“Ermənistan terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb” Siyasət

“Ermənistan terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb”

Elman Nəsirli: "Çox təəssüf ki, o, bunu bütün dünyanın gözü qarşısında edir"

Erməni general, Qarabağ müharibəsi iştirakçısı Manvel Grigoryan müharibədən sonra evində azərbaycanlı əsir saxladığına dair açıqlama verib. Müdafiə Nazirliyi ilə rəhbərlik etdiyi "Yerkrapa" müharibə veteranları təşkilatının birgə tədbirində iştirak edən istefada olan general-leytenant, 2000-2008-ci illərdə Ermənistan müdafiə nazirinin müavini Qriqoryan "müharibədən Ermənistana yüzlərlə azərbaycanlı əsirlə" qayıtdığını deyib.
General azərbaycanlı əsirlərdən birini iki il Ağdərədə, iki il də Eçmiədzində öz evində saxladığını və ona "Simon Simonyan" adını verdiyini deyib: "Sonra göndərmişəm, gedib... "Qırmızı Xaç"a vermişəm, aparıb onlara təhvil veriblər. Çünki evə getmək istəyirdi, mən də buraxdım, getdi".
Qriqoryanın bu açıqlaması ilk növbədə Ermənistanın özündə qalmaqala səbəb olub. Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesab edir ki, hakim Respublikaçılar Partiyasının deputatı Manvel Qriqoryanın "etirafı" parlamentdə müzakirə olunmalı və hüquq mühafizə orqanlarının diqqətini çəkməlidir. Erməni hüquq müdafiəçisi hesab edir ki, istefada olan general, hazırki deputat Qriqoryanın Qarabağ müharibəsindən sonra evində azərbaycanlı əsir saxladığına dair etirafı "Cenevrə Konvensiyasının pozulması haqqında cinayət barədə məlumat" kimi nəzərdən keçirilməli və bunun əsasında cinayət işi açılmalıdır. Öz növbəsində Artur Sakunts generalın bəyanatı əsasında araşdırma başlamaq üçün Ermənistan Baş Prokurorluğuna müraciət etməyə hazırlaşır.
Ermənistan tərəfindən 1992-ci ildə imzalanmış Cenevrə Konvensiyalarına əsasən, hərbi əsirlər ayrı-ayrı şəxslərin evində, yaxud başqa yerdə saxlanıla bilməz, onlar müharibə tərəflərinin nəzarətində olmalıdırlar.
Ermənistandakı Hüquqi Zorakılıq Əleyhinə ictimai təşkilatın rəhbəri Larisa Alaverdyan iddia edir ki, Qarabağ müharibəsi illərində həm Azərbaycan, həm erməni tərəfdə bəziləri "əsir düşmüş qohumlarını dəyişmək üçün evlərində əsir saxlayırdılar"...
Politoloq, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirlinin sözlərinə görə, erməni general Manvel Grigorianın bu fikirləri ilə bütün beynəlxalq hüquq prinsiplərini tapdayıb: "Bu gün Ermənistan tərəfi terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Çox təəssüf ki, o, bunu bütün dünyanın gözü qarşısında edir. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının da əsas səbəbi, məhz budur. Ermənistan tərəfi o qədər azğınlaşıb ki, hətta BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri də yerinə yetirmir və buna görə cəzasız qalıb. Hətta bu azmış kimi, rəsmi İrəvan BMT çərçivəsində Azərbaycana qarşı ittihamlar da səsləndirir. Erməni generalının bu ifadələri kökündən araşdırılmalıdır. Çünki bu, əsirlərlə bağlı məlum Cenevrə Konvensiyasının prinsiplərinə zidd addımdır".
Elman Nəsirli hesab edir ki, əgər buna qarşı tədbir görülməsə, Ermənistan tərəfi tam cəzasız olduğunun fərqinə varıb yenidən ağır cinayətlər törədə bilər. Bu mənada hesab edirəm ki, bu cür bəyanatlara, yanaşmalara Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu xüsusi diqqət yetirməlidir. ATƏT-in Minsk qrupunun 1992-ci ildən bu yana gördüyü iş nəticə etibarilə fəaliyyətsizlik kimi dəyərləndirilə bilər. Əgər ATƏT-in Minsk qrupu erməni generalının söylədiklərinə, beynəlxalq hüququn prinsiplərinə daban-dabana zidd olan hərəkətlərə reaksiya verməyəcəksə, hesab edirəm ki, bu halda onlar öz simalarını qorumaq üçün heç bir əlavə arqument gətirə bilməyəcəklər. Bu halda ən böyük məsuliyyət münaqişənin həlli ilə bağlı tərəflərin üzərinə düşür".
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov isə deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyət göstərməli olan qurumların hələ də ikili standartları davam edir. Bayram Səfərov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərtilə həll olunmalıdır: "Biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik".

Əli