“Tarixçilərimiz gərək bu faktları cənab Trampa təqdim etsinlər” Siyasət

“Tarixçilərimiz gərək bu faktları cənab Trampa təqdim etsinlər”

Ayudın Quliyev: “Erməniləri 100 il əvvəl “öldürən” və bu gün onlara “yas tutanlar” eyni qüvvələrdir”

“ABŞ və Fransa prezidentləri Türk dünyası ilə olan-qalan bağlantıları da üzdü – saxta erməni “genosidinə” görə dəyərdimi... Daha böyük tarixi rüsvayçılıq Makronun məktubundadır”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib. A.Quliyevin sözlərinə görə, cənab Tramp yazır ki, milyon yarım erməni Osmanlı dövləti tərəfindən qətl və deportasiya olunub: “I Dünya müharibəsi vaxtı Türkiyədə milyon yarım erməninin yaşaması məlumatının özü alimlər tərəfindən inandırıcı faktlarla rədd edildiyi halda, bu qədər erməni necə qətl edilə bilərdi?! 100 il sonra indi-indi Ermənistanda erməninin sayı 2,5 milyona çatdırılıbsa, o zaman Türkiyədə 1,5 milyon erməni nə gəzirdi? Tramp daha sonra ermənilərə və suriyalılara kömək üzrə Erməni Milli Komitəsinin qurucularına təşəkkür edir ki, “siz qaçqın ermənilərə Amerikada sığınacaq verib himayə etdiniz...” Həqiqətən də 1890-cı illərdən, yəni I Dünya müharibəsindən çox əvvəl Osmanlıdan ABŞ-a ermənilərin köçünün təşkili başlayıb, bəli, məhz təşkili... I Dünya müharibəsi zamanı isə bu proses daha da intensivləşdirilib. İndi bizim tarixçilər buyurub Trampın qabağına fakt qoysunlar ki, bu erməni köçünü kim və niyə təşkil edirdi. Mən ipucu verə bilərəm. I Dünya müharibəsindən sonra böyük Atatürkün murdar kağız parçası kimi cırıb ayaqlarının altına atdığı “Sevr müqaviləsi” əsasında Şərqi Anadoluda 6 Türk vilayəti hesabına qondarma erməni dövləti qurmaq üçün əldən-ayaqdan gedən “Vilson planı”nın arxasında kimlər var idisə, onlar idi saxta erməni köçünü təşkil edənlər. 1895-ci ildə Osmanlıda guya erməni “soyqırımı” barədə bir Amerika missioneri Qrin və saxta faktlar əsasında ilk kitab “Erməni qətliamı və Məhəmmədin qılıcı”-nı yazdıranlar və elə bu ildə də məsələni tarixdə ilk dəfə Amerika konqresinin müzakirəsinə çıxaranlar olub Osmanlı dönəmində saxta erməni köçünü təşkil edənlər. Kitabda yazılır ki, guya Türkiyənin Bitlis şəhərinin Sason vilayətində 1893-1894-cü illərdə türklər 10 min nəfər ermənini öldürüblər. Halbuki, həmin hadisə şaiyə kimi yayıldıqda Osmanlı sultanı Əbdülhəmid 1895-ci ildə İngiltərə, Fransa, Almaniya və Rusiyanın səfirlərindən ibarət komissiya yaradır və Bitlisə göndərir. Və həmin səfirlər aydınlaşdırır ki, orada 10 min yox cəmi 50 nəfər erməni ölüb. Həmin 50 nəfər şəxslərin içində erməni də, kürd də, türk də var. Həmin kənddə ermənilər kürdlərə basqın edirlər. Kürdlərin müdafiəsinə də türk polisləri qalxanda ermənilər türk polisinə qiyam qaldırıblar. O qiyamın yatırılması zamanı 50 nəfər ölüb. Hadisə bundan ibarətdir. Qurulan bu plan Osmanlını dövlət vahidi kimi parçalamaq, bu mümkün olmadıqda isə (necə ki, mümkün olmadı) gələcək Türkiyə dövləti əleyhinə ağır ittiham platforması yaratmaq idi”.
Politoloq vurğulayıb ki, tarixçilərimiz gərək bu faktları cənab Trampa təqdim etsinlər və bütün dünya görsün ki, erməniləri 100 il əvvəl “öldürən” də, bu gün onlara çirkab rəngində göz yaşları ilə “yas tutanlar” da eyni qüvvələrdir: “Əvvəlcə ermənilərin Osmanlıdan saxta köçünü təşkil edərək, ardınca da “Türklər genosid törətdi” kimi hay-küyə başlayıblar. 1890-cı illərdə bu saxta köç oyununu əvvəlcə Osmanlıdakı yunanların üzərində qurmaq istəyirdilər, yunan Pravoslav kilsəsi “bizim dini hakimiyyət coğrafiyamıza müdaxilə etməyin” bəyanatı verən kimi planlar bütün tarixi şəraitlərdə hamıya satılmağa ən hazır toplum sayılan ermənilərin üstünə yönləndirilib. IV-VI əsrlərdə Bizansla Sasani dövləti arasında min cür xəyanət oyunlarına gedən ermənilər deyildimi? Şübhəsiz olanlar ermənilərin hər il göz yaşları ilə qeyd etdikləri “Müqəddəs Sarkis” əfsanəsinin motivlərinə bir daha baxsınlar. VI əsrdən başlayaraq ermənilərin bu dəfə ərəblərlə Bizansın arasında hansı xəyanət oyunları oynadıqlarını da əlavə edək. Zəncir bitmir, davamı da var. Ermənilərin üstündə 100 il əvvəl saxta köçün təşkili kimi oyun oynayanların, heç şübhəsiz, tarixdəki toplum – erməni xəyanətlərindən dəqiq xəbərləri var imiş. Yunanlar getməyib, lakin ermənilər 100 il əvvəl bu oyuna getdi".
A.Quliyev qeyd edib ki, keçək Fransa prezidenti Makronun ermənilərə 24 aprel məktubuna: “Dünya tarixində misilsiz bir yalanın üzdəniraq simvolu olan 24 apreli Fransada rəsmən “Xatirə günü” elan etməsi ilə “qürur” duyan Makron daha bir saxta fakt da uydurub. Makron yazıb ki, Konstantinopolda 600 erməni ziyalısının qətli ilə guya 24 aprel “genosidi” başlayıb. Rüsvayçılığa baxırsınızmı? Türk dünyasının tarix araşdırmaçılığı ilə məşğul olan bütün alimlərdən soruşuram ki, indiyə qədər belə “fakt” eşitdinizmi? Makronun yarımçıq və motivi kirli maliyyə mənbələrinə bağlı “biliklərini” alt-üst etməyi də dəyərli alimlərimizin ixtiyarına buraxdım. Ancaq mən “nələrəsə” xidmət edən yox, xalis elmə xidmət edən alimlərimizi nəzərdə tuturam. Nəhayət, Makronun “105 illikməktubundan” son İBRƏTAMİZ məqamı da xatırladım. “Prezident-alim” yazır ki, hansı çətinliyin olmasından asılı olmayaraq, Fransa həmişə Ermənistanın yanındadır. Yəni diplomatik dildə desək, tək “genosid” məsələsində yox, hər şeydə...
Bütün bunlara rəğmən, Qarabağ məsələsinin həllində “obyektiv vasitəçi” olaraq Fransaya bəslənilən ümidlərin əsası və gələcəyi varmı...!?”