Prezident İlham Əliyev: Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib Siyasət

Prezident İlham Əliyev: Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib

Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib.

Bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq, bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.

Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma, buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir".