Türkiyənin “Davudoğlu travması” Siyasət

Türkiyənin “Davudoğlu travması”

Elxan Şahinoğlu: "Sürix protokollarına Davudoğlu imza atmış olsa da, bu proses ondan əvvəl başlanmışdı"

Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin yeni Baş naziri təyin olunandan sonra onun bu posta nə qədər uyğun olub olmaması, həmçinin Türkiyənin Azərbapycanla əlaqələrinə nə kimi töhfə verəcəyi müzakirə olunur.
Xatırladaq ki, yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir olacağını bildirib. Bundan əvvəl avqustun 21-də yeni baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Davudoğlunun namizədliyi irəli sürülüb. Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.
Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun baş nazirliyə yeganə namizəd olmasına münasibət bildirib. MHP lideri bu hadisəni Türkiyə üçün travma adlandırıb: "Qlobal planların regional müstəvidə təqib edilməsinə bütün gücüylə enerjisini sərf edən Əhməd Davudoğlunun baş nazir olması ölkəmiz adına travmadır. 2009-cu ildən etibarən ölkənin xarici işlər naziri vəzifəsini icra edən Əhməd Davudoğlunun siyasi keçmişi fəlakət və fantaziya ilə xatırlanmaqdadır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Türkiyədə baş nazirlik məsələsi ilə bağlı vəziyyəti şərh edərkən deyib ki, Davudoğlunun baş nazirliyə Ərdoğan tərəfindən irəli sürülməsi suallar doğurur: "Əslində o, Ərdoğanın istədiyi xarici siyasəti yürüdürdü. Ancaq Ərdoğan Abdulla Gülü yox, Əhməd Davudoğlunu baş nazir kimi irəli sürdü. Çünki Ərdoğanın Fətullah Gülənlə davasında Əhməd Davudoğlu ona yaxın oldu. Abdulla Gül isə bu qarşıdurmada neytral mövqe saxladı".
Onun sözlərinə görə, Davudoğlunun baş nazir olması Azərbaycan üçün xeyir gətirə bilər. Elxan Şahinoğlunun fikrincə, hazırkı xarici işlər naziri Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı İsveçrədə Sürix protokollarına imza atmış olsa da, bu proses ondan əvvəl başlanmışdı: "Ona qədər Ermənistanla təmaslar olmuşdu. Həmin dövrdə Türkiyənin xarici işlər naziri Əli Babacan danışıqlarda iştirak edirdi. Və Davudoğlu Sürix protokollarını imzalayanda Azərbaycan tərəfindən kəskin etirazlar oldu. Azərbaycanın təzyiqləri qarşısında Ərdoğan geriyə addım atdı. Azərbaycanla razılaşdılar. Ondan sonra Ərdoğan Bakıya gəldi, ardınca dəfələrlə Davudoğlu Azərbaycana səfər etdi. Bu da Davudoğlunun ölkəmizlə əlaqələrini yaxşılaşdırdı. Hər şey öz məcrasına qayıtdı, Elmar Məmmədyarovla təmaslar quruldu. O baxımdan Davudoğlunun baş nazir olması Azərbaycana xeyir gətirə bilər. Çünki ölkəmizi yaxşı tanıyır, əlaqələr var, Azərbaycanın maraqlarına zidd addım atacağını düşünmürəm".
Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimlinin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu müddətdə Türkiyə regional dövlətə çevrilib, iqtisadiyyatı xeyli inkişaf edib, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşıb: "Bundan başqa PKK problemi qismən həll edilib, ölkədə uzun müddət davam edən terror aktlarının qarşısı alınıb. Türkiyə bölgədəki hadisələrin axınında üzən yox, bu axını diqtə edən ölkəyə çevrilib". Mütəllim Rəhimli bildirib ki, Ərdoğan prezident seçildikdən sonra yeni Türkiyə layihəsinə start veriləcəyini bəyan edib: "Onun indiyədək aparılan siyasətin yeni mərhələyə çıxacağını söyləməsi göstərir ki, Türkiyə islahatlara davam edəcək. Dinamik, dəyişən, dünyada baş verən hadisələrin nəbzini tutmağa hesablanan, milli maraqlara uyğun siyasət nəinki davam etdiriləcək, həmçinin öz daxilinə yeni çalarlar qataraq daha mükəmməl nəticələrə nail olmaq əzmi görünməkdədir".
Politoloq onu da deyib ki, Azərbaycan və Türkiyə xalqlarının münasibəti hakimiyyətlərdən asılı deyil: "Biz soykökü eyni olan xalqlarıq. İqtidarlar münasibətlərin inkişafına ya təkan verə, yaxud müvəqqəti olaraq onu yubada bilər. Ümid edirəm və inanıram ki, qardaş ölkədə hakimiyyətə gələn prezident və qurulacaq yeni hökumət Azərbaycanın maraqlarını bundan sonra da müdafiə edəcək. Xüsusilə Dağlıq Qarabağ probleminin həllinə dəstək göstərəcək. Və bu dəstəyin daha da artacağını gözləyirəm. Güclü Türkiyənin bölgədə sabitlik və sülhün qarantı olacağı düşüncəsindəyəm".
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu isə hesab edir ki, Əhməd Davudoğlunun baş nazir təyin olunması Ərdoğan siyasətinin bundan sonra davam ediləcəyi anlamını verir: "Bu gün Türkiyə də ziddiyətli dövrlərini yaşayır. Bir yanda mühafizəkarlar və ortodoks İslam, digər yandan dünyəvilik və kamalizm tərəfdarları, eləcə də kürd problemi Türkiyədə daxili vəziyyəti kritik həddə gətib çıxarıb. Eyni zamanda qonşuları ilə yaranmış soyuqluq və gərginlik Davudoğlunu ciddi sınaqlar qarşısında qoyur. Məncə, Türkiyənin bundan sonra da yürədəcəyi siyasətin ana xətti sadaladığım daxili və xarici ploblemlərin nizamlanması istiqamətində olacaq. Məncə, Davudoğlu zamanında "qonşularla sıfır problemi"ni yenidən gündəmə gələ bilər. Bu da Ermənistanla sərhədlərin açılması məsələsini yenidən aktuallaşdırar. Azərbaycan buna hazır olmalıdır".
Əli Oruclunun sözlərinə görə, bu dönəm ərzində rəsmi Təl-Əviv - Ankara arasında münasibətlərin yoluna qoyulması üçün təşəbbüslər də artacaq: "Çünki İsraili hədəf etmək parlament seçkilərinədək AKP-nin maraqlarına uyğun deyil".

Əli