Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistanın təxribatını pisləyən bəyanat yayıb Siyasət

Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistanın təxribatını pisləyən bəyanat yayıb

Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatını pisləyən bəyanat yayıb.

Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə məlumat verən assosiasiyanın nümayəndəsi Ofeliya Hirt bildirib ki, məqsəd iyulun 12-dən başlayaraq Ermənistan rəhbərliyinin ağır artilleriyadan istifadə etməklə Azərbaycan ərazilərini atəşə tutması, yaşayış məntəqələrinin bombalanması və dinc əhaliyə qarşı hücumu barədə Avstraliya ictimaiyyətini ətraflı və obyektiv məlumatlandırmaqdır.

Avstraliyanın federal və ştat parlamentlərinə, hökumətinə, kütləvi informasiya vasitələrinə və beyin mərkəzlərinə ünvanlanan bəyanatın mətnində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində 11 hərbiçinin və bir mülki vətəndaşın öldürülməsi öz əksini tapıb. Qeyd edilib ki, illərdir davam edən atəşkəs rejiminin ciddi şəkildə pozulmasının hədəfi Azərbaycanın strateji mövqelərini ələ keçirməkdir.

Vurğulanıb ki, Ermənistan bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bu çətin dövrdə öz mənfur və riyakar niyyətlərini davam etdirir.

Tovuz rayonunun Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən 300 kilometr məsafədə yerləşdiyinin qeyd edildiyi bəyanatda məqsədin digər dövlətlərin münaqişəyə cəlb edilməsindən ibarət olduğu da bildirilir.

Qeyd edilir ki, Baş Nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti ağır iqtisadi böhranla nəticələnən daxili problemləri həll edə bilmədiyinə görə xalqın diqqətini başqa istiqamətə yönəltməyə çalışır.

Sənəddə 1990-cı ilin əvvəllərindən Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, bir milyondan çox insanın ata-baba torpaqlarından didərgin düşdüyü də qeyd edilir.

Vurğulanır ki, Ermənistanın hərbi işğal siyasəti BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb. Həmin qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, bu ölkənin rəhbərliyi həmin tələbi yerinə yetirməkdən imtina edir.

Bildirilir ki, Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllinə, hər iki xalqın dinc yanaşı yaşamasına tərəfdardır. Bununla yanaşı, Azərbaycan, həmçinin öz ərazilərini azad etmək və xalqının təhlükəsizliyini təmin etmək hüququna malikdir. Buna görə də hər hansı bir erməni təxribatı həmişə Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə üzləşəcək. Ermənistan xalqı və hökuməti başa düşməlidir ki, Azərbaycan Ordusu istənilən erməni hərbi təxribatının qarşısını almağa qadirdir.

Vurğulanır ki, bir qrup insanın öz mənafelərinə xidmət siyasəti erməni xalqını daha ciddi təcridə və uçuruma aparır. Buna görə də Ermənistanın üzləşdiyi ciddi iqtisadi, sosial və siyasi problemlərin həlli üçün sülh vacibdir.

Avstraliyanın Melburn şəhərində yerləşən Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyası bütün dünyada yaşayan 55 milyon azərbaycanlı ilə birlikdə Ermənistan hökumətinin sülh danışıqlarını pozmağa yönəlmiş bu təxribatçı hərəkətlərini qətiyyətlə pisləyir. Torpaqlarımızı qorumaq üçün canlarından keçmiş igidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir.