
Siyavuş Novruzov: "Bəzi şəxslər və QHT-lər külli miqrdarda vergidən yayınıblar"
Sentyabrın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Brassör Milli Məclisdə (MM) yer alan siyasi partiya təmsilçiləri ilə görüşüb.
Görüşdə Avropanın bəzi qurumlarının ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartlar əsas müzakirə mövzusu olub.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində daim irəliləyir.
Onun sözlərinə görə, lakin Avropa Parlamenti bu günlərdə növbəti dəfə Azərbaycanla bağlı əsassız və qərəzli qətnamə qəbnul edib: "Həmin qətnamədə bir sıra məqamlarda AŞ PA-ya da istinad olunub. Amma ölkəmizə qarşı təcavüz siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür".
AŞ PA sədrinin ölkəmizə səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri üçün həbs edilən bəzi şəxslərlə görüşmək istəyinə toxunan S.Novruzov cəbhə bölgəsində həlak olan insanların valideynləri və Xocalı soyqırımı qurbanlarının yaxınları ilə də görüşməyi məqsədəuyğun sayıb.
O, qeyd edib ki, bəzi şəxslər və QHT-lər gizli fəaliyyət göstərməklə bərabər, həm də külli miqrdarda vergidən yayınıblar. Bütün bunlara görə, həmin şəxslər dövlətin qanunları qarşısında cavab verməlidirlər: "Biz Avropa təsisatları ilə hərtərəfli əməkdaşlığıa hazırıq, amma bu əməkdaşlıq qarşılıqlı hörmət və bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipi ilə həyata keçirilməlidir".
Görüşdə iştirak edən digər siyasi partiya təmsilçiləri bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı mövqeyi cəmiyyətdə əsaslı olaraq qıcıq yaradır. Qeyd olunub ki, bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Ukrayna hadisələrinə görə Rusiyaya sanksiya tətbiq edən həmin qurumlar 20 ildən çox müddətdə ərazimizi işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də, bu qurumların hər hansı bir mövqeyi Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur.
Sonra AŞ PA-nın sədri A. Brassör Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların fəaliyyəti və onların iş prinsipləri, ölkəmizin insan haqları sahəsində vəziyyətə dair mövqeləri ilə maraqlanıb.