Azərbaycan həqiqətləri İndoneziyanın Miraj Xəbər Agentliyi tərəfindən geniş şəkildə işıqlandırılır Siyasət

Azərbaycan həqiqətləri İndoneziyanın Miraj Xəbər Agentliyi tərəfindən geniş şəkildə işıqlandırılır

Son günlər İndoneziyanın Miraj Xəbər Agentliyinin portalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmiz ilə bağlı müxtəlif mövzular üzrə 10-a yaxın məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev bu ölkənin Miraj Xəbər Agentliyinin baş redaktoru İsmət Raufun rəhbərlik etdiyi agentliyin İndoneziya, ingilis və ərəb dili bölmələrinin jurnalistlərindən ibarət geniş heyətlə görüşüb.

Görüşdə jurnalistlərin suallarını cavablandıran C.Mirzəyev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizinin işğal edildiyi və etnik təmizləməyə məruz qalmış bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin icrasına məhəl qoymadığı barədə danışıb. Azərbaycan səfiri, həmçinin cari il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində, Azərbaycanla birbaşa sərhəddə həyata keçirdiyi təxribat və artilleriya atəşi nəticəsində hərbiçilərimizin və dinc sakinimizin həlak olduğu haqqında geniş məlumat verib.

C.Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət çərçivəsində koronovirus epidemiyası nəticəsində yaranmış şəraitin hərtərəfli idarə olunması məqsədilə ölkəmizdə görülən qabaqlayıcı tədbirlər, tətbiq edilən karantin rejimi, o cümlədən sahibkarlara və az təminatlı ailələrə dəstək məqsədilə dövlət tərəfindən göstərilən yardım haqqında bəhs edib. Bununla yanaşı, Qoşulmama Hərəkatının (QH) sədri olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə QH Təmas Qrupu formatında 2020-ci il mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirildiyi, habelə dövlətimizin başçısının BMT Baş Assambleyasının COVID-19 pandemiyasına dair xüsusi sessiyanın keçirilməsi ilə bağlı təklifinin 140-a yaxın ölkə tərəfindən dəstəkləndiyi haqqında geniş məlumat verib.

Səfir jurnalistlərə Azərbaycanın zəngin tolerantlıq və dözümlülük ənənələri haqqında da danışaraq, ölkəmizdə tarix boyu bir çox etnik və dini qrupların sülh və harmoniya şəraitində birlikdə yaşamasından, ölkəmizin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq fəaliyyəti çərçivəsində dünyanın müxtəlif ölkələrindən fərqli dini inanclara sahib insanları bir araya gətirən və təcrübə mübadiləsini təşviq edən uğurlu layihələrdən bəhs edib.

Jurnalistlərin ölkəmizin turizm potensialı ilə bağlı sualını cavablandıran C.Mirzəyev Azərbaycanın özündə Şərq və Qərb mədəniyyətini birləşdirdiyini və özünəməxsus təbii gözəlliklərə, qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu bildirib. O, paytaxt Bakının və bölgələrimizin hazırda dünyanın ən populyar turizm məkanlarına çevrildiyinə və paytaxtımızın həm tarixi, həm də müasir tikililəri ilə göz oxşadığına diqqət çəkib. O, həmçinin ölkəmizin İslam turizmi sahəsində potensialı haqqında danışaraq Həcc və Ümrə ziyarətlərindən sonra müsəlman ölkələrinə səyahət edən indoneziyalı zəvvarlar üçün Azərbaycanın böyük maraq doğuracağını vurğulayıb.

C.Mirzəyev milli mətbuatımızın 145 illiyinin qeyd olunduğu ərəfəyə təsadüf edən görüş zamanı Azərbaycan mətbuatı haqqında məlumat verərək iki ölkənin mətbuat qurumları arasında əməkdaşlığın qurulmasının vacibliyini xüsusi vurğulayıb və bu istiqamətdə səfirliyin öz dəstəyini əsirgəməycəyini qeyd edib.

Miraj Xəbər Agentliyinin baş redaktoru İsmət Rauf Azərbaycan ilə bağlı verilən maraqlı və ətraflı məlumatlara, habelə görüşə görə səfirə minnətdarlığını bildirib və görüşdən məmnunluğunu ifadə edib.

Görüşün nəticəsi olaraq Miraj Xəbər Agentliyinin portalında İndoneziya, ingilis və ərəb dillərində ölkəmiz ilə bağlı ətraflı məlumatların əks olunduğu 10-a yaxın məqalə yayımlanıb.