“Kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır” Siyasət

“Kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır”

Oqtay Əsədov: “Cəmiyyətin gözləntiləri qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini zəruri etmişdi”

Dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçirilib. İclasın gündəliyinə 1 məsələ daxil edilib: “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə”.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Nazirlər Kabinetində, idarəetmə orqanlarında, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır: “Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yenilənməsini zəruri etmişdi”. Spiker bildirib ki, hakim Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək, iclas çağırmasını xahiş edib: “Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək, qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi” məsələsidir”.
Daha sonra Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciəti mətnini oxuyub: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir”. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır: “Azərbaycan Nazirlər Kabinetində, məhkəmə-hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək”. S. Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir:
“Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.
Siyavuş Novruzov müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırıb.
Siyavuş Novruzov müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2016-cı ildə keçirilən referendum və bu zaman Konstitusiyaya edilən əlavə, dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur: “Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, məhkəmə hakimiyyətini əhatə etmiş oldu”.
O qeyd edib ki, bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: “Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir”.
“Hesab edirəm ki, bir sıra ekspertlərin və opponentlərin Milli Məclsin buraxılmasının Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır. Çünki bu məsələ Konstitusiyasının 98-ci maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadını yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim Konstitusiyamıza və hüquq sisteminə uyğundur”.
Milli Məclisin iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “heç kimə sirr deyil ki, bu gün Azərbaycan xalqını ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksələn Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır. Lakin paradoksal bir vəziyyət yaranıb”, - deyə bildirib. O bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb: “Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyini mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir”.
Komitə sədri söyləyib ki, məhz buna görə, təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün Milli Məclisin buraxılması üçün müraciəti dəstəkləmək vacibdir: “Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”.
S.Seyidov əlavə edib ki, hər bir millətin gələcəyi onun dünyanın müasir çağırışlarına uyğun cavab vermək, milli maraqları dünyada gedən mürəkkəb və baş verən ədalətsiz proseslər çərçivəsində müdafiə etmək, xalqın istək və arzularını əks etdirmək qabiliyyətindən asılıdır.
Deputatı Hikmət Məmmədov bildirib ki, bu gün Azərbaycanın siyasi və parlamentarizm tarixində mühüm hadisə baş verib. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin inkişafının daha da dərinləşdirilməsi üçün yeni şərait formalaşdırır. Azərbaycan cəmiyyətinin bütün sahələrində islahatlar davam edir, bu islahatlar ali qanunverici orqanını da əhatə etməlidir.
Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycanın siyasi sisteminin sütunu olduğunu deyən deputat ölkə başçısının BDU-nun 100 illik yubileyində çıxışını xatırladıb.
O deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamız yaranana qədər Azərbaycanda tam mənada siyasi sistem yox idi: “Siyasi sistemə daxil olduğu gündən YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət, əxlaq və davranış təqdim etməyi bacarıb”.
Hikmət Məmmədov vurğulayıb ki, bu gün öz tarixi ənənələrinə sadiq olaraq YAP yeni bir siyasi mədəniyyət nümunəsi təqdim edir: “Partiyamızın Siyasi Şurası tövsiyə edir ki, Prezident İlham Əliyevin islahat kursuna uyğun olaraq, Parlamentdə də islahatlar həyata keçirilsin. Əgər inkişafımızın indiki mərhələsində qlobal və regional, milli inkişaf çağırışları ilə uzlaşan qərarlar qəbul edə bilməsək, bundan sonrakı inkişafımızı təmin edə bilmərik”.
Deputat qeyd edib ki, Davos İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan islahatlara və rəhbərə inam əmsalına görə dünyada ilk onluqda yerləşir: “Partiyanın Siyasi Şurasının tövsiyəsi ilə parlament yenidən xalqa doğru qayıdı. Xalqın inamını əldə etmək şansını qazanmaqla növbəti tarixi mərhələdə Milli Məclis yeni keyfiyyət mərhələsinə qədəm qoymağı bacaracaq. Partiyanın 1999-cu ildə keçirilən I Quryultayında cənab İlham Əliyevin YAP sədrinin müavini, 2013-cü ildə keçirilən qurultayda isə Mehriban xanım Əliyevanın sədr müavini seçilməsi, partiyamızın inkişafında yeni keyfiyyət dəyişiklikləri yaratdı. Bu gün YAP Azərbaycan cəmiyyətinə, siyasi sisteminə daha bir yenilik gətirir. Partiyanın Siyasi Şurasının məlum qərarı milli inkişaf çağırışları ilə uzlaşır. Bu qərarın nümunəvi tarixi qərar olacağını düşünürəm”.
Deputat Azay Quliyev deyib ki, bu gün biz qeyri-adi bir məsələni müzakirə edirik: “Müasir və müstəqil Azərbaycan tarixində yeni bir ənənənin əsasını qoyuruq. Milli Məclis öz təşəbbüsü ilə parlamentin buraxılması mexanizmini işə salmaq üçün toplaşıb və müzakirə aparır. Hesab edirəm ki, parlament bu qərarı verməklə Azərbaycanın siyasi həyatında yeni bir ənənənin, yeni bir mədəniyyətin tətbiqinin əsasını qoymuş olur”. O, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və parlamentdə təmsil olunan deputatların təşəbbüsünün bu vaxtda irəli sürülməsini təqdirəlayiq hal olduğunu bildirib: “Həmkarlarımın da qeyd etdiyi kimi, belə bir təşəbbüs heç şübhəsiz ki, Azərbaycanda həyata keçirilən islahatların ruhuna və trendinə uyğun olan yeni bir parlamentin formalaşmasına şərait yaradacaq. Heç şübhəsiz ki, həmin islahatların da qanunvericilik səviyyəsində töhfələr verməsi üçün əlavə imkanlar əldə olunacaq. Yeni Azərbaycan Partiyası bu təklifi irəli sürən zaman kifayət qədər fikirlərini açıq şəkildə bildirmiş, arqumentlərini qeyd etmiş və hansı motivlərlə çıxış edərək belə bir təşəbbüsün irəli sürülməsini ifadə etmişdir. Məncə, bu barədə əlavə danışmağa ehtiyac yoxdur”.
Azay Quliyev bir məsələni də qeyd edib: “Bu gün YAP çox böyük cəsarətlə islahatlara yeni nəfəs vermək, parlamentə üzv olan deputatların mandatının yenilənməsi üçün xalqa müraciət etmək qərarına gəlib. Bu, onunla izah olunmalıdır ki, hazırda məqsəd həyata keçirilən islahatlara xalqın da dəstəyini bir daha qazanmaq və bu dəstəyin parlament səviyyəsində ehtiva olunmasına nail olmaqdan ibarətdir. Şübhə etmirəm ki, YAP-ın məhz seçki öncəsi əsas şüarlarından biri islahatlarla bağlıdır.
Hesab edirəm ki, erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsü həm də ona imkan yaradacaq ki, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında daha dəqiq balansın formalaşması və tənzimlənməsi həyata keçirilsin. Əlaqə və əks-əlaqə bugünkü günümüzün tələblərinə uyğun şəkildə təşkil edilsin. Bir məsələni də unutmamalıyıq ki, YAP dünya təcrübəsinə əsasən belə bir təşəbbüslə çıxış edib. Özünün parlamentdəki səs çoxluğundan isifadə edərək, gələcək strateji hədəflərinə çatmaq və milli maraqlarımızı təmin etmək üçün belə bir təşəbbüs irəli sürüb. Hansı ki, bu da təqdir olunmalı və dəstəklənməlidir”.
Qeyd edək ki, qərar layihəsi səsverməyə çıxarılıb və 99 deputat lehinə olmaqla qəbul edilib.
Parlamentin sədri Oqtay Əsədov bildirib ki, yarımçıq qalan qanun layihələri dekabrın 3-də keçiriləcək plenar iclasda müzakirə olunacaq.

Əli