Soçi görüşü nəticə verəcəkmi? Siyasət

Soçi görüşü nəticə verəcəkmi?

Qabil Hüseynli: "Azərbaycan ordusunun döyüş üstünlüyünü görən ruslar tələsik atəşkəs rejimini bərpa etməyə çalışırlar"
Vəfa Quluzadə: "Putinin bu görüşü təşkil etməkdə məqsədi başqadır"
İlqar Vəliyev: "Ermənistan Moskvaya yalvarır ki, atəşkəs bərpa olunsun"

Avqustun 8-də Soçidə Azərbaycan və Ermənistan prezidenrtlərinin görüşü keçiriləcək. Görüşün hansı nəticə ilə başa çatacağı maraq doğurur və ekspertlər müxtəlifversiyalar irəli sürürlər.
Rusiyalı politoloq Aleksandr Xramçixin qoşunların təmas xəttində baş verənləri şərh edərkən Ermənistan KİV-nə deyib ki, Dağlıq Qarabağda müharibənin tez, yaxud gec yenidən başlaması qaçılmazdır: Ermənistanla Azərbaycan arasında cəbhə xətti var, həmin cəbhə xəttində istənilən an müharibə başlaya bilər. Onun sözlərinə görə, münaqişə zonasında situasiyanın gərginləşməsi səbəbindən Ermənistan və Azərbaycanın sülhməramlı qüvvələri dəvət etməsi az inandırıcıdır: "Onların razılığı olmadan heç bir sülhməramlı kontingentdən söhbət gedə bilməz". Ermənistan və Azərbaycan prezidentləri Serj Sərkisyanla İlham Əliyevin avqustun 8-9-da Soçidə mümkün görüşünə gəldikdə, Xramçixin deyib ki, bu görüşdən heç nə gözləmir: "Düşünürəm ki, bu da əvvəlki görüşlər kimi olacaq, yəni nəticəsiz başa çatacaq".
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib ki, məsələnin çıxış yolu Rusiya dövlət başçısının mövqeyindədir: "Biz bütün variantları, ssenariləri müzakirə edə bilərik. Ancaq müharibə və xarici siyasət məsələsi ancaq bir adamın - bizim dövlətimizin başçısının əlindədir. Biz müharibə istəmirik, istəmirik ki, azərbaycanlılar, ermənilər həlak olsun. Ancaq müharibə olmadan sülh əldə etmək də mümkün olmur. Hər yerdə belədir. Suriyada, İraqda, Sudanda.... İkinci Dünya müharibəsinin başa çatmasından 70 il sonra bütün dünya qan içindədir. Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan. Bütün bunlar pisdir. Ancaq dünyada sülhün açarı ancaq bir nəfərin - Rusiya prezidentinin əlindədir. Yüz il qabaq da belə olub, indi də belədir".
Onun sözlərinə görə, Azərbaycanda əldə olunmuş rifahı korlamağa heç kim imkan verməyəcək: "Həftəsonu Soçidə baş tutacaq görüşdə prezidentlər üçlükdə oturub danışacaqlar. Onların hər üçünü rus dili birləşdirir, Azərbaycan prezidenti İlham Əliyev rus dilində əla danışır, dünyanın ən nüfuzlu institutunu - MQİMO- nu bitirib. Atası Heydər Əliyev görkəmli adamdır. Mən onu şəxsən tanıyırdım. Dahi şəxsiyyət hamımızın simpatiyasını qazanmışdı. Düşünürəm ki, Soçidə keçiriləcək görüş zamanı prezidentlər hər hansı bir razılığa gələcəklər. Lakin bu razılaşmanın qarantı Kreml, Rusiya olacaq".
Politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan ordusunun döyüş üstünlüyünü görən ruslar tələsik atəşkəs rejimini bərpa etməyə çalışırlar: "Bu görüş də məhz bununla əlaqədardır. Görüşdə həmçinin probleminin həlli istiqamətində danışıqlar prosesinin başlanması da nəzərdə tutulur". Onun fikrincə, Soçidə keçirilməsi planlaşdırılan görüşdə Rusiya sırf öz strateji maraqlarına uyğun siyasət yürüdəcək: "Danışıqlar prosesi ATƏT-in Minsk qrupuna həvalə edilib. Amerika və Fransada bu danışıqlarda təmsil olunur. Amma görünür Putin Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün bu iki dövləti danışıqlar prosesindən uzaqlaşdırmaq istəyir. Soçi görüşü münaqişənin həllindən daha çox, Rusiyanın strateji maraqlarına xidmət edəcək format kimi planlaşdırılır. Həmin görüşün keçirilmə qaydası da buna əyani sübutdur. Prezidentlər əvvəlcə ayrı-ayrılıqda Putinlə görüşəcəklər və daha sonra üç prezidentin birgə görüşü baş tutacaq".
Qabil Hüseynlinin sözlərinə görə, görüşdə konkret arqumentlər ortaya qoyulmalı və münaqişənin həlli istiqamətində qərarlar qəbul edilməlidir. Hazırki vəziyyətdə yalnız Rusiyanın danışıqlar ətrafında nəyisə qopartmaq arzusunda olduğu qənaətinə gəlmək olur: "Son günlər cəbhədə gedən proseslər Azərbaycan ordusunun Ermənistana qarşı gücünü göstərə bildi. Belə bir şəraitdə, hər halda Azərbaycanın danışıqlarda mövqeyini möhkəm hesab etmək olar".
Rusiyanın maraqlarının birbaşa regionumuzda cəmləşdiyini deyən politoloq Fikrət Sadıxov da bildirib ki, həm qonşu dövlət kimi, həm də Minsk qrupunun həmsədri kimi Rusiyaya regionda müəyyən stabilliyin davam etməsinə çox maraqlıdır: "Ermənistan müttəfiq olaraq qalsın, amma Azərbaycan strateji partnyor kimi Rusiya ilə əlaqələrini davam etdirib inkişaf etsin. Rusiya hazırda elə bir vəziyyətdədir ki, ona yönələn xarici sanksiyalar Azərbaycanın Rusiyaya yaxın olmasını zəruri edir. Bunun müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycan sərt mövqeyeni bildirəcək. Rusiya ilə müəyyən danışıqlar aparılacaq. Əgər Ermənistan işğal olunmuş torpaqlarımızdan çıxmasa, hər hansı təşəbbüs göstərməsə heç bir radikal dəyişiklik olmayacaq. Müsbət nəticə əldə edilməsi üçün Ermənistan geri addım atmalıdır".
Politoloq Tofiq Abbasov Ermənilərin artıq limitinin qalmadığını söyləyib. O bildirib ki, erməni tərəfi də artıq bunu başa düşür: "Azərbaycan son günlər Ermənilərin cəbhədəki təxribatının qarşını aldı. Düşmənə adekvat cavab verildi. Bu isə düşmənə soyuq duş effekti yaşatdı. Artıq hiss olunur ki, cəbhədə sakitlik və sabitlik hökm sürür. Erməni tərəfi bir növ məsuliyyəti dərk edərək "əl-ayağını" yığışdırıb. Düşmən artıq dərk edir ki, sülh prosesindən yayınmaq olmaz. Azərbaycanın daim danışıqlara hazır olmasını bəyan etməsinə baxmayaraq, rəsmi İrəvan vəziyyətdən çıxış yolunu danışıqları yarımçıq qoyub müxtəlif bəhanələrlə masanı tərk etməkdə görür. Ermənilərin artıq limiti qalmayıb və onlar özləri də bunu başa düşürlər. Ermənilər 2015-cilin aprelində qondarma erməni soyqırımının guya 100 illiyini keçirmək fikirindədir. Onlar o vaxta qədər vəziyyəti bu cür davam etdirməklə özlərinə imtiyazlar əldə etmək istəyirlər. Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş müşahidə olunarsa bu, regionda tarazlıq yarada bilər. Soçi görüşündə Azərbaycan tərəfi çox ciddi şəkildə işğal məsələsini gündəmə gətirəcək. Artıq İrəvan gah nala, gah mıxa vura bilməyəcək. Gərək ermənilər münaqişənin həlli istiqamətində ya hə desin, ya da yox". Rusiyanın bir vasitəçi ölkə kimi Azərbaycanla əlaqələri genişləndirməsinin çox vacib olduğunu düşünən politoloq bunun üçündə aradakı "əyləc" funksiyası öz həllini tapmalı olduğunu söyləyir: "Rusiya ABŞ və Avropanın sanksiyaları fonnunda Azərbaycanla və eyni zamanda Türkiyə ilə də əlaqələri genişləndirmək niyyətindədir. Bildiyiniz kimi Türkiyənin Avropa Birliyinə üzv prosesi 50 ildən çoxdur ki uzanır. "Çərləyən" Türkiyə bu məsələləri nəzərə alaraq Avrasiya məkanını gözdən keçirir. Türkiyə Rusiya, Azərbaycan və regiondakı digər ölkələrlə yeni geoiqtisadi və yeni geosiyasi əlaqələrin qurulmasında maraqlıdır. Ermənistanın bu prosesdəki "əyləc" funksiyası isə zənnimcə aradan qaldırılmalıdır".
Politoloq Vəfa Quluzadə isə bildirib ki, Putinin bu görüşü təşkil etməkdə məqsədi başqadır: "Hesab edirəm ki, Soçidə heç bir irəliləyiş əldə olunmayacaq. Görüşdən sonra Putin çıxış edərək bildirəcək ki, hadisənin hərbi eskalasiyasina imkan verilmədi. Rusiyanın təsiri altında tərəflər razılaşdılar ki, cəbhə xətti boyunca atəşkəsə riayət etsinlər. Bununla da cəbhədə müşahidə edilən hazırkı gərginlik də sona çatacaq. Düşünürəm ki, bundan artıq heç bir nailiyyət olmayacaq. Avrasiya və Gömrük İttifaqına gəlincə, Azərbaycan bu layihələrə qoşulmayacaq".
Millət vəkili Məlahət İbrahimqızı vurğulayıb ki, dəfələrlə belə görüş olub və Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi nəticəsində görüşlər nəticəsiz başa çatıb: "Amma hesab edirəm ki, bölgədə marağı olan Rusiya sülh yaratamaq üçün əlindən gələni etməlidir və ümid edək ki, nəticə yaxşı olsun. Biz təbii ki, ümidimizi itirməmişik".
Politoloq İlqar Vəliyev deyib ki, Soçi görüşü Moskvanın meydançasında keçirilsə belə, onlar Bakıdan asılı vəziyyətdədirlər. O, Soçi görüşünün İrəvanın istəyi ilə həyata keçirildiyini bildirib: "Soçi görüşü fövqəladə çağırılmış bir tədbirdir. Onun keçirilməsini məhz İrəvan istəyib. Onlar Rusiyadan bu barədə xahiş ediblər. Çünki onların itkiləri çoxdur və üstəlik vəziyyət də gərgindir. Rusiya diplomatiyasının nümayəndələrindən öncə bu görüşlə bağlı ilk açıqlamanı Ermənistanın Baş naziri verib. Əlbəttə, bu haqda məlumat veriləndə Moskva Bakı ilə müəyyən konsultasiyalar aparırdı. Deməli, bu görüşün əsas məqsədi müharibəni dayandırmaqdan və atəşkəs rejimini yenidən bərpa etməkdən ibarətdir. Buna təzyiq kimi baxmaq olmaz, çünki Rusiya ilə Azərbaycanın münasibətləri elə səviyyədədir ki, Bakıya təzyiq etmək olmaz. Əksinə, Ermənistan Moskvaya yalvarır ki, atəşkəs bərpa olunsun. Burada üstün tərəf Azərbaycandır. Çünki bu görüşdə artıq İlham Əliyev diktə edə biləcək ki, hansı şərtlərlə atəşkəs rejimi bərpa edilsin".
Politoloq Razi Nurullayev deyib ki, Rusiya özünü sülhə meyilli ölkə kimi göstərmək istəyir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yalnız prezidentlərin görüşünü təşkil etməklə nəyəsə nail ola bilməz. Amma bu da elementlərdən biridir. Təbii ki, bu görüşlərin təşkilində Rusiyanın iki məqsədi ola bilər. İlk olaraq Rusiya özünü müharibəyə meyilli ölkə kimi deyil, sülhə meyilli ölkə kimi göstərmək istəyir. Münaqişələrin də həllində özünün aparıcı rolunun olduğunu vurğulamaq istəyir. Digər məsələ isə bir mesajdır ki, postsovet məkanında hər hansısa münaqişə Rusiyanın iştirakı olmadan həll oluna bilməz. Rusiya bu gün özünü MDB məkanında ağa kimi aparır. Düşünürəm ki, bu həm də beynəlxalq aləmə bir mesajdır. Mediada bir çox tanınmış ekspertlər tərəfindən prezidentlərin görüşü də bu konteksdən təhlil olunur. Bu baxımdan düşünmürəm ki, Soçidəki görüş Putinin imicinin yaxşılaşması üçün yaxşı nəticə verməyəcək.
Digər tərəfdən son günlər atəşkəs dövrünün ən çox itkilərini verdik. Belə bir gərginlik vaxtında iki prezidentin tez bir zamanda araya gəlib sülhdən danışması qeyri-real və qeyri-standart görünür. Bu baxımdan düşünürəm ki, bu Rusiyanın təşəbbüsüdür. Bu baxımdan bu görüşdə hər hansısa bir irəliləyişin olacağına şübhə ilə yanaşıram".

Əli