Rusiya və Avropa arasında uğurlu balans siyasəti Siyasət

Rusiya və Avropa arasında uğurlu balans siyasəti

Siyasi analitik Rəhim Rəhimovun ABŞ-ın Vaşınqtonda yerləşən post-sovet məkanı üzrə ixtisaslaşmış beyin mərkəzi olan “Ceymstaun Fondu”nun “Eurasia Daily Monitoring” nəşrində dekabrın 11-də çıxan “Azərbaycan Rusiya və Avropa istiqamətində sığortalı siyasət yürüdür” başlıqlı analitik məqaləsində son aylarda Azərbaycanda və onunla bağlı cərəyan edən hadisələri ölkənin xarici siyasət gündəmi baxımından təhlil edilib. Məqalədə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaza səfəri təhlil edilir. Müəllif yazır: “Dekabrın 2-3-də Azərbaycana səfər edib. O, bundan öncə noyabrın 11-də İrəvanda səfərdə olmuşdu. Onun Yerevan səfəri Bakıda ciddi narazıılıq doğurub. Belə ki, Lavrov Qarabağın etnik erməni əhalisini “Dağlıq Qarabağ xalqı” kimi qeyd edib və dolayısı ilə Azərbaycan ərazisindəki separatçıların gələcəkdə danişiqlar masasına üçüncü tərəf kimi daxil edilməsinin mümkünlüyünü bildirib. Lavrov Bakıda Azərbaycanın bu məsələdəki incikliyini yumşaltmağa cəhd etdi, amma buna o qədər də müvəffəq olmadı. Çünki, bir tərəfdən, Rusiyanın baş diplomatı ehtiyatlı davranaraq “Qarabağ icmaları” və “Qarabağın bütün əhalisi” kimi Azərbaycan üçün qəbuledilən ifadələr seçdi. Lakin Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun substantiv danışıqların zəruruliyini vurğuladığı halda, Lavrov azərbaycanlı və erməni icmaları arasında humanitar əlaqələrin qurulmasına dəstək ifadə etdi. Bu tip addımlara isə Bakıda Azərbaycanın maraqlarına zidd olaraq status-kvonun uzadılmasına və dövlət səviyyəsində substantiv danışıqlardan yayınmağa xidmət edən yanaşma kimi baxılır”. Müəllif noyabrın 20-25-də Azərbaycanın Birinci Vitse-Prezident Mehriban Əliyevanın Rusiyaya yüksək səviyyəli rəsmi səfərindən bəhs edir: “Onu Prezident Vladimir Putin və Baş Nazir Dmitri Medvedev çox xoş qarşıladılar. Putin təltif etdiyi “Dostluq” ordenini ona şəxsən təqdim etdi. Prezident İlham Əliyevdən sonra Azərbaycanın ikinci ən mühüm dövlət xadimi kimi qəbul edilən Mehriban Əliyevanın səfərinə Rusiya mediası da böyük diqqət ayırdı. Rusiyanın əsas dövlət xəbərlər agentliyi olan TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman özü şəxsən Mehriban Əliyevadan müsahibə aldı. Müsahibə TASS, hökumət qəzeti “Rossiyskaya qazeta” və Rusiya dövlət televiziya kanalı “Rossiya 24” tərəfindən birlikdə keçirilib”. “Azərbaycanın birinci vitse-prezidenti ilə görüşü zamanı Putin azərbaycanlı həmkarı İlham Əliyevin Avrasiya İqtisadi İttifaqının dekabr 20-də Sankt Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyinə ümidvar olduğunu bildirdi. Müstəqil Dövlətlər Birliyinin (MDB) oktyabrın 11-də Aşqabadda keçirilən sonuncu sammitində Putin MDB-nin Avrasiya İttifaqının üzvü olmayan ölkələrinin başçılarını Sankt Peterburqdakı qeyri-rəsmi toplantıya dəvət etmişdi. Bu dəvət özündə prezident Putinin 18 Yanvar 2018-ci ildə etdiyi “Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyinin daha dərindən cütləşdirilməsi” çağırışını əks etdirir” - deyə, müəllif vurğulayır. Politoloq məqalədə Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyindən bəhs edib: “MDB-nin 11 Oktyabr Aşqabat sammitində prezident Əliyev Ermənistanı İrəvanın mərkəzində Qaragin Njdeyə heykəl qoymaqla nasizmi tərənnüm etməkdə ittiham etdi və Ermənistan hakimiyyətini onu sökməyə çağırdı. Njde Ermənistanda “milli qəhraman” hesab olunur. Onun 1918-1921-ci illərdə Ermənistan respublikasının yaradılmasındakı rolu da xüsusi vurğulanır. İkinci dünya müharibəsi zamanı o, qəti surətdə düşmən dövlətlərə kömək etməyə səsləyirdi. Bu səbəbdən də o, nasist Almaniyası ilə əməkdaşlıq etdiyinə görə Sovet hakimiyyəti tərəfdən həbs edilib və həbsxanada ölüb. Rusiyanın Armavir şəhərində Njdeyə qoyulmuş xatirə lövhəsi noyabrın 30-da söküldü. Lövhənin sökülməsi Ermənistanda Rusiyaya qarşı qəzəb doğurdu və Rusiya yazıçısı və diplomatı Aleksandr Qriboyedevin heykəlinə qarşı vandalizm aktı törədildi. Ermənistanın Xarici işlər naziri Zöhrab Mnasakanyan Njdenin xatirə lövhəsinin sökülməsini “qəribə hadisə” adlandıraraq pisləyib. Hadisələrin bu cür inkişafı fonunda, Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan dekabrın 4-də Mehriban Əliyevaya qarşı təxribatçı bəyanat səsləndirərək, Azərbaycanın birinci vitse-prezidentini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə “qonaq dəvət edib”. Akopyanın sözləri ümumən qəbul olunmuş diplomatik etiketdən və Qarabağ münaqişəsinin nizamlanması prosesinin ruhundan kəskin surətdə sapmaqdır. Bu insident İrəvanın hər iki hadisədən - həm Əliyevanın Moskva səfərindən, həm də Njdenin xatirə lövhəsinin sökülməsindən doğan qeyzlənməsinin daha bir əlamətidir”. “Son bir neçə ayda baş verənlər yenidən göstərdi ki, Moskvanın gah İrəvanin, gah da Bakının könlünü alması istiqamətində səyləri rutinə çevrilib. Bu yanaşma erməni ekspert, hal-hazırda isə Ermənistan prezidentinin köməkçisi vəzifəsində işləyən Eduard Abrahamyanın Qarabağda “simmetrik separatizm” adlandırdığı tendensiyaya uyğundur. Həmin fikrə görə, Rusiya Qarabağdakı separatçı qurum və Ermənistan arasında “separatizm” yetişdirməyə çalışır, halbuki Moskvanın mövqeyi Azərbaycana qarşı Qarabağda separatizmin formalaşmasında xüsusi rol oynayıb. Belə mürəkkəb diplomatik hərəkətlərin cərəyan etdiyi bir zamanda, Azərbaycan prezidenti noyabrın 26-da etdiyi çıxışı zamanı “Biz qətiyyən oraya (Avropaya) inteqrasiya etməyəcəyik” bəyanatını səsləndirdi. Bu Gürcüstan, Moldova və Ukraynadakı oxşar münaqişələrdə tutduğu daha sərt mövqelərlə müqayisədə Avropa İttifaqının Qarabağ məsələsində tam aydın olmayan münasibətinə, eləcə də prezident əvvəllər Avropanın Bakıya verdiyi “birtərəfli təlimatlar siyahısı” kimi təsvir etdiyi məsələyə cavab olaraq edilmiş sərt bir qınaqdır. Ondan əlavə, prezident çıxışında ölkədaxili proseslərə, o cümlədən hökumətdəki dəyişikliklər və islahatlar mövzusuna toxunub. 2020-ci ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Prezident Əliyev oktyabrın 15-də hökumət daxilində islahatlara qarşı çıxanların olduğunu açıq şəkildə dilə gətirib və onlara xəbərdarlıq edib” - politoloq qeyd edir. Məqalədə qeyd olunur ki, Rusiya ilə münasibətlərin intensivləşdiyi, Avropadan naraziliğın olduğu və ölkədaxili dəyişikliklərin baş verdiyi bu həssas dönəmdə, Azərbaycanı Avropaya inteqrasiya etməsə belə, ən azından enerji sahəsində Avropaya daha sıx bağlayacaq daha bir önəmli tədbir baş tutdu: “Belə ki, noyabrın 30-da Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP layihəsinin Avropaya birləşən hissəsinin açılışı oldu. Artıq mövcud olan Bakı-Tbilisi-Ceyhan neft kəməri dədaxil olmaqla, bu enerji layihələri Azərbaycanın fəxrlə özünün “müstəqil xarici siyasəti” adlandırdığı xəttin özülündə dayanır. Bakı həm də yaxşı bilir ki, regionda mühüm rıçaqlara malik böyük hərbi güc olsa da, Rusiyanın iqtisadiyyatı İtaliyanın iqtisadiyyatından da kiçikdir. Bu ilin əvvəlində, prezident Əliyev bildirib ki, Azərbaycan “balanslaşdırlımış xarici siyasət” deyil, milli maraqlara söykənən siyasət yürüdür. Onu da nəzərdə tutaraq, Azərbaycanın hazırki xarici siyasət gərilmələrini Rusiya və Avropanın maraqlarının ənənvi qaydada balanslaşdırılması kimi yox, onlardan gələn riskləri sığortalamaq cəhdi kimi xarakterizə edilə bilər”.