“Liviyada Türkiyə və Rusiyanın mövqeləri toqquşur” Siyasət

“Liviyada Türkiyə və Rusiyanın mövqeləri toqquşur”

Vüqar Zifəroğlu: “Demək olmaz ki, Rusiya və Türkiyə Suriya ilə bağlı məsələlərdə öz mövqelərini uyğunlaşdırıb”

“Son dönəmlərdə Liviya və Suriyada son dərəcə maraqlı və ciddi proseslərin şahidi oluruq. Təsadüfi deyil ki, dünən 5 dövlət – Misir, Yunanıstan, Fransa, Cənubi Kipr və Birləşmiş Ərəb Əmirlikləri Liviyadakı fəaliyyətlərinə görə, Türkiyəyə etiraz bəyanatı səsləndirdi. Türkiyənin Sərrac hökuməti ilə anlaşması bu ölkələri razı salmır. Yəni proseslər davam edir”. Bu fikirləri Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu səsləndirib. O bildirib ki, Suriya məsələsinə gəldikdə, bununla bağlı Türkiyə, Rusiya və İran arasında yaranmış ittifaq xarici şərtlərin diktəsi ilə formalaşmış, daha doğrusu, zərurətdən doğan bir əməkdaşlıq formatı idi: “Zaman-zaman bu üçlüyə daxil olan ölkələrin bir-biri ilə münasibətlərində həm gərginliyin, həm də mövqe kəsişmələri və mənafe toqquşmalarının şahidi oluruq. Bu gün demək olmaz ki, Rusiya və Türkiyə Suriya ilə bağlı məsələlərdə öz mövqelərini uyğunlaşdırıb. Son bir neçə ayda, biz təkcə Suriyada yox, Liviyada da Türkiyə və Rusiyanın mövqelərinin toqquşmasını müşahidə etdik”.
Ekspert əlavə edib ki, hazırkı situasiyada Rusiya və Suriya rəhbərlikləri arasında müəyyən nöqtələrdə narazılıqarın yaranmasını görə bilərik: “Bu, müəyyən anlamda İran faktoru ilə bağlı olan məsələdir. Son hadisələr göstərdi ki, Suriyadakı gedişat belə bir həddə gəlib çatıb, dünənə qədər bir-birilə yaxın münasibətdə olan ölkələrin belə, bəzi məqamlarda maraqları toqquşur. Bu mənada, Rusiya və İranın maraqları toqquşmağa başlayıb. Bu narazılıq fevral ayında növbəti eskalasiya zamanı ortaya çıxdı. Tehran Ankaraya belə bir mesaj göndərdi ki, Suriyada baş verən gərginliklərin aradan qaldırılması üçün İran-Türkiyə danışıqları aparılmalıdır, Rusiya sonrakı mərhələdə buna qoşula bilər. Amma Türkiyə Rusiyanı seçdi. Bu zaman artıq müəyyən qırılmaların şahidi ola bildik.
Ölkə daxilindəki vəziyyətə gəldikdə, bu gün Suriya müxalifəti çox mürəkkəb, çox qarışıq, müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının dəyirmanlarından çıxmış ayrı-ayrı qruplaşmaların bir formasıdır. Yəni burada birüzlü yox, çozüzlü bir müxalifət var. Maraqlı məqam budur ki, Suriyanın iqtidarı da belədir. Suriya iqtidarında ayrı-ayrı ölkələrə yaxınlığı ilə seçilən qüvvələr mövcuddur. Biz kulislərdə Əsədə iranpərəst, yoxsa rusiyapərəst qüvvələrin daha çox təsir edə biləcəyi ilə bağlı rəqabətin şahidi oluruq. Bu mənada, mümkündür ki, Rusiya Suriya iqtidarı daxilində daha ciddi rıçaqlar əldə etmək üçün Əsəd rejiminə qarşı təzyiq mexanizmlərini işə salsın. Bunu istisna etmək olmaz”.
V.Zifəroğlu əlavə edib ki, hələlik Əsədə alternativ yoxdur: “Təkcə Rusiya üçün yox, İran üçün də alternativ mövcud deyil. Məhz alternativin olmaması səbəbindən yeddi ilə yaxındır ki, Rusiya və İran Əsədi iqtidarda saxlamaq üçün ortaya böyük güc qoyur. Alternativ və ya manevr imkanları olsaydı, onlara yaxın bir qüvvənin hakimiyyətə gətirilməsinə gedərdilər. Bəlkə də bu məsələdə Rusiya İranla maraqlarını da uzlaşdırardı. Amma belə bir alternativ yoxdur. Bununla belə, bayaq qeyd etdiyimiz kimi, Rusiyanın Əsədə qarşı təzyiq alətlərini işə salması mümkündür. Təsadüfi deyil ki, ötən həftə Rusiyanın Suriyadakı qüvvələrinin müəyyən hissəsinin Liviyaya köçürüləcəyi ilə bağlı xəbər yayıldı. Amma Əsədin hakimiyyətdən getməsi və ya dəyişdirilməsi maraqlara cavab vermir. Rusiya indiki halda heç vaxt bu addımı atmaz. Atsa, bu çox radikal bir qərar olar. Bu da nəticə etibarilə, Rusiyanın maraqlarını zərbə altında qoya bilər. Yəni bu addımın nəticələrini əvvəlcədən hesablamaq mümkün deyil.
Rusiya və İran Yaxın Şərqdə bir çox prinsipial nöqtələrdə öz maraqlarını uzlaşdıra bilən iki ölkədir. Söhbət təkcə Suriyadan yox, bütöv Yaxın Şərq bölgəsindən gedir ki, Rusiya və İranın burada uzlaşma içində olduğunu görə bilirik. Məsələ budur ki, bölgədəki hadisələr çox sürətlə cərəyan edir: yeni aktorlar ortaya çıxır, yeni şərtlər yaranır. Bunlar da, həmin şərtlərə və günədəmə uyğun olaraq hədəfləri müəyyənləşdirmək zərurəti ortaya çıxarır. Bu mənada, son zamanlarda Rusiya və İran arasında fikir ayrılıqlarının yarandığını görürük. Bu özünü ən çox Türkiyəyə münasibətdə göstərdi. Yanvar ayından bəri Suriyada iki dəfə ciddi eskalasiya oldu, münaqişə yarandı. Hər ikisində məhz Türkiyə və Rusiya danışıqlar masası arxasında əyləşərək, bu münaqişələri müəyyən qədər yatırda bildilər. Biz demək olar ki, İranın bu proseslərdə iştirakını görə bilmədik.
Suriyada həyati əhəmiyyətli maraqları olan İran prosesin Rusiya-Türkiyə (Ərdoğan-Putin) müstəvisinə yönəlməsindən razı qala bilməz. Çünki İranın “Ərəb baharı”ndan sonrakı əsas hədəfi, yaxın ətrafında “şiə ayparası” formalaşdırmaq idi. “Şiə ayparası”nda da, Suriya son dərəcə önəmli və ciddi bir halqa idi. Belə bir halqanı Rusiyaya güzəştə getmək, gələcəkdə İran üçün müəyyən təhlükələrə səbəb olacaq. İran bunu çox yaxşı anlayır. Bu baxımdan, İran öz maraqları olan nöqtələrə daha həssas yanaşır. Amma Türkiyə və Qərb faktorlarını nəzərə alanda, Rusiya və İran lazım olan anda öz maraqlarını uzlaşdırmağa məcburdurlar.
İran daxilində də, ciddi proseslər gedir. Bu da özünü iqtisadi nöqteyi-nəzərdən göstərir. ABŞ Vyana anlaşmasından çıxdıqdan sonra dörd istiqamətdə İrana həmlələr etməyə başladı. Amerika ilk növbədə, İrana qarşı sanksiya mexanizmini işə saldı və iqtisadi təzyiqləri gücləndirdi. Vyana müqaviləsindən çıxdıqdan sonra bu təzyiqlər öz bəhrəsini verməyə başladı. Avropa dövlətləri yarı-xoşluqla bu sanksiyaları qəbul edib dəstəklədikdən sonra İran iqtisadiyyatı ciddi şəkildə laxladı.
Amerika ikinci həmlədə İranı Yaxın Şərqdəki mövqelərindən sıxışdırıb çıxarmağa cəhdlər etməyə başladı. İranın İraq və Yəməndəki mövqelərindən müəyyən qədər geriləməsinin şahidi olduq. Livanda Hizbullaha zərbələr endirildi. Yəni İranı bu mövqelərdəki yerindən laxlatmağa cəhdlər etdilər. Qasım Süleymaninin öldürülməsindən sonra isə hiss olundu ki, İran qeyri-leqal hərbi birləşmələrin həm təşkilatlanması, həm də istiqamətləndirilməsi baxımından müəyyən boşluqlara düşüb.
Üçüncü həmlə, İranın siyasi olaraq təcrid edilməsi məsələsi ilə bağlıdır. Dünyanın bir çox dövlətləri İranla diplomatik münasibətlərin dayandırılması istəklərinə müsbət cavab verdilər.
Dördüncü həmlə, İran daxilindəki sosial, etnik, din və məzhəb kimi faktorlardan yararlanaraq, narazılıqların körüklənməsi ilə bağlıdır. Son iki ildə bu proses də ardıcıl şəkildə aparılır. Dərvişlərin qiyamından tutmuş, Əhvazda ərəblərin, Bəlucistanda bəlucların etirazlarına qədər, bir çox vilayətlərdə kütləvi iğtişaşların, bir sıra hallarda isə silahlı qarşıdurmaların şahidi olmağa başlamışıq. Pandemiya isə demək olar ki, İran iqtisadiyyatını tamamilə iflic vəziyyətinə saldı. Bəlkə də bu, gələcəkdə İran daxilində müəyyən silkələnmələrə səbəb ola bilər. Bununla belə, proseslərin hansı istiqamətlərə yönəldiləcəyini indidən demək tezdir”.