Soçidən sonra... Siyasət

Soçidən sonra...

Aydın Mirzəzadə: "Ermənistan ya Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ya da bütün istiqamətlərdən Azərbaycanın təzyiqini və gücünü hiss etməlidir"

"Təmas xəttindəki zorakılıqlar bizi çox narahat edir. Bu münaqişə donmayıb. Onun donduğunu oğlu cəbhədə yaralanmış ataya, anaya deyin. Eskalasiyanın qarşısını almaq üçün addımlar atılmalıdır". Bu fikirlər ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik son açıqlamasındadır. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşmələrindən məmnunluğunu ifadə edən həmsədr bu növ təmasların çoxalmasını arzuladığını bildirib. O, ümid etdiyini bildirib ki, prezidentlər bu görüşün nəticəsi olaraq zorakılıqların dayandırılması üzərində razılığa gələ biləcəklər: "Biz həmçinin ümid edirik ki, tərəflər kəskin ritorikadan yayınacaqlar. Təhrikedici bəyanatlar bizi sülhə yaxınlaşdırmır. Kəskin ritorikaya son qoyulmaldır.
Amerikalı vasitəçi əmin olduğunu bildirib ki, hər iki prezident münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqdir. "Onlar məsələnin danışıqlar yolu ilə həll edilməsini istəyirlər, əlavə zorakılıqlar istəmirlər".
Rusiyanın münaqişənin çözülməsində müsbət rol oynadığını deyən səfir Uorlik Moskvanın Azərbaycana silah satmasını problem kimi görmədiyini söyləyib. O, əmin olduğunu bidirib ki, Rusiya öz cənub sərhədlərində sülh və sabitlik görmək istəyir.
"Dünyada bu qədər konfliktin fonunda Dağlıq Qarabağın rolu kiçilmiş görünürmü" sualını cavablandıran Ceyms Uorlik Dağlıq Qarabaq münaqişəsinin həll olunmasının prioritet olduğunu deyib: "Bizim hədəfimiz bütöv, azad və sülh içərisində yaşayan Avropadır. Dağlıq Qarabağ Avropanın üzündə ləkə olaraq qalır".
Amerikalı həmsədrin Soçi görüşündən dərhal sonra bu açıqlama ilə çıxış etməsi və Rusiyanın təşəbbüsünü dstəkləməsi maraq doğurur. Bu, bir daha Soçi görüşü ilə bağlı müəyyən sualların cavalandırılmasını zəruri edir.
Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, görüşlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsinə həsr edilməsi barədə məlumat verilsə də, onun əsas mövzusunun Dağlıq Qarabağ probleminin müzakirəsi olduğu hamı üçün aydın idi: "Avqustun əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən gərginlik və lokal döyüşlər dünyanın diqqət mərkəzində oldu. Hər iki tərəfdən olan böyük itkilər dünyanın bu həssas bölgəsində müharibənin yenidən başlaması ehtimalından xəbər verirdi. Yeni müharibə başlayacağı halda isə onun miqyası və əks-sədası Birinci Qarabağ Müharibəsinin (1991-1994) göstəricilərini çox-çox geridə qoya bilərdi.
Adi silahlardan istifadə etməklə (artlilleriya, tanklar, təyyarələr və uzaqvuran raketlərdən istifadə edilmədi) gedən ikigünlük döyüşlə bağlı dünya birliyinin reaksiyası olsa da, yalnız Rusiya tərəfi döyüşlərin praktiki olaraq dayandırılması və tərəflərin onun ərazisində təcili görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdi".
Deputat qeyd edib ki, Ermənistan və Azərbaycan arasında prolemin həlli ilə bağlı görüşlərin 20 ildən çox tarixi olsa da, bu görüş müəyyən ilklərlə yadda qaldı: "İlk dəfə idi ki, cəbhə xəttindəki gərginlikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin təklifi ilə təcili görüş keçirilirdi. İlk dəfə idi ki, tərəflər iki gün ərzində bir neçə rəsmi və qeyri-rəsmi görüş keçirdilər. İlk dəfə idi ki, həmsədr ölkə görüşdə üçüncü bir tərəf kimi iştirak edirdi. Bütün bu amillər Rusiyanın bu məsələdə praqmatik mövqe tutmağa çalışması kimi qiymətləndirilə bilər. Çünki problemin həll edilməməsi Rusiyanın cənub sərhəddində müharibə ehtimalının yüksəlməsinə, onun hər iki ölkə ilə münasibətlərinə də pozitivliyin itirilməsinə gətirib çıxara bilərdi".
YAP funksioneri bildirib ki, görüşün özü barəsində çox az məlumat verilməsi prinsipcə müsbət qiymətləndirilməlidir: "Tərəflərə piar deyil, problemin həlli ilə bağlı konkret müzakirələr lazım idi. Azərbaycan prezidenti cənab İlham Əliyevin bəyanatı buna konkret sübut idi. Ancaq Ermənistan dövlət başçısı haqqında bunu demək olmazdı. Onun Rusiya prezidenti ilə görüşdə verdiyi bəyanat ilk növbədə öz ölkəsinin əleyhinə işləməyə başladı. Sarkisyan bildirdi ki, Azərbaycan məqsədli surətdə Ermənistan-Azərbaycan sərhəddində, cəbhə xəttində gərginlik yaratdı. Hansı ki, o əvvəllər problemin guya Azərbaycanla "DQR" arasında olduğunu və Qarabağ ermənilərinin "öz müqəddəratını həll etdiyini" bildirirdi. İndi isə o, Qarabağdakı ermənilərin "müqəddəratı" barədə dediklərini unudaraq, həyasızcasına Ermənistan-Azərbaycan sərhəd xəttini Beyləqan, Ağdam, Goronboy və Kəlbəcər torpaqlarından çəkirdi".
Aydın Mirzəzadə görüşün nəticəsi haqda da fikir bildirib: "Görüş iki gün ərzində mətbuatın iştirakı olmadan keçirildi. Heç sonra da hər hansı bəyanat və nəticələr barədə məlumat verilmədi. Yeganə məlumat Rusiya xarici işlər naziri Sergey Lavrovun "Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqları" barədə açıqlaması oldu. Lavrov dedi ki, "Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək". Lavrovun bəyanatında təhlilçilərin diqqət çəkən məqam "xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər" fikri oldu. Rusiyanın baş diplomatının sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir. Axırıncı cümlə müəyyən maraq doğurur, baxmayaraq ki, bunu hər bir tərəf fərqli yoza bilər. Ermənistan prezidentinin İrəvana qayıtdıqdan sonra verdiyi bəyanat isə heç də sülhpərvər sayıla bilməz. İşğalçı dövlətin işğal etdiyi dövlətə qarşı yenə də hədə gəlməsi heç də onun sülhsevər olmamasından xəbər vermir".
YAP təmsilçisi qeyd edib ki, Soçi görüşü başa çatsa da, problem hələ də qalır və öz həllini tələb edir: "Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması və İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi ölkəmizi razı sala bilməz. Azərbaycan prezidenti cənab İlham Əliyev bu mövqeyi dəfələrlə səsləndirib və cəmiyyətimiz öz liderini tam dəstəkləyib. Ötən dövr göstərdi problemin dondurulması problemi həll etmir, onu daha da ağır vəziyyətə itələyir. Çətinliklərə baxmayaraq, Azərbaycan ötən illərdə öz iqtisadiyyatını və ordusunu kifayət qədər gücləndirə bilib. Beynəlxalq hüquq da ölkəmizin tərəfindədir. Ona görə də Ermənistan bu məsələdə ciddi seçimini etməlidir. Ya Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ya da bütün istiqamətlərdən Azərbaycanın təzyiqini və gücünü hiss etməlidir. Onun seçiminə ayrılan vaxt isə çox azdır".
Politoloq Leyla Əliyeva isə bildirib ki, əslində Soçi görüşünün hansı sonluqla bitəcəyi hər kəsə məlum idi:
"Putinin Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həll ediləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə inanmıram. Çünki artıq illərdir Rusiya tərəfindən bu kimi sözlər söylənilir. İndiki halda Putinin Soçi görüşünü keçirməkdə əsas məqsədi tərəfləri Avrasiya İttifaqına çəkmək idi. Ola bilər ki, cəbhədə yaşanan gərginlik də bu görüşün vaxtını bir qədər irəli çəkdi. Problemin həll olunması Putinin marağında deyil".
Politoloqun sözlərinə görə, Rusiyanın maraqları və planları geniş olduğu üçün indiki vəziyyətin də hələ uzun müddət davam edəcəyi gözlənilir: "Hesab etmirəm ki, Azərbaycan Rusiya ilə razılaşıb, dərhal Avrasiya İttifaqı və digər layihələrə qoşulacaq. Biz bilirik ki, Rusiya münaqişəyə nəzarət etdikcə, işğal altında olan rayonlarımızın qaytarılması da bir o qədər yubadılacaq".

Əli