“BTQ XXI əsrin ən böyük layihəsidir” Siyasət

“BTQ XXI əsrin ən böyük layihəsidir”

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə düşməsi ölkələrarası ticarətin inkişafına səbəb olub". Bunu report-a açıqlamasında Türk Dünyası Parlamentlər Birliyinin baş koordinatoru, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, "Dəmir İpək Yolu" adlandırılan BTQ XXI əsrin ən böyük layihəsidir: "Layihənin məqsədi Gürcüstan üzərindən Türkiyə ilə Azərbaycan arasında dəmir yolu bağlantısını qurmaq, beləliklə, sərnişin və yükləri Azərbaycandan Orta Asiyaya və Çinə, həmçinin digər istiqamətdən Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Layihə Azərbaycan-Gürcüstan və Türkiyə üzərindən Pekin və London arasında dəmir yolu xətti quraraq karqo və yükdaşıma məqsədinə istiqamətlənib. BTQ dəmir yolu xəttinin yaradılması ilə bağlı işlərə mən Bakıda səfir ikən başlanılmışdı, bu baxımdan layihə mənim üçün xüsusi önəm kəsb edir. Buna görə layihənin icrası ilə bağlı bütün mərhələləri yaxından izləmişəm. BTQ Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsləri və əməkdaşlıqları nəticəsində reallaşıb. Bununla üç ölkə arasında yaxın və məhsuldar əməkdaşlıq həyata keçirilib. Layihənin reallaşması üçün Azərbaycan Gürcüstana çox aşağı faizlə kredit verib və bütün reallaşma mərhələlərini yaxından izləyib".
O əlavə edib ki, gələcəkdə BTQ ilə daşınacaq yüklərin miqdarı çox olacaq və yükdaşıma tarifləri daha da sərfəli olacaq: "Həmçinin çatdırılma müddəti qısaldılacaq, beləliklə, məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bu vəziyyət az da olsa, məhsulların qiymətini azaldacaq. BTQ dəmir yolu xətti Azərbaycan üçün nə qədər vacib əhəmiyyət daşıyırsa, Türkiyə üçün də bir o qədər əhəmiyyətə malikdir. Nəticədə əsrin ən böyük dəmir yolu xətti layihəsinin Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin, ümumilikdə, dünyada ticarətin inkişafına qatqıları olacaq. Həmçinin layihənin reallaşdırılması bir daha iki qardaş ölkə arasında əməkdaşlığın önəmini və gücünü dünyaya sübut edib. Bu mənada Azərbaycanın ərazisinin təcavüzə məruz qalmasına baxmayaraq, dünyaya energetika layihələrində olduğu kimi, dəmir yolu layihəsində də potensialını göstərib".
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.