Qlobal həmrəyliyə töhfənin Azərbaycan nümunəsi Siyasət

Qlobal həmrəyliyə töhfənin Azərbaycan nümunəsi

Hər bir xalqın tarixi, keçdiyi yol onu təmsil edən fərdlərin dünyagörüşünə, həyat tərzinə ciddi təsir göstərir. Tarix toplumun dünənini ifadə etsə də bu gününü və sabahına aparan yolun müəyyən edilməsində müstəsna rol oynayır. Bu gün birgəyaşayışımızı və içində yer aldığımız ictimai-siyasi münasibətlər sistemini təşkil edən dəyərlər, qan yaddaşımıza, dünyagörüşümüzə yazılmış kodekslər məhz tarix boyu kiçikdən böyüyə qədər yaşadığımız hadisələrin izləridir. Təbii ki, bu izlərin arasından xalqımızın həyatında baş verən qlobal hadisələrin, parçalanmaların, məğlubiyyətlərin əsas səbəblərindən biri kimi daha qabarıq görünənləri də var.
Onlardan biri və bəlkə də birincisi XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən başlayaraq yaxın tariximizdən qızıl xətt kimi keşən milli birlik və həmrəylik ideyasıdır.
Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolda ən önəmli mərhələlərdən biri məhz imperiyalarının “parçala və hökm sür” siyasətinin nəticəsi olaraq, öz tarixi vətənlərində, lakin ayrı-ayrı dövlətlərin vətəndaşı olaraq yaşayan, dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlıların həmrəyliyinə və milli birliyinə nail olunması, yurddaşlarımız arasında mənəvi bağların qırılmaması, vahid Azərbaycançılıq məfkurəsinin ölkədən-ölkəyə, qitədən-qitəyə yayılması üçün başladılan proses oldu...
Çağdaş Azərbaycan dövlətçiliyinin təməl ideoloji sütunlarından birinə çevrilən milli birlik, həmrəylik ideyası sonrakı mərhələdə daha geniş miqyasda özünü büruzə verdi, həm ortaq dil, mədəniyyət, tarix, həm də yaxın qonşuluq, regional əməkdaşlığın genişləndirilməsi müstəvisində çoxsaylı layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Dünya Azərbaycanlılarının bir araya gətirilməsinə xidmət edən proses daha qlobal, daha bəşəri ideyalarla zənginləşərək, Prezident İlham Əliyevin şəxsində dünyaya insanlığı ciddi çağırışlar qarşısında qoyan təhdidlərə qarşı birgə mübarizə aparmağın vacibliyi mesajlarını verdi, əməli addımlarla daşıdığı və elan etdiyi prinsiplərə sədaqətini nümayiş etdirdi.
COVİD-19 virusunun ölkə sərhədlərindən içəri ayaq açdığı ilk günlərdən dövlətimizin təkcə öz vətəndaşlarının deyil, bütün insanlığın taleyini düşünərək, yardımsevərliyini, humanizm prinsiplərinə sadiqliyini göz önünə sərgiləməsi, Azərbaycanda ardıcıl olaraq keçirilən beynəlxalq humanitar və mədəniyyətlərarası forumların, Bakının qlobal problemlərin müzakirə olunduğu bir məkana, dialoq platformasına çevrilməsinə zəmin yaradan tədbirlərin davamı kimi sözümüzlə əməlimizin bir-birini tamamladığı gerçəkliyini ortaya qoydu. Eyni birlik və ittifaqlarda, hərbi-siyasi platformalarda təmsil olunan dövlətlərin koronavirus təhlükəsi qarşısında “mənim evim-mənim qalam” prinsipi ilə çıxış edərək, hətta ən yaxın qonşularına belə yardım göstərməkdən imtina etdiyi bir zamanda, Azərbaycan öncə dara düşən qonşusuna yardım əlini uzatdı, daha sonra isə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları vəsait ayırmaqla qlobal məsiliyyət hissinin ərazisinə, əhalisinin sayına və iqtisadiyyatının həcminə görə özündən dəfələrlə böyük olan dövlətlərdən üstün olduğunu bir daha sübuta yetirdi.
Azərbaycanın koronovirusla mübarizə tədbirləri çərçivəsində irəli sürdüyü təşəbbüslərin də, özünü daha öncə qeyd etdiyim ardıcıllıqla büruzə verməsi, diqqəti xüsusilə cəlb edir. Bu çox önəmli məqamdır və ilk növbədə dövlətin öz siyasətində tarixi ənənələrə, prinsiplərinə, prioritetlərinə sadiqliyini nümayiş etdirir. Azərbaycan koronovirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində oturuşmuş dövlətçilik ənənələrinə sahib olan bir ölkə kimi davranaraq, ilk növbədə ölkə daxilində və xaricində olan vətəndaşlarının, daha sonra yaxın qonşularının, həmçinin ortaq dil, mədəniyyət və tarixi bağlılıqları olan ölkələrin, daha sonra isə daha geniş miqyasda – eyni platformada təmsil olunduğu ölkələrin qlobal təhlükəyə qarşı həmrəyliyinin təmin olunnmasına xidmət edən təşəbbüslərdə bulundu. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı Azərbaycan sərhədlərini aşaraq, öncə Türk Dünyasına, daha sonra isə bütün dünyaya birgə mübarizənin, həmrəyliyin bütün təhlükələrə qarşı yeganə xilas yolu olduğunu xatırlatdı.
Məhz bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşü, şübhəsiz ki, Azərbaycanın öz praktiki addımlarıyla dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verdiyini göstərir.
Zaman keçəcək, koronavirus təhlükəsi geridə qalacaq, həyat yenidən öz əvvəlki ritminə qayıdacaq. Amma bəşəriyyət üçün bu ağır sınaq dövründə dövlətlərin və onların liderlərinin davranışları unudulmayacaq. O zaman Azərbaycanın və onun liderinin işıqlı obrazı daha aydın, daha qabarıq görünəcək!

Elçin Mirzəbəyli