“Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir” Siyasət

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir”

Səməd Seyidov: “Bu ölkə ilə Azərbaycanın münasibətlərinə yenidən baxılmalıdır”

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 14 məsələ daxil edilib.
Deputatlar öncə cari məsələləri müzakirə ediblər.
Parlamentin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan əks-hücum əməliyyatlarını davam etdirir: “Düşmənin hərbi texnikası və canlı qüvvəsi Azərbaycan ordusu tərəfindən məhv edilir. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”.
O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır: “Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.
Deputat Fazil Mustafa bildirib ki, Fransa erməni təəssübkeşliyini davam etdirir və Ermənistanı açıq müdafiə edir. O bildirib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşmasını tələb etməlidir: “Bu tələbi bütün tribunalardan səsləndirməliyik. Ora ən azı obyektiv mövqe tutan dövlət gətirilməlidir”.
Deputat Səməd Seyidov diqqətə çatdırıb ki, ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün həmsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər: “Artıq bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edir”. O bildirib ki, bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir: “Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, “Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik”. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Son hadisələr göstərir ki, ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Bu ölkə ilə Azərbaycanın münasibətlərinə yenidən baxılmalıdır. Və sonuncusu Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq”.
Deputat Kamal Cəfərov deyib ki, bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır. O bildirib ki, Fransa Prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır: “Makronun bu mövqeyi elə ən birinci Fransa hökumətinin maraqlarına ziddir. Makronu bu mövqeyi Azərbaycan və Fransa arasında olan dostluq münasibətlərinə xələl gətirə bilər. ATƏT-in Minsk Qrupunun, BMT-nin əsas işi BMT-nin icra edilməmiş 4 qətnaməsinin icrasını təmin etmək idi. Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək. BMT Nizamnaməsinin 51 maddəsi Azərbaycana bu haqqı verir. Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”.
Vitse-spiker Fəzail İbrahimli isə “bəzi ağzıgöyçəklər belə fikir yaratmışdılar ki, müharibə başlayan kimi Azərbaycanın içərisində çaxnaşma baş verəcək”, - deyə vurğulayıb: “Halbuki, bu xalq, bu millət birdir, bərabərdir, iradəlidir, torpaqsevərdir və sonuna qədər qətiyyətli mövqeyini ortaya qoyacaq”. Onun sözlərinə görə, Azərbaycan 30 ildir ki, ATƏT-in Minsk qrupunun məsləhətini yerinə yetirir: “Nə deyirdilər? Deyirdilər ki, özünüz danışın. Amma necə danışırıq?! Qananı sözlə, qanmayanı güclə. Biz güc dilində danışırıq. Haqq bizim tərəfimizdədir. Biz iradə nümayiş etdiririk. Bu da dünya ictimaiyyəində bizi sevməyənləri vahiməyə salıb. O cümlədən də Fransanı”.
Deputat Arzu Nağıyev deyib ki, Fransa kimi bir dövlətin başçısı olan Makron düşünməlidir ki, vaxtilə bu dövlətin De Qoll kimi rəhbəri olub və onun Azərbaycana qarşı münasibəti, mübarizəyə qarşı münasibəti nə cür olub: “Eyni zamanda, Fransa ilə Azərbaycan xalqları arasında daim dostluq şəraitində bir çox addımlar atılıb”. O xatırladıb ki, ulu öndər Heydər Əliyev müstəqillikdən sonra ilk səfərini Fransaya edib: “Bu gün Azərbaycanla Fransa arasında çox ciddi neft müqavilələri var və Fransa bütün bunları nəzərə almalıdır. Bütün bunların fonunda Makronun tutduğu mövqe heç bir beynəlxalq normaya uyğun deyil. Sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə deyil, daha da qızışdırılmasına, status-kvonun saxlanmasına gətirib çıxaran bəyanatlar verdilər. Ona görə də ATƏT-in Minsk Qrupunun formatına yenidən baxılmalıdır və Fransa bu məsələlərə özünün ciddi münasibətini bildirməlidir”.
Deputat Tural Gəncəliyev deyib ki, Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransanın prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik. O, bildirib ki, parlament kürsüsündən Makrona müraciət edir: “Əgər onun doğulub-böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun ardında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə gəstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç bir yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”.
Deputat Azay Quliyev deyib ki, ordumuz savaşır, vətən müharibəsi aparır: “Bu gün bizim çox sayda könüllülərimiz sevə-sevə cəbhə bölgəsinə gedir, rəşadətlə vuruşur. Heç bir atəşkəs çağırışı, qəbul edilən bəyanatlar keçərli deyil”.
Onun sözlərinə görə, Azərbaycan xalqının torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır: “Makronun son bəyanatları adamda ikrah hissi doğurur. Bir tərəfdən atəşkəsə çağırış edib, digər tərəfdən Azərbaycanı öz ərazisinə hücum etməkdə ittiham edəsən?! Fransa bu gün ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz etimadını itirib. Azərbaycan diplomatiyası qətiyyətli addım atmalıdır. Fransa səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılmalıdır. Eyni zamanda, digər həmsədrlərə də öz mövqeyimiz göstərilməlidir. Bu cür bəyanatlar qətiyyən Azərbaycanda ruh düşüklüyü yaratmır, əksinə, ruh yüksəkliyinə səbəb olur. Ordumuz qələbə çalacaq”.
Deputat Qənirə Paşayeva diqqətə çatdırıb ki, Azərbaycan xalqının iradəsini əks etdirən qurum olaraq Milli Məclis Fransaya kəskin etirazını bildirməlidir. O bildirib ki, Fransa öz ərazisində terrorçulara qarşı mübarizə aparanda Azərbaycan onlara nəyi edib, nəyi etməyəcəyini diqtə etmir: “Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır. Ərdoğanın dediyi, kimi Makronun tarix bilgiləri çox zəifdir. Makronun Dağlıq Qarabağla bağlı açıqlamaları bunu bir daha göstərir”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı parlamentin bugünkü iclasında təkliflə çıxış edib. O, Azərbaycandakı müxtəlif dini icmaların birgə bəyanat verməsinin vacibliyini vurğulayıb: “Düzdü, Qarabağ müharibəsi başlayanda müxtəlif dinlərin rəhbərləri Allahşükür Paşazadə ilə birgə bəyanat veriblər. Hesab edirəm ki, indiki məqamda müxtəlif dini rəhbərlərin birgə bəyanatının səslənməsi çox önəmlidir”.
Millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycanda islam həmrəyliyi ilə bağlı bir çox tədbir keçirilib: “O tədbirlərdə bir çox müsəlman ölkələri iştirak edib. Tədbirdə iştirak edən dövlətlər islam həmrəyliyi ilə bağlı ağız dolusu danışıb. Bəs indi onlar haradadırlar? Biz yalnız Türkiyə və Pakistanın mövqeyini görə bildik”. RAZİ Nurullayev Ermənistana dəstək verən İranı da tənqid edib: “Məscidlərimizdə donuz saxlayan erməni ilə ağız-ağıza öpüşmək islam həmrəyliyi deyil”.
Razi Nurullayev MDB-yə daxil olan müsəlman ölkələrinin də çıxışlarına münasibət bildirib: “Özbəkistan, Qazaxıstan, Qırğızıstan dövlətlərinin tərəfləri öz ölkələrinə danışıqlarına çağırmasını birmənalı şəkildə qəbul edə bilmərik. Biz danışıqlar üçün Belarusa, Ukraynaya gedərik, amma bu ölkələrə heç vaxt getmərik”.
Razi Nurullayev hesab edir ki, işğalçını dəstəkləyən çıxışları, Fransa Prezidenti Makronun bəyanatını qətiyyətlə pisləyir: “Sonda isə demək istəyirəm ki, biz necə hər həftə sonu deyirik, Qəbələyə istirahətə gedirik, yaxın zamanlarda Kəlbəcərə, Laçına, Şuşaya gedirik, deyəcəyik. Yaşasın Azərbaycan əsgəri”.
Deputat Sevil Mikayılova vurğulayıb ki, Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa və Avropa dəyərlərinə tamamilə zidd olan mövqedə dayanması təəssüf doğurur. Millət vəkili bildirib ki, son günlər Ermənistanın cəbhə boyu xəttdə Azərbaycana hücumu nəticəsində cəbhə xəttində vəziyyət kritik dərəcədə kəskinləşib. Bununla bağlı Azərbaycan Ordusunun apardığı uğurlu əks-həmlə tədbirləri ilə düşmən hücumunun qarşısının alınması münaqişədə birbaşa tərəf kimi çıxış edən Ermənistanı geri çəkilməyə vadar edib: “Son hadisələr ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarını heçə endirib. Öz təxribatlarına dünya birliyi, xüsusilə ATƏT-in Minsk qrupundan lazımi təpki və təzyiq almayan Ermənistan öz təxribatçı əməllərinin miqyasını daha da genişləndirir və eyni zamanda sülh istəmədiyini bir daha sərgiləyir.
Belə bir ağır və məsuliyyətli dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın proseslərdə tutduğu mövqeyi birmənalı şəkildə pisləyirik. Fransa Prezidenti Emmanuel Makronun hərbi əməliyyatlar başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır".
Sevil Mikayılova əlavə edib ki, sülh danışıqlarını irəli aparmalı və sülh prosesinə təkan verməli olan bir dövlətin münaqişə tərəflərindən birinə - Ermənistana verdiyi dəstək göz qabağındadır və ikili standartlardan xəbər verir: “Fransa Prezidentinin münaqişənin həllinə yönəlik səylər göstərmək əvəzinə işğalçı dövlətin mövqeyini müdafiə edərək, birtərəfli ədalətsiz mövqe sərgiləməsi, absurd bəyanat səsləndirməsi birmənalı şəkildə qəbuledilməzdir...”.
Daha sonra deputatlar gündəlikdəki məsələləri müzakirə ediblər. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli Zülfüqaroğlu