“Paşinyanın Qarabağ məsələsində harada düz danışdığını, kimi aldatdığını bilmək olmur” Siyasət

“Paşinyanın Qarabağ məsələsində harada düz danışdığını, kimi aldatdığını bilmək olmur”

"Paşinyan Ermənistanı həm real, həm də virtual Ermənistandan tam fərqlidir". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Politoloqun sözlərinə görə, bu vaxtadək 2 Ermənistan qeydə alınmışdı:
I. Real Ermənistan-əhalinin tərk etdiyi, sosial-iqtisadi göstəricilərin getdikcə azaldığı, investisiyanın dayandığı, Dağlıq Qarabağ məsələsində beynəlxalq aləmə xeyli yalan sırımış və s Ermənistandır. Bu proseslər Paşinyandan əvvəl başlanıb.
II. Virtual Ermənistan Serj Sərkisyanın hakimiyyətə gəldiyi ildə dövlət büdcəsini birdən-birə 2 dəfə artırmaqla başlamış iqtisadi göstəricilərin saxtalaşdırıldığı, Cənubi Qafqazın ən vacib dövləti və regional kommunikasiyaların kəsişdiyi kimi təqdim olunan Ermənistandır. Virtual Ermənistan Cənubi Qafqazı bütün qalan dünya ilə birləşdirən, günü-gündən çiçəklənən, əhalisinin sayı artan, Rusiyanın, Avropanın, İranın salam verməyə növbəyə durduğu Ermənistandır.
Paşinyanın dövründə baş verənləri isə həm virtuallığın və həm də reallığın qaydaları ilə anlamaq mümkün deyil.
- Paşinyan Azərbaycana silahın satılmaması ilə bağlı KTMT üzvləri ilə konsensus əldə olduğunu bildirir. Bir neçə saat keçmiş bəlli olur ki, Rusiya tərəfi Ermənistanı silah müqaviləsini pozduğuna görə cəzalandırmaq niyyətindədir;
- Rusiyadan alınan qazın qiymətinin artıq müəyyənləşdiyini bildirir. Dalınca da özü bəyan edir ki, bu məsələ üzrə bir neçə variant mövcuddur;
- Konstitusiya Məhkəməsinin qərarını adi rayon məhkəməsi ləğv edə bilir;
-Konstitusiya Məhkəməsinin sədrini işdən çıxartmaqdan ötrü parlamentin keçmiş sədri də daxil olmaqla ən azı 10 nəfərə cinayət işi açılır və təxminən bundan da bir qədər çox adam vəzifədən uzaqlaşdırılır.
- İqtisadi rəqəmlərdə, investisiyada artım yoxdur. Dövlət Statistika Xidməti müntəzəm surətdə pozitiv rəqəmlər istehsal edir. Baş nazir Paşinyan rəqəm manipulyatoruna çevrilib.
- Paşinyanın siyasi manipulyatorluğu da keyfiyyətcə yeni mərhələ hesab oluna bilər. Tutaq ki, Müdafiə naziri Tonoyanı vəzifədən azad, bəlkə də həbs etmək istəyir. Bunun üçün seçdiyi yol Konstitusiya Məhkəməsinin sədrinin dəyişdirilməsi metodundan nisbətən fərqlidir; Tonoyan əvvəlcə Fövqəladə Hallar naziri işləyib. Müdafiə naziri təyin olunduqdan sonra Fövqəladə Hallar Nazirliyində yoxlamalar keçirildi. Tonoyanın nazir olduğu dövrdə korrupsiya faktları aşkarlandı. Tonoyan Paşinyanın xoşuna gəldiyi üçün korrupsiya məsələsinin üstü bağlandı. Paşinyan indi Tonoyandan qorxur. Fövqəladə Hallar Nazirliyinin indiki dövründə geniş korrupsiyanın olduğu ilə bağlı hay-küy yaradıldı, 1 rəsmi vəzifədən azad edildi. Nazir publik formada Paşinyana müraciət etdi ki, hökumət Fövqəladə Hallar Nazirliyini yoxlatdırsın. Beləliklə yoxlamada əvvəlki faktlar da üzə çıxacaq və Tonoyanın korrupsiya faktları Paşinyan üçün legitimləşəcək.
- Mətbuata təzyiqlər açıq şəkildə üzdədir. Söz azadlığı ilə məşğul olan qurumlar Ermənistanda heç vaxt mətbuatın bu qədər azad olmadığını bəyan edirlər.
- Paşinyan başa düşür ki, əhalinin onun özünə qarşı artıq şəxsi nifrəti formalaşıb. Eyni zamanda çalışır ki, xanımını da Ermənistan cəmiyyətinə həmrəhbər kimi sırısın.
- Dağlıq Qarabağ məsələsində Paşinyanın mövqeyi tam anlaşılmazdır. Serj Sərkisyanın mövqeyini yalnız kiçik bir qrup anlamırdı. Böyük əksəriyyət Serj Sərkisyanın beynəlxalq aləmi aldatdığına inandı. Paşinyanda isə vəziyyət fərqlidir. Paşinyanın Qarabağ məsələsində harada düz danışdığını, kimi aldatdığını bilmək olmur. Tutaq ki, Paşinyan həqiqətən Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycana qaytarmaq istəyir. Amma bunu edə bilmir. Azərbaycan “hamının-hamıya” prinsipi üzrə mübadiləyə, hətta Azərbaycan bunun əvəzində Kaspşikin missiyasının sayının 6 nəfər artırılaraq 7-dən 13-ə çatdırılmasına da razıdır. Nəticədə ermənilər həm Kaspşikin missiyasının artırılmasında istəklərinə nail olurlar, həm də əlavə 2 erməni vətəndaşı öz evinə qayıdır. Azərbaycana yalnız D.Əsgərov və Şahbaz Quliyev qayıdır. Nikol Paşinyan Saakyandan Dilqəm Əsgərovu ala bilmir, amma Dağlıq Qarabağda hərbçilərə və hökumətinə kifayət qədər yardım edir. Saakyanı marzpet və yaxud qubernator adlandırır.
Paşinyan Ermənistanını dərk etmək üçün çox vacib elementlər hələ üzdə deyil. Bu elementlərin yalnız Paşinyan hakimiyyətdən getdikdən sonra üzə çıxacağı mümkündür".