Prezident tapşırıq verib Siyasət

Prezident tapşırıq verib

Eldar İbrahimov: ""Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun yenidən hazırlanır"

Ölkə prezidentinin 16 aprel 2014-cü il tarixli fərmanı ilə əlaqədar nəzərdə tutulan bir çox məsələlər Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə, Prezident Administrasiyasının (PA) müvafiq şöbələrinə tapşırılıb.
Konkret olaraq tapşırılıb ki, "Kənd təsərrüfatı kooperasiya haqqında" qanun layihəsi yenidən hazırlansın.
Bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Komitə sədri deyib ki, uzun müddət bu sahədə təcrübə öyrənilib, müvafiq qanun layihəsi hazırlanıb və hətta, Milli Məclisdə birinci oxunuşdan keçib: "Ancaq sonra bu sənəddən irəli gələn bir sıra məsələlərlə əlaqədar olaraq onun qəbulunu dayandırdıq. İndi artıq prezident öz fərmanında bunu qeyd edib və Prezident Administrasiyasının müvafiq şöbələrinə göstəriş verilib ki, 6 ay müddətində bu yöndə yeni qanun layihəsi hazırlansın".
Komitə sədrinin sözlərinə görə, yeni variantda əvvəlkindən elə də ciddi fərqlər, dəyişikliklər olmayacaq: "Yeni qanunun hazırlanması üçün 6 ay müddəti verilmişdi və həmin müddət də oktyabrda qurtarır. Sadəcə, müəyyən xırda dəyişikliklər olacaq. Nə dəyişiklik də olacaqsa, qoy PA-nın müvafiq şöbələri öz layihəsini təqdim etsinlər. Biz də ona baxar, lazım gələrsə, müəyyən məsələlərin dəyişikliyində qanun layihəsini göndərən şöbələrlə yenidən məsləhətləşərik, götür-qoy edərik və sonda onu parlamentdə qəbul edərik".
Komitə sədri deyib ki, çünki bu, çox vacib bir qanundur və mütləq parlamentdən keçirilməlidir: "Qanunun vacibliyi haqqında da dəfələrlə danışmışam. Çünki xırda təsərrüfatlar kənd təsərrüfatı məhsulları istehsalında artıq o qədər də səmərə vermir. Ona görə də bu xırda 3 hektar, 5 hektar, 10 hektar sahələr birləşib min hektar olmalıdır və min hektara çəkilən xərc də, burdan gələn gəlir də, necə deyərlər, heç olmasa sonda xərci borcunu ödəyəcək. Yəni, burada qazanc əldə olunacaq. Amma 3 hektar sahənin çox böyük xərci var - bunun suvarması , su pulu , əməkhaqqısı var, taxılbiçən kombayn lazımdır taxılı biçsin.
Kimsə indi əllə, oraqla, kərənti ilə gedib ot biçəsi deyil ki, taxıl biçəsi deyil ki? Ona görə bu xərclər yığışanda, heç bir qazanc olmur. Amma bu kooperasiya sistemi böyük bir sistemdir. Bu gün kimsə üzüm istehsal edir, buyursun, mini şərab zavodları var, şərab zavodu ilə gedib müqavilə bağlasın, üzümün versin, axırıncı məhsul kimi şərab baha satılır, oradan gəlirini əldə etsin. Məsələn, bu gün Qubada almanı, xüsusilə, yayda heyvanlara verirlər. Amma qubalı istəyir məhsulunu saxlasın, qışda baha qiymətə satsın, axı, zəhmət çəkib, məhsul becərib?!
Əslində bu, belə də olmalıdır və bu zaman o, saxlanma kamerasına gedir müqavilə bağlayır, malını orada saxlayır, qışda çıxarır satır. Həm də bu, belə deyək, əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasıdır. Özü də bu, mövsümü xarakter daşımamalıdır. Qışda da bizim özümüzdə istehsal etdiyimiz məhsullar olmalıdır. Biz kənd təsərrüfatı məhsullarını bu yolla artırılmaqla, həm də əhalimizin sağlamlığını qorumaq üçün xaricdən gələn geni dəyişdirilən məhsullardan qurtula bilərik.
Yadınızdadırsa, ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında qanun qəbul etdik. Bu qanun qəbul olunanda bir çox həmkarlarımız gülürdülər ki, o qanun nəyə lazımdır. Ancaq həyat göstərdi ki, buna doğrudan da ehtiyac varmış, biz düzgün addım atmışıq".
E.İbrahimovun bildirdiyinə görə, Azərbaycan yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə xarici bazara çıxa, xarici bazara yiyələnə bilər: "Bizim keçmişdən, belə deyək, əsas bazarımız Rusiya idi. Həmçinin, xeyli məhsullarımız qalır əlimizdə ki, biz bir yerə çıxara bilmirik. Ancaq şükürlər olsun ki, artıq Rusiya bazarını açıb və bu gün istehsalçılarımız Rusiya bazarlarına çıxa bilirlər.
Amma onu da deyim ki, bizim bazara təsir, nəzarət edəcək orqanlarımız var, onlar proseslərə nəzarət etməlidirlər ki, orada alverçilərin qarşısı alınsın. Yəni, kəndçidən ucuz alıb baha satan adamların qarşısı alınsın.
Amma əsas məsələ ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulu istehsal edən insan, kooperativ və yaxud , mülkiyyətçi, şəxsi mülkiyyət sahibi əgər istehsal edib malı sata bilmirsə, gələcəkdə onu məhv edəcək. Onunla da kənd təsərrüfatı məhsulları azalacaq.
Amma maraq, stimul yaranması üçün birinci növbədə bazardır. İndi şükürlər olsun ki, bazarlar artıq açılır və biz ancaq yaxşı, keyfiyyətli, ekoloji təmiz kənd təsərrüfatı məhsulu çıxarmaqla bazarı qazana bilərik... İndi dünyanın hər yerində standart var. Misal üçün mən xaricə gedəndə həmişə gedirəm supermarketlərə, baxıram kənd təsərrüfatı məhsullarının standartına. Görürəm pomidorlar hamısı eyni böyüklükdə və yaxud, şaftalı hamısı eyni böyüklükdə.
Yəni, bunların bir standartı var. O standarta uyğun olmalıdır. Biri böyük, biri balaca, biri nə bilim filan olanda, görürsən ki, alıcılar o qədər buna getmir və bu standartlara da əməl etmək üçün o standartlara cavab verən məhsul istehsal etməliyik. Bu da ancaq və ancaq ekoloji təmiz kənd təsərrüfatından keçir".