Hikmət Babaoğlu: Prezidentin sərəncamı səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir Siyasət

Hikmət Babaoğlu: Prezidentin sərəncamı səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir

Azərbaycan Prezidentinin Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı hər şeydən öncə səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə əsgərlərimiz, həkilmlərimiz və digər tibbi xidmət personalımızdır:
“Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda bir qədər də təzyiq altında olurlar. Çünki hər birimizin onlardan gözləntilərimiz olduqca böyükdür. Belə vəziyyətdə tibbi xidmət sahəsində fədakar əmək sərf edən vətəndaşlarımız əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar”.
H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarının üç, beş dəfə artırılması da məhz bu kimi problemləri həll etmək istiqamətində atılan addımdır:
”Bu sərəncam təkcə tibb işçilərinə qayğı kimi deyil, eləcə də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də Prezidentin sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər”.
Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.