“Vizanın ləğvi Azərbaycan və Türkiyə münaibətlərinin strateji əhəmiyyətə malik olduğunu göstərir” Siyasət

“Vizanın ləğvi Azərbaycan və Türkiyə münaibətlərinin strateji əhəmiyyətə malik olduğunu göstərir”

Vüqar Zifəroğlu: “Bunun həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyəti var”

Prezident İlham Əliyevin Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsi hər iki ölkə ictimaiyyətində müsbət qarşılanıb. Ekspertlər bu qərarın hansı dividentlər gətirəcəyini dəyərləndiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin qərarı ilə sentyabrın 1-dən Türkiyə vətəndaşları Azərbaycana vizasız səyahət edə biləcəklər.
Analitik Vüqar Zifəroğlu “Xalq Cəbhəsi”nə bildirib ki, ümumiyyətlə vizaların ləğvi Azərbaycan və Türkiyə münaibətlərinin necə ciddi strateji əhəmiyyətə malik olduğunu göstərən ən bariz nümunədir. Onun fikrincə, bununla bağlı müəyyən müzakirələr aparılır, danışıqlar gedirdi: “Təbii ki, bunun həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyəti var. Bu ilk növbədə Trükiyə vətəndaşlarının daha rahat və sərbəst şəkildə Azərbaycana gəlmələrinə şərait yaradacaq. Bu, ciddi iqtisadi əhəmiyyət daşıyır, turizmin inkişafına şərait yaradacaq. İki qardaş ölkənin bir birilə daha yaxın əlaqə qurması, xalqlarımızın daha yaxınlaşması üçün vizanın ləğvi ciddi əhəmiyyət daşıyır. Həm iqtisadi, həm siyasi, həm də mənəvi baxımdan bu qərar olduqca vacibdir”.
Millət vəkili Tahir Rzayev deyib ki, Türkiyə vətəndaşlarına Azərbaycana 30 günə qədər giriş vizasının sentyabrın 1-dən ləğv edilməsi iki qardaş və dost dövlət arasında münasibətlərin daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edəcək. Deputatın sözlərinə görə, bu gün bu iki ölkəni bir-birindən ayrılıqda təsəvvür etmək mümkün deyil: "Bütün məsələlərdə eyni vahid mövqedən çıxış edir, bütün məsələlərdə bir-birilərinə ön, qeyd-şərtsiz dəstək verirlər. Bütün beynəlxalq tribunalarda bu iki dövlət və onun liderləri-cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan eyni mövqeni sərgiləyir, qoşa qanad kimi addımlayır. Yadınızdadırsa, bir neçə il öncə İsveçrədə növbəti Davos İqtisadi Forumu keçirilərkən, Türkiyə prezidenti məlum səbəblərdən ora qatılmamışdı. Həmin vaxt Türkiyə ilə bağlı sual verilərkən Azərbaycan Prezidenti cənab İlham Əliyev "Türkiyə dövləti, onun rəhbəri burada təmsil olunmur, amma biz qardaş dövlət kimi buradayıq, Türkiyə ilə bağlı məsələ bizim də məsələmizdir"-deyərək, tarixi nailiyyətə imza atmışdı.
Bu, heç də hər kəsə nəsib olan bir cəsarət və qabiliyyət deyil. Bu, yalnız İlham Əliyev, eyni zamanda, Ərdoğan kimi liderlərə məxsus, xas olan bir cəsarət və keyfiyyətdir. Türkiyə dövləti, Türkiyə prezidenti də daim bütün tribunlardan Azərbaycana dəstəyini ifadə edir, Qarabağ, Xocalı ağrılarını gur səslə dilə gətirir. Odur ki, bu iki ölkə arasında heç bir sahədə problem yoxdur, ola bilməz və olmamalıdır. Son qərar, son addım da bir daha bunun sübutudur".
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu razılaşma ilə iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə çatacaq: “Azərbaycan və Türkiyə arasında razılaşmaya əsasən bu ilin 1 sentyabr tarixindən Türkiyə vətəndaşları üçün viza rejimi ləğv edilir. Əvvəldən də bu məsələdə iki ölkə arasında problem yox idi və Azərbaycanın bu qərarı ilə məsələ tam hüqüqi həllini tapdı. Əlaqələrimizin güclənməsinə səbəb olacaq. Qardaşlıq və dostluq münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin " Bir millət, iki dövlət" prinsipinə söykənir və daima inkişaf edir. Azərbaycan və Türkiyə daima bir yerdədirlər. Dostluğumuz daima inkişaf edəcək”.
İqtisadçı ekspert Rəşad Həsənov deyib ki, əksər hallarda hətta qardaş ölkə tərəfindən qınağa çevrilən və dostluq dəyərlərinə uyğun olmayan bir problem nəhayət ki, tarix oldu. O əlavə edib ki, bu addım Azərbaycanın turizm sektoruna yeni nəfəs gətirəcək. İqtisadi və ticari münasibətlər daha da dərinləşəcək: “Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ildə Türkiyədən Azərbaycana turist kimi gələnlərin sayı 268 min nəfər olub, bu da ötən il ölkəyə gələn turistlərin 10.3 faizi deməkdir. Başqa sözlə ölkəyə gələn hər 10 turistdən biri məhz Türkiyə vətəndaşı olub. Bu, xarici ölkələrə gedən turistlərin cəmi 3.2%-dir. Qeyd edək ki, 2018-ci ildə 8.4 milyon Türk vətəndaşı xarici ölkələrə üz tutub. Rəsmi rəqəmlərə görə bir türk turist orta hesabla 578 USD yaxud 983 manat olmaq, ümumilkdə 2018-ci ildə Azərbaycanda 263 milyon manat pul xərcləyiblər. Bu o deməkdir ki, Azərbaycanın xürici turistlərdən əldə etdiyi ümumi gəlirin 9.4 faizi Türk vətəndaşlarının xərləmələri hesabına mümkün olub. deməkdir. Xatırladım ki, ötən il türk turistlər xarici ölkələrdə cəmi 4.9 milyard ABŞ dolları pul xərcləyiblər ki, bunun da 3.2 faizi Azərbaycanın payına düşür”.
Ekspeertin fikrincə, hətta mövcud statistika real mənzərəni tam olaraq əks etdirə bilməsə də, o qənaətə gəlmək olar ki, yuxarıda sadaladığımız gösətricilər mövcud potensialın çox altındadır: “Dil, din, adət-ənənə uyğunluğu, əcdad eyniliyi Türkiyə-Azərbaycan arasında turizm potensialının çox daya böyük olmasını deməyə əsas verir. Sadəcə bu ölkədən gələnlərə Azərbaycan tərəfinin viza tələb etməsi bu potensialdan yaralanmaq imkanını azaldırdı. Maneənin aradan qalxması Türkiyədən Azərbaycana gələn turistlərin sayında ciddi artım olacağını proqnozlaşdırmağa əsas verir. Mən bu münasibətlə həm bütün turizmçiləri təbrik edirəm və həm də onlara layiqli və sayqılı xidmətlər təklif etmək üçün yarışmağı, gələn turisti necə aldadım ki, çox qazanım kimi anlıq düşüncələrdən uzaq durmağı arzu edirəm. Ümid edirəm ki, bütün steykholderlər potensial turist sayı artımına layiqincə hazırlaşacaq və turizm xidmətlərinin idxalından daxil olan valyuta nə vaxtsa neft sektorunun gətirdiyi valyutadan daha çox olacaqdır. Gəlin, bu fürsətləri dəyərləndirək”.
Millət vəkili Azər Badamov deyib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər öz inkişaf dövrünü yaşayır: “Bu münasibətlər tarixi köklər üzərində qurulub. Vizanın aradan qaldırılması ulu öndərin qeyd elədiyi kimi bir millət-iki dövlət ifadəsinə sadiqliyin göstəricisidir. Viza rejiminin aradan qaldırılmasının siyasi tərəfi odur ki, ulu öndərin “bir millət-iki dövlət” ifadəsi real əməldə də öz əksini tapıb. Biz dünyaya bunu bir daha sübut etdik”.
Millət vəkili bildirib ki, qardaş ölkələr arasında viza ola bilməzdi. Vizaların götürülməsi ölkələrimiz arasındakı münasibətlərin çox yaxın olduğunu göstərir: “Eyni zamanda, hər zaman bir-birimizin yanında olduğumuzun göstəricisidir. İqtisadi tərəfdən vizaların aradan götürülməsi ölkələr arasında vətəndaşların qarşılıqlı səfərlərinin sayını çoxaldacaq. Türkiyə 30 gün müddətinə vizanı aradan götürmüşdü. Azərbaycan birtərəfli olaraq viza məsələsini qüvvədə saxlamışdı. Bu ilin sentyabrın 1-dən isə Azərbaycan da Türkiyə vətəndaşları üçün qapısını tamamilə açır. Qardaş ölkənin vətəndaşları 30 gün müddətində sərbəst şəkildə ölkəmizə səfər edəcəklər. Bu həm də iqtisadiyyatdır. Bu Türkiyə vətəndaşlarının Azərbaycana səfərlərinin sayını çoxaldacaq. Təbii ki, ölkəmizə gələn hər bir vətəndaş özü ilə buraya müəyyən dərəcədə maliyyə gətirir. İqtisadiyyatımıza öz töhfəsini verir. Bu gün Azərbaycan Türkiyəyə 20 milyard dollardan çox investisiya qoyub. Qardaş ölkə də Azərbaycana 14 milyarddan çox investisiya yatırıb.Düşünürəm ki, ölkəmizin viza rejimini aradan qaldırması Türkiyədən gələn investisiyaların həcmini artıracaq”.

Əli