Rusiyanın Azərbaycana münasibəti dəyişir? Siyasət

Rusiyanın Azərbaycana münasibəti dəyişir?

Sergey Markov: "Qərbin sanksiyaları Azərbaycanla münasibətlərin inkişafı üçün şərait yaradıb"

Rusiyanın siyasi dairələrində Azərbaycana qarşı münasibət müsbətə doğru dəyişir və indiyədək Azərbaycanı tənqid edən bəzi rusiyalı siyasətçilər fərqli mövqedən çıxış edirlər. APA - nın verdiyi məlumata görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.
"Azərbaycan-Rusiya münasibətlərində ciddi dəyişikliklər müşahidə olunur. Putinin Azərbaycana son tarixi səfərindən sonra iki dövlət arasında dostluq münasibətlərinin sürətlə inkişaf etdiyi aydın görünür", - deyə o vurğulayıb. S. Markov LDPR sədri Vladimir Jiriinovskinin Azərbaycana səfərinə toxunaraq, onun Azərbaycana münasibətini dəyişməsini "siyasi uzaqgörənlik" və "yeni tendensiya" ilə əlaqələndirib: "Düşmənin dost olması parlaq dəyişikliklərdən xəbər verir. Bir çox siyasətçilərin Azərbaycanla bağlı tənqidi fikirlərinin dəyişdiyini görürəm".
Rusiyalı politoloq qeyd edib ki, Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Moskvanın yeni tərəfdaşlar qazanması, o cümlədən Azərbaycanla ticarət münasibətlərinin inkişafı üçün şərait yaradıb: "Bu sanksiyaların hələ çox davam edəcəyini düşünürəm. Azərbaycanın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməsi üçün bütün imkanlar yaradılıb, Rusiya bazarında yaranmış boş yerləri sizin istehsalçılar tuta bilərlər. Bu il kənd təsərrüfatı məhsullarında 80 faiz artım olduğunu deyə bilərəm. Azərbaycandan Rusiyaya təkcə sitrus bitkilərinin ixracında 100 faiz artımdan danışa bilərik". APA-nın Rusiyaya ixracın artacağının Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub-olmayacağı ilə sualını şərh edən S.Markov bildirib ki, ixrac artımı qəflətən başladığına görə, müəyyən problemlərin yaranması başa düşüləndir: "Amma məhsul bazarı tapmayanda, istehsalçıda maraq az olur. Bazar varsa, istehsal da artacaq. Artıq yeni müqavilələr bağlanır, kənd təsərrüfatının inkişafı üçün strukturun formalaşdırılmasına başlanılır. Hesab edirəm ki, növbəti ildən bütün problemlər öz həllini tapacaq".
Markov Qarabağ məsələsinə də toxunub və qeyd edib ki, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz. Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi dəyişikliklər baş verməyib: "Amma mən hiss edirəm ki, gələcək dəyişikliklər üçün ümid yaranmağa başlayıb. Rusiyanın bu məsələdə mövqeyi bəllidir. Moskva münaqişənin sülh yolu ilə həllini istəyib. Hər halda Ermənistanla Azərbaycan həmişə düşmən olmayıblar, müharibə etməyiblər. Regionda münbit siyasi və iqtisadi mühit yaratmaqla, dəyişikliklərə nail olmaq mümkündür". Politoloq hesab edir ki, ilk növbədə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmalıdır: "Bölgədə demilitarizasiya aparılmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Türkiyə və Azərbaycan Ermənistanın blokadasına son qoysa, iqtisadi münasibətlər formalaşsa və Qarabağda infrastrukturun bərpası üçün addımlar atılsa, münaqişənin sülh yolu ilə həllinə nail olmaq daha asan olar. Hər halda, hesab edirəm ki, Dağlıq Qarabağın statusunu vaxtilə orada yaşamış Azərbaycan icmasının iştirakı olmadan müəyyənləşdirmək yanlışdır".