Media haqqında açıq söhbət Siyasət

Media haqqında açıq söhbət

Son günlər Azərbaycan mediası və bu müstəvidə Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə bağlı müzakirələr daha açıq, ziddiyyətli və intensiv xarakter alıb. Səbəbini bilirəm və arzu edirəm ki, bu yanaşma özünü təkcə mediaya münasibətdə deyil, bütün istiqamətlərdə büruzə versin.
Amma çox istəyərdim ki, bu müzakirələr ortqalıqda olan nəticələr, ikinci, üçüncü dərəcəli, köməkçi, yardımçı səbəblər ətrafında deyil, problemin, yaxud problemlərin qaynağı, kökü ortaya qoyulmaqla aparılsın.
Təxminən 12 il öncə medianın müstəqil inkişafına mane olan səbəblər haqqında Beynəlxalq Mətbuat Mərkəzində keçirilən toplantıda söz açmışdım. Əgər yanılmıramsa, o zaman “Kaspi” qəzetinin Baş redaktoru Natiq Məmmədlidən başqa fikirlərimə şərik çıxan olmamışdı.
12 il əvvəl dediklərimi bir daha təkrarlayıram:
Medianın bütün problemlərinin səbəbi ölkədəki inhisarçılıq və iqtisadiyyatın liberallaşmaması, sahibkarlıq üçün bərabər rəqabət mühitinin olmamasıdır. Azad bazar münasibətləri, bərabər rəqabət inkanları olmadan iqtisadiyyatın liberallaşması mümkün deyil. Bu isə öz növbəsində reklam bazarının liberallaşmasının mümkünsüz olduğu deməkdir. Azad rəqəbətin diqtə etdiyi şərtlər altında formalaşmış, vahid mərkəzdən idarə edilməyən, bazar qanunlarına tabe olan reklam bazarı yoxdursa o zaman “avtomobi”lin “arxa işıqları”, “şüşəsiləni” haqqında danışmaqla problem öz həllini tapmayacaq. İqtisadiyyatın mühərriki azad bazar münasibətləri, medianın mühərriki isə azad reklam bazarıdır. Problemin həllində də mühərrikdən başlamaq lazımdır, “arxa işıq”dan, “şüşəsilən”dən yox!
Konfutsinin ideal cəmiyyət haqqında məhşur bir ehkamı var. Doğrudur, sonralar bolşeviklər bu ehkamı istedadından, bacarığından asılı olmadan “hər kəsə bərabər” qaydada tətbiq etməyə çalışdılar – “vahid qazandan hər kəsə eyni çömçə ilə...” Sonrası bəllidir, “çömçə” yemək çəkənin arzu və istəklərindən asılı olaraq, qazandan gah yarımçıq, gah da dolu çıxdı. Forma qaldı, məzmun dəyişdi. Eyni “çömçə” ilə birilərinin boşqabına çox, birilərinə isə az yemək çəkildi...
İndi illərdir boşqabına inhisarçıların yepyekə “qazan”ından dopdolu “çömçə” ilə yemək çəkilənlər heç bir fundamental əsas olmadan, özgə-doğma prinsipi ilə “çay qaşığı”nın ümidinə qoyulanlara rəqabət dərsi keçirlər!!! Buyurun, o zaman illərdir aldığınız maliyyənin qaynağını, sonra da 3 manatla 300 min manatın bərabər şərtlər və imkanlar daxilində necə rəqabət aparacaqlarının yollarını göstərin! Əgər bacarmırsınızsa, o zaman nağıl danışmayın!

Qayıdaq bu günə...

Mətbuat Şurasından, son zamanlar daha çox müzakirə olunan “reketçiliyə” qarşı aparılan mübarizənin, “qara siyahı”nın effektivsizliyindən danışaq.
“Reket” məsələsi ilə bağlı mənim mövqeyimi media cameəsində hər kəs bilir. İllərdir ki, “reket” sözünün jurnalistikaya yamamağın yanlış olduğunu və çox böyük problemlərə səbəb olduğunu deyirəm. “Reket jurnalistika” sözünün dövriyyəyə buraxılması, bu istiqamətdə aparılan total təbliğat medianın nüfuzdan, gözdən salınmasına gətirib çıxardı. Korrupsionerlər, oğrular, rüşvətxorlar, dövlət idarəçilik sistemini daxildən sökən kəsəyənlər bu deyimi medianın üzərindən “Domokl qılıncı” kimi asdılar, geninə-boluna yararlandılar.
Reketçilik cinayət əməlidir. Kimsə öz cinayət əməlinə medianı, jurnalistikanı vasitə kimi seçibsə burada öz işini ləyaqətlə yerinə yetirən jurnalistlərin heç bir günahı yoxdur. Reketçiliklə məşğul olan şəxslər vasitə kimi özlərinə “əmək müfəttişi”, “polis”, “insan haqları müdafiəçisi” vəsiqəsini də seçə bilərdilər və necə ki, seçirlər. Amma heç kim onlara “reket əmək müfəttişi”, “reket polis”, “reket hüquq müdafiəçisi” demir. Deyə də bilməz. Deməməlidir də! Bəs biz niyə özümüzə “reket” yarlığını yapışdırırıq? Oğrular, cinayətkarlar, dövlət əmlakını talayanlar, medianı “it yerinə” saymayan qudurğanlar bizi rahat ittiham etsinlər deyə?
Mətbuat Şurasının “qara siyahı”sına gəldikdə isə, burada bir qəbahət olduğunu düşünmürəm. Amma bu iş “reket” adı altında həyata keçirilməməlidir. “Qara siyahı” Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarına əməl etməyən kütləvi infirmasiya vasitələrinə və onların təmsilçilərinə şamil olunmalıdır. Bu məsələdə Mətbuat Şurası hökm verə bilər. Amma reketçiliklə bağlı yox. Bu son nəticədə məhkəmələrin səlahiyyətinə aid olan məsələdir. Təqsirsizlik prezumpsiyası kimi olduqca mühüm, ana hüquqi anlayışını ayaq altına atmaq olmaz!

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə bağlı iddialara gəldikdə isə, təəssüf edirəm ki, əksər hallarda müzakirələr daha çox ittiham aktının ayrı-ayrı hissələrini xatırladır. Yenə də mahiyyət qalır bir kənarda. KİVDF-nin ayırdığı vəsaitlərlə çap mediasını inkişaf etdirmək mümkün deyil. Bu qədər ümumi fikir və ittihamlardansa elektron hesablama maşınını qoyun qarşınıza və hesablayın: Qəzetin tirajını vurun çap xərclərinə, üstünə əməkdaşların əmək haqlarını, vergiləri, Dövlət Sosial Müdafiə fonduna ayırmaları, redaksiyanın xərclərini gəlin, görün yerdə nə qalır... Reklam bazarı yox, qəzet satışı ilə isə gəlir əldə etməyin mümkün olmadığını bu sahədən azacıq anlayışı olan hər kəs bilir. Xərci borcunu ödəmir. Nə edək? Bağlayaq redaksiyaları və elə “Xalq cəbhəsi” qəzetində tam ştatda olan 11 nəfər öz işinin peşəkarı işsiz, qəzetlə əməkdaşlıq edən yazarlar isə qanorarsız qalsınlar? Bunu istəyirsiniz?
Mən hələ yayımla bağlı problemlər, qəzet satışında maraqlı olan şirkətlərin bazardan necə sıxışdırılıb çıxarıldığı, əl yayımına, metroda və digər yerlərdə qəzet satışına qoyulan qadağalar haqqında danışmadım. Əslində o qədər problem sadalaya bilərəm ki...
İndi isə KİVDF-nin qəzetlər üçün müəyyənləşdirdiyi şərtlərlə bağlı anlamadığım bəzi məqamlara diqqət çəkmək istəyirəm: Məsələn, ikinci kateqoriyaya (bu barədə danışmaq istəmirəm -E.M.) aid edilən qəzetlər üçün satış və abunənin minimum həddi hər saydan 1500, tiraj isə 2500 nəzərdə tutulub. Yəni tələb olunan satışla tələb olunan tiraj arasında 1000 qəzet nüsxəsi fərqi var. Bu isə o deməkdir ki, həftədə 3 dəfə işıq üzü görən qəzet əlavə olaraq yalnız çapa 1800 manat xərcləyir. Layihənin 6 ay müddətinə həyata keçirildiyini nəzərə alsaq, bu qeyd etdiyim zaman kəsiyi ərzində 10 800 manat vəsaitin çölə atılması deməkdir. Başa düşürəm, bu qəzetləri öz tirajlarını artırmağa məcbur etmək üçün nəzərdə tutulan tələbdir. Amma məcburiyyətlə, həm də reallıqlara uyğun olmayan məcburiyyətlə çap mediasını inkişaf etdirmək mümkün deyil. Qəzetləri sözün bütün mənalarında məcbur etmək yox, fəaliyyətlərini stumullaşdırmaq lazımdır! Stimullaşdırmaq! Yəni yanaşma, fəlsəfə dəyişməlidir. Heç olmasa 1 il ərzində fəaliyyətlərini müstəqil şəkildə qurmaları üçün vaxt və imkan tanınmalıdır qəzetlərə! Qoy özlərinə gəlsinlər, rahat nəfəs alsınlar, əzilməsinlər, düşünə bilsinlər, redaksiyalarda yaradıcı mühitin bərpasına nail olsunlar.
Bu müddət ərzində isə yayımla bağlı problemlər həll edilsin, əl yayımı, metro və digər bu kimi qapalı ərazilərdə qəzet satışına imkan yaradılsın. Sahibkarlarla görüşlər keçirilsin və onlara izah edilsin ki, çap mediası Azərbaycanın səlnaməsini qoruyub saxlayan, gələcək nəsillərə çatdıran yeganə etibarlı vasitədir və onu qorumaq lazımdır. Heç olmasa Zeynalabidin Tağıyevdən örnək götürsünlər, burjuaziyanın millisindən olsunlar, milsizindən, onurğasızından yox! İlkin mərhələdə real ictimai nəzarət mexanizmləri olan reklam və elan fondu yaradılsın, kağız üzərindən ƏDV götürülsün. Qəzet, jurnal, kitab çapı ilə məşğul olan mətbəələrə güzəştli kreditlər verilsin, vergi güzəştləri tətbiq edilsin...
Problemlərin və onların həlli üçün atılması lazım olan addımların siyahısını sonsuza qədər uzada bilərəm. Amma indiki mərhələdə buna lüzum görmürəm...
Məsələlərə kompleks yanaşmaq lazımdır, fərdi, korporativ maraqlar, şəxsi eqolar çərçivəsindən yox.
Bu qədər... Düşünürəm ki, kifayət qədər açıq və ümumi işin xeyrinə danışdım.

Dərin hörmətlə,

Elçin Mirzəbəyli
“Xalq cəbhəsi” qəzetinin Baş redaktoru,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü