“Kültür bakanlığı “quldur bakanlığı”na çevrilib” Siyasət

“Kültür bakanlığı “quldur bakanlığı”na çevrilib”

CXP sədri Bədrəddin Quliyev: “Mədəniyyət nazirliyinə qarşı aparılan bu tədbirlər həmin quldurların sıradan çıxarılmasına xidmət edir”

Mədəniyyət nazirliyində son bir neçə gündə baş verən olaylar, xüsusilə DTX-nın (Dövlət Təhlükəsizlik Xidməti) adı çəkilən qurumda əməliyyat tədbirlərini həyata keçirməsi bir ilkdir. Bəzi İcra Hakimiyyətlərinə qarşı keçirilən əməliyyatlar bu dəfə nazirlik miqyasında tətbiq olundu. Ölkədə nə baş verir? Nə üçün DTX məcbur olaraq bu addımları atır? Cəmiyyətdə bu istiqamətdə çoxsaylı suallar yaranıb. Ona görə də CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyevə müraciət etdik.

– Bədrəddin bəy, ilk dəfədir dövlətin təhlükəsizliyinə sorumlu olan bir qurum hansısa nazirlikdə əməliyyat tədbirləri həyata keçirir və hətta cinayət əməlində suçlu bilinən yüksək vəzifəli məmurlar həbs olunurlar.
– İlk öncə onu qeyd etmək istəyirik ki, hansı xalq öz mədəniyyətinə sahib çıxmağı bacarırsa, o həm müdrikləşir, həm də inkişaf etmiş toplumlar səviyyəsinə qalxır. Çox təəssüflər olsun ki, Azərbaycanda bu sahəyə sorumlu olan mədəniyyət nazlirliyi heç zaman öz missiyasını layiqincə həyata keçirməyib. Nazir Əbülfəs Qarayev rusdillidir və ona görə də Azəraycan mədəniyyətindən uzaq olan bir insan təsiri bağışlayır. O, özü kimi düşünənləri nazirlikdə yüksək səviyyədə vəzifələrə gətirib. Həmin kadrlar sözsüz ki, milli dövlət mənafeyini deyil, nepotizm siyasətini yürüdürdülər. Şəxsi maraqlarını dövlətin tələb etdiyi standartlardan üstün sayırdılar. Xüsusilə korrupsiya əməllərinə görə tutulan nazirliyin yüksək dərəcəli məmurlarının əməlləri heyrət doğuran haldır. Təsəvvür edirsinizmi, görün vəziyyət hansı həddə çatıb ki, DTX məcbur olaraq bu addımı atmaq zorunda qalıb.
– Axı digər nazirliklərdə də korrupsiya elementləri az deyil. Bu barədə ölkə KİV-ləri çəkinmədən informasiyalar yayır və araşdırmalar ortaya qoyurlar.
– Əbülfəs Qarayev dahi bəstəkarımız və əmisi Qara Qarayevin kölgəsinə sığınaraq, neçə illərdir nazir vəzifələrində çalışır. 1994-cü ildən 2006-cı ilə kimi Gənclər və İdman, 2006-cı ildən isə, mədəniyyət naziri vəzifələrində çalışıb. Təbii olaraq bu iki strateji nazirliyin büdcəsi digər nazirliklərə baxanda xeyli dərəcədə aşağı olub. Ancaq idman və mədəniyyət qədər dünyanın gözü qarşısında populyar olan sahəni idarə etmək asan məsələ deyil. Əbülfəs Qarayev bir daha təkrar edirəm ki, əmisi Qara Qarayevin kölgəsinə sığınaraq bu vəzifələrdə qala bilib. Ancaq, onun düşüncə tərzi Azərbaycan xalqının və dövlətinin ruhuna uyğun olmayıb. Onun bir yandan rusdilli olması, digər yandan isə, ingilis dili müəllimi ixtisasına yiyələnməsi Azərbaycanın dövlət olaraq inkişafına müsbət təsiri olmayıb. Mədəniyyət naziri funksiyasını Azərbaycana məxsus dəyərlərin daşıyıcısı olan şəxlər daşımalıdır. Bu xüsusiyyətlər isə, təəssüf ki, Əbülfəs Qarayevdə yoxdur, heç vaxt da olmayıb.
– Bədrəddin bəy, ölkə KİV-lərində gedən informasiyaya görə DTX-nın mədəniyyət nazirliyində apardığı əməliyyat tədbirləri nazir Əbülfəs Qarayevin gözü önündə baş verib...
– Bizə də yaxın dostlarımızın verdiyi məlumata görə, KİV-lərdə gedən informasiya dəqiqdir.
– Bu gün ölkəmizdə korrupsioner məmurların həbs dalğasını hər kəs seyr edir və hətta öz yorumlarını müxtəlif səviyyədə ifadə edirlər. Sizin fikrinizcə, bu halların qarşısının alınması mexanizmi mövcuddurmu?
– Bizim partiyamız yarandığı gündən toplantılarımızda, ölkə KİV-lərinə verdiyimiz açıqlamalarda bir həqiqəti açıq şəkildə qeyd edirik. İstənilən dövlət qurumuna, hətta özəl sektora ictimai nəzarət olmalıdır. Əbülfəs Qarayevi nümunə göstərmək olar. O, indiyə kimi tutduğu vəzifələri “anektod”la (lətifə) əldə etmişdi. Rus dilində çox əla lətifələr danışmağı var. Ancaq, faciə ondadır ki, həmin lətifələr sonunda onun öz başında çatladı. İctimai nəzarət olmadığı üçün onun kimi iriçəkili məmurlar istədikləri özbaşınalığı edə bilirlər. Hesablama Palatasının bütün dövlət qurumlarında apardığı araşdırmalar formal xarakter daşıyıb. Mədəniyyət nazirliyinin ətrafında baş verənlərə strateji cəhətdən yanaşmaq lazımdır. Nə qədər milli sərvətimiz olan eksponatların oğurlanaraq xaricə satılması, paytaxt Bakı ilə yanaşı, bölgələrdə mədəniyyət ocaqlarının tamamilə iflası, tarix və memarlıq abidələrimizin durumunun bərbad vəziyyətdə olması, milli mədəniyyətimizlə bağlı aparılan işlərin qeyri qənaətbəxşliyi və digər amillər buna nümunədir. Bu kimi neqativ halların aradan qaldırılması üçün vətəndaş cəmiyyətinin ictimai nəzarətinin artmasına çox böyük ehtiyac var. Hər bir vicdanlı vətəndaş və eləcə də mütəxəssis malik olduğu sahələrin problemlərini qabartmalıdır. Belə olduğu təqdirdə, dövlət və cəmiyyət birlikdə mövcud problemləri birlikdə həll edə bilər.
– Sizin fikrinizcə mədəniyyət nazirliyinə qarşı keçirilən bu əməliyyat tədbirinin digər nazirliklərə təsiri olacaqmı?
– Mədəniyyət nazirliyinə məxsus kitabxanaların, mədəniyyət evlərinin, kino-teatrların, klubların və digər sosial obyektlərin süni şəkildə ləğv edilərək işbazlara ötürülməsi heç kim üçün sirr deyil. Bölgələrimizdə orta məktəb şagirdlərinin və gənclərin asudə vaxtlarını bu ocaqlarda keçirmələri üçün heç bir şərait yoxdur. Çünki, mədəniyyət nazirliyi həmin mərkəzləri bərbad vəziyyətə qoyub. Bölgələrdəki muzeylərin çoxunun taleyi olduqca acınacaqlıdır. Ölkəmizlə maraqlanan qonaqlara və turistlərə tariximizlə bağlı maddi-mədəniyyət abidələrimizi göstərməkdə utanc vəziyyətindəyik. Əlbəttə DTX-nın keçirdiyi bu əməliyyatın digər nazirliklərə də təsiri olacaq. Unutmayaq ki, indiki mürəkkəb şəraitdə hər şey milli dövlət hədəflərimizə hesablanmalıdır. Bu prosesdə kim əyləc rolunu oynayırsa, onları ifşa etməliyik.
– Sizin fikrinizcə mədəniyyət nazirliyinin problemlərini necə aradan qaldırmaq olar?
– Biz belə düşünürük ki, Azərbaycan mədəniyyətini dərindən bilən və erudisiyaya malik kadr bu strateji vəzifəyə gətirilməlidir. Mədəniyyət elə bir sahədir ki, orada həm də xüsusi istedad vacib şərtlərdən biridir. Bununla yanaşı, işgüzar və müasir mədəni prosesləri bilən kadrların sayəsində bu boşluqları aradan qaldırmaq mümkündür. Bu nazirlikdə çalışanlar dərk etməlidirlər ki, onlar Azərbaycana məxsus milli mədəni irsin davamçısıdırlar. Mədəniyyətimizi ölkə daxilində, həm də xarici aləmdə sevdirməyi bacarmalıdırlar. DTX-nın keçirdiyi əməliyyat tədbirləri bir də onu göstərdi ki, orada çalışanlar uzun illərdir milli mədəniyyətimizə və dövlətçiliyimizə qarşı sərsıdıcı zərbələr vurublar. Bütün bunlar göstərir ki, bizim dünyanın mədəni xalqlarından birinə çevrilməyimizdə onlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyiblər. Bu nazirlikdə çalışanlar sanki, dövlətimizə qarşı “Beşinci Kalon” funksiyası rolunu oynayıblar. Milli maraqlarımızı müdafiə etməyən, müqəddəs missiyasını icra edə bilməyənlər tutduqları vəzifələrdən kənarlaşdırılmalıdırlar. İndi qarşımızda çox çətin vəzifə durub. Mədəniyyətimizin inkişafı üçün bu sahədə illər boyu peşəkar mütəxəssislərimiz çalışmaq məcburiyyətində qalacaqlar. Bir sözlə “kültür bakanlığı”mızı Əbülfəs Qarayev və onun nazirlikdəki komandası “quldur bakanlığı”na çeviriiblər. Mədəniyyət nazirliyinə qarşı aparılan bu tədbirlər həmin quldurların sıradan çıxarılmasına xidmət edir.