyük ehtimalla “Şimal-Cənub” meqalayihəsinin tərkib hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi ilə bağlıdır.
Bunu Trend-ə rusiyalı analitik İvan Pyatibratov deyib.
O qeyd edib ki, Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi barədə saziş 2005-ci ildə imzalanıb, ona görə də söhbət yeni tikintinin işə salınmasından yox, əlavə razılaşmalardan gedir.
Analitikin sözlərinə görə, bu layihəyə bu cür diqqət qanunauyğundur:
“Astara-Rəşt-Qəzvin “Şimal-Cənub” dəhlizinin tərkibidir, ona görə də layihənin tikintisi nə qədər tez başa çatsa, yaxşıdır. Bu, həm də onunla bağlıdır ki, layihənin özü bu dəmir yoluna görə tənqidlərə məruz qalır. Dəmiryol xətlərinin ölçü fərqləri, layihənin hazırlanması zamanı Rusiya ilə İran arasında birbaşa əlaqənin olmaması meqalayihə ilə bağlı şübhələr oyadırdı. Astara-Rəşt-Qəzvin dəmir yolunun reallaşdırılmasından üzv ölkələrin bonusları aşkardır: Rusiya geosiyasi mövqelərini möhkəmləndirən “Şimal-Cənub” dəhlizinin tikintisini başa çatdırır və Yaxın Şərqdə mövcudluğunu gücləndirir. Azərbaycan maliyyə axınının artması ilə bağlı iqtisadi bonuslar əldə edir və eyni zamanda dövlətin siyasi statusunu artırır. İran isə ticarət axını sayəsində öz maliyyə vəziyyətini düzəldir və ABŞ-ın məruz qoyduğu təcriddən çıxa bilər. İranın bu layihənin gətirəcəyi investisiyalara ehtiyacı var”.
Pyatibratov əlavə edib ki, avqust ayında Soçidə üç ölkənin prezidentləri görüşəcək və “Şimal-Cənub” layihəsini müzakirə edəcək.