“Şərq tərəfdaşlığı” üzrə növbəti görüş Siyasət

“Şərq tərəfdaşlığı” üzrə növbəti görüş

Ermənistan XİN rəhbərlərinin Bakı toplantısına qatılmayıb

Dünən Bakıda Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçirilib. Görüşün əsas məqsədi Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq tərəfdaşlığı ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılmasıdır.
Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldova baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Natalia Qerman, Gürcüstanın xarici işlər naziri Maya Pandcikidze, Belarusun xarici işlər nazirinin müavini Yelena Kupçina, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidməti baş katibinin müavini Helqa Şmid iştirak edirlər.
Xatırladaq ki, Şərq Tərəfdaşlığı proqramında Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Belarus təmsil olunur. Ermənistan Bakı görüşündə iştirak etmir.
Tədbiri açan Elmar Məmmədyarov deyib ki, bu görüş Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsinin aparılmasına, onların Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsinə imkan yaradacaq.
Nazir bildirib ki, Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib.
Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle çıxışında qeyd edib ki, Aİ-nin tərəfdaş ölkələrinin suverenliyi və müstəqilliyinin təmin olunması üçün enerji təhlükəsizliyi vacibdir. O deyib: "Bizim qeyri-formal görüşümüzdə məqsəd tərəfdaş ölkələrin, o cümlədən Ukraynanın mövqelərinin gücləndirilməsidir".
Ş.Füle regiona sülh gətirilməsinin yollarını tapacaqlarına ümidini ifadə edib. Onun sözlərinə görə, altı tərəfdaş ölkənin hamısı Avropa İttifaqı üçün eyni dərəcədə vacibdir, həmçinin onların müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü önəmlidir: "Mən çox ümid edirəm ki, bu görüşdən sonra biz regiona sülhün gəlməsi və sabitliyin bərqərar olması üçün Aİ-nin istədiyi və bizim edə biləcəyimiz barədə daha yaxşı anlayışa malik olacağıq".
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helq Şmidt isə vurğulayıb ki,
Avropa İttifaqı Şərqi Avropadan olan tərəfdaşları ilə siyasi assosiasiyaların, iqtisadi inteqrasiyaların irəlilədilməsinin davam etdirilməsinə əvvəlki kimi qətiyyətlə sadiqdir: "Biz xarici siyasət və təhlükəsizliyin bir sıra məsələləri üzrə əməkdaşlığımızın və koodinasiyamızın gələcəkdə möhkəmlənəcəyinə çox inanırıq".
Şmidtin sözlərinə görə, onun Bakıda vətəndaş cəmiyyətinin qadın nümayəndələri ilə çox maraqlı görüşü olub. Görüşdə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi məsələləri və bütün dünyada qadınların problemləri müzakirə olunub.