Parlament necə buraxıla bilər? Seçki nə vaxt olacaq? - Professor Siyasət

Parlament necə buraxıla bilər? Seçki nə vaxt olacaq? - Professor

Parlamenti ancaq Prezident buraxa bilər. Bizim Konstitusiyada parlamentin öz-özünü buraxması nəzərdə tutulmayıb.
Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatlarını geri çağırması və MM-in buraxılması üçün Prezidentə müraciət qəbul etməsi barədə qərarını şərh edərkən deyib.
F.Mehdiyev bildirib ki, hazırda parlamentin buraxılması üçün heç bir konstitusion əsas yoxdur:
“Qeyd etdiyim kimi, bizim Konstitusiyada parlamentin öz-özünü buraxması nəzərdə tutulmayıb. Ancaq onun əvəzinə 2006-cı ilin referendumunda Konstitusiyaya 98-1 maddəsi əlavə olunub. Orada da göstərilib ki, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, göndərilən qanun qəbul edilmədikdə, müzakirəyə çıxarılmadıqda və sair səbəblərdən Prezident Milli Məclisi buraxa bilər. Ancaq indiki halda Milli Məclisin buraxılması üçün bu əsaslar yoxdur. Belə ki, bütün qanun layihələri təsdiq olunur, vaxtlı vaxtında imzalanması üçün göndərilir, baş nazirə etimadsızlıq olmayıb, MB-nin İdarə Heyətinin bütün üzvləri təsdiq olunub və s.”.
Hüquqşünas bildirib ki, YAP deputatlarının geri çəkilməsi ilə Milli Məclisin işi iflic olur və yetərsay alınmır, demək, qanunların qəbulu da mümkünsüzləşir ki, bu da Konstitusiyanın 94 və 95-ci maddələrinin pozuntusu olduğundan, Prezidentə Milli Məclisi buraxmaq üçün qanuni əsas verir.
F.Mehdiyev qeyd edib ki, parlament buraxılacağı təqdirdə keçiriləcək növbədənkənar seçkilərə qədər ölkə Milli Məclissiz qalacaq:
“Prezident sərəncam verib parlamenti buraxsa, neçə aydan sonra parlament seçkiləri olacaq, bu məlum deyil. Çünki bununla bağlı heç yerdə heç nə yazılmayıb. Ancaq Seçki Məcəlləsinin 145-ci maddəsində yazılıb ki, 109-cu maddənin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Prezident təyin edir. Yəni ancaq Prezident müəyyən edəcək ki, parlament seçkiləri nə vaxt keçirilsin.
Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilənə qədər ölkə parlamentsiz qalacaq. Burada elə də faciəli bir şey yoxdur. Ölkə 5-6 ay da parlamentsiz qala bilər. Çünki lazım olan əksər qərarlar qəbul edilib, müzakirəyə çıxarılıb. Yəni ola bilər ki, 1 il müddətinə də növbədənkənar parlament seçkisi keçirilməsin. Ölkə bundan heç nə itirmir”.
F.Mehdiyevin sözlərinə görə, növbəti parlament formalaşandan sonra onun nə vaxta qədər fəaliyyət göstərəcəyi də sual doğurur. Çünki bu, Konstitusiya ilə müəyyən edilməyib:
“Konstitusiyamızda qeyd edilib ki, növbədənkənar keçirilən parlament seçkisinin müddəti 5 ildən az ola bilər. Ancaq dəqiqliklə göstərilmir ki, bu müddət 5 ildən az olacaq, ya olmayacaq. Məsələn, indiki variantda seçilən parlamentin ancaq 2020-ci ilə qədər fəaliyyət müddəti ola bilər. 2020-ci ildə isə yeni parlament seçilə bilər. Çünki Konstitusiyada bu, dəqiqliklə göstərilmir ki, “5 ildən az” nə qədər müddət deməkdir”.