“Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək” Siyasət

“Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”

"Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcəyik, namizədlərimizi irəli sürəcəyik".
Bunu Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin reytinqinin kifayət qədər yüksək olması ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq: "Beləliklə də, YAP Azərbaycan parlamentində çoxluğu qoruyub saxlaya biləcək. Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Bununla Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da - parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək".
"Azərbaycanın həyata keçirilən siyasətində sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişaf imkanlarının artması bunu gerçəkləşdirməyə şərait yaradır"-deyən Əli Əhmədovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir: "Misal olaraq, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqlarının, pensiyaların iki dəfəyə qədər artırılması, dövlət tərəfindən ayrı-ayrı kateqoriyalara verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlilərindəndir. Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir, uğurla həyata keçirilən siyasət davam edir. Ayrılan dövlət vəsaiti də artırılmaqdadır. İnanıram ki, çox yaxın illərdə Prezidentin dəstəyi ilə bütün məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Eləcə də zəlzələ nəticəsində əziyyət çəkən, yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar. Bundan sonra Prezidentin həyata keçirdiyi siyasət nəticəsində sosial xarakter daşıyan layihələr daha da genişlənəcək. Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".