Alman politoloq: Ermənistan PKK silahlılarını Dağlıq Qarabağ gətirib Siyasət

Alman politoloq: Ermənistan PKK silahlılarını Dağlıq Qarabağ gətirib

Almaniyanın nüfuzlu “freitag.de” informasiya-analitik portalında məşhur siyasi icmalçı Mark Lambsdorfun “PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqaləsi dərc edilib (https://www.freitag.de/autoren/mlambsdorff/pkk-soeldnerkaempfer-im-bergkarabach-konflikt).

AZƏRTAC xəbər verir ki, məqalədə son günlər Ermənistan tərəfindən Suriya və İraqdan Kürd İşçi Partiyasının (PKK) terrorçularının Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Dağlıq Qarabağ regionuna gətirilməsi barədə həyəcanlı xəbərlər alınmasından bəhs edilir.

Livandan, Suriya və İraqdan olan erməni mənşəli köçkünlərin işğal edilmiş torpaqlarda qeyri-qanuni məskunlaşdırılması yolu ilə demoqrafik mənzərənin süni şəkildə dəyişdirilməsi bir məsələdirsə, ABŞ və Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısı tərəfindən terror təşkilatı kimi tanınmış təşkilatın silahlılarının həmin əraziyə gətirilməsi tamam başqa məsələdir.

Müəllif yazır ki, Yerevanın Yaxın Şərqdən olan etnik ermənilərin işğal edilmiş ərazilərdə məskunlaşdırılması siyasəti Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 ilə yaxın müddətdə işğalının sabitləşdirilməsinə və bu regionda demoqrafiyanın süni şəkildə dəyişdirilməsinə yönəlib. Bu, Lambsdorfun fikrincə, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının pozulması deməkdir. Terrorçu muzdluların buraya gəlməsi həmin insanları hərbi canilərə çevirir və 1949-cu il Cenevrə konvensiyalarında nəzərdə tutulan təhlükəsizliyə zəmanətlər onlara şamil edilmir.

Müəllifin “Cairo-24” informasiya agentliyinə və digər mötəbər mənbələrə istinadla yazdığı kimi, Ermənistan o qədər həyasızlaşıb ki, onun yüksəkvəzifəli diplomatları terrorçuların gətirilməsi planını kürd isteblişmentinin ən döyüşkən cinahı olan Kürdüstan Vətənpərvərlər İttifaqının liderləri Lahur Şeyx Cəngi Tələbani və Bafel Tələbani ilə razılaşdırırlar. Bundan əvvəl Ermənistan kürd silahlılarını Dağlıq Qarabağa göndərmək üçün dəhliz yaratmaq məqsədilə İraqdakı Kürdüstan Muxtar regionunun lideri Neçirvan Bərzani ilə əlaqə yaratmağa cəhd göstərib, lakin onun bu niyyəti baş tutmayıb.

Əldə olan məlumata görə, Ermənistan PKK-nın İraqdakı dayaq nöqtəsi olan Süleymaniyyə şəhərindən yüzlərlə silahlı terrorçunun işğal edilmiş Dağlıq Qarabağ regionuna göndərilməsini təmin edə bilib. PKK-nın Suriya cinahı hesab edilən YPG qrupunun silahlıları Suriyanın Qamışlı regionundan Dağlıq Qarabağa göndərilib, İraqın Ərbil şəhərinin cənubunda yerləşən Məxmur bazasında dislokasiya edilmiş PKK/YPG qrupu isə əvvəlcə Hizbullahın Bağdaddakı qərargahına aparılıb, sonra isə oradan Dağlıq Qarabağa gətirilib.

Mark Lambsdorf əmindir ki, Ermənistanın şübhəli məsələləri həll etmək üçün terrorçuları cəlb etməsi birinci dəfə deyil. 1990-cı illərdə Dağlıq Qarabağda müharibə dövründə də belə olub. Ermənistan kürdlərdən hələ sovet dövründə istifadə edirdi. Ermənistanın indiki hökuməti isə, Azərbaycana münasibətdə özünü daha təcavüzkar aparır və daxili siyasi mülahizələri (pandemiyaya qarşı mübarizədəki uğursuzluq, iqtisadi böhran) əsas götürərək danışıqlar prosesini pozur.

Ermənistanın indiki hökuməti ATƏT-in Minsk qrupunun Madrid prinsipləri adlanan və tərəflər arasında razılaşdırılmış çərçivə sazişinə etinasızlıq nümayiş etdirib və üstəlik, sülh danışıqlarının formatına yenidən baxmağa çağırıb. Ermənilər getdikcə daha çox hallarda öz uşaqlarını cəbhəyə göndərməkdən imtina etdiklərinə görə Ermənistan hökuməti terror qruplarından silahlıları cəlb etməklə cəmiyyətdə itkiləri minimuma endirmək niyyətindədir. Baş nazir Nikol Paşinyan hətta öz ölkəsində dünyanın digər qaynar nöqtələrindəki silahlılardan ibarət könüllü xalq dəstələri yaratmaq təşəbbüsünü irəli sürüb.

Müəllif yazır ki, bu il iyul ayında Nikol Paşinyan rəhbərliyi ilə baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri iki ölkə arasındakı sərhəddə Azərbaycanın Tovuz rayonuna hücum ediblər. Bu hücum nəticəsində 12 azərbaycanlı, o cümlədən bir nəfər 75 yaşlı dinc sakin həlak olub, sərhədyanı kəndlərin sakinləri yaralanıb, fermalara ciddi ziyan vurulub. Sentyabrın 21-də Ermənistan atəşkəs rejimini yenidən pozandan sonra Tovuz rayonunda 1 Azərbaycan əsgəri yeni toqquşmaların qurbanı olub.

Mark Lambsdorf xatırladır ki, Azərbaycanın BMT tərəfindən tanınmış ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon 30 ilə yaxındır Ermənistan tərəfindən işğal altındadır. Hərçənd, BMT-nin dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bu regiondan dərhal çıxarılmasına çağırılır. Ekspert xəbərdarlıq edir ki, Dağlıq Qarabağda hərbiləşmənin genişlənməsi və Yaxın Şərqdən muzdluların buraya gətirilməsi münaqişənin beynəlxalq miqyas alması ilə nəticələnə bilər.

Ermənistanın təhlükəli addımları bütün Avropa üçün strateji əhəmiyyət kəsb edən regionda sabitliyin daha da pozulması riski deməkdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkədir. Bakı-Tbilisi-Cehyan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu münaqişə zonasının lap yaxınlığından keçir.

Mark Lambsdorf məqaləsinin sonunda qeyd edir ki, Ermənistanın məsuliyyətsiz hərəkətləri Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə təhdid yarada bilər.