“Bu gün hamımız səfərbərik” Siyasət

“Bu gün hamımız səfərbərik”

Prezidentin köməkçisi: “Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad olunsun”

“Biz qəti şəkildə Ermənistanın Azərbaycana qarşı son hücumlarını pisləyirik. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir. Bu əmrlər bilavasitə Ermənistanın siyasi hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir. Burada da beynəlxalq hüquqa əsasən, Ermənistan siyasi rəhbərliyində olan və qondarma qurumun rəhbərliyində olan şəxslər məsuliyyət daşıyır.”
Bunu oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, ermənilər tərəfindən hədəfə alınan yerlər arasında hərbi obyektlər yoxdur: “Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir, artıq uzaqmənzilli raketlərdən də artıq istifadə edilir. Artıq bu raketlər Xızı şəhərinə qədər gəlib çıxıb. Bu, Ermənistan dövlətinin terrorçu əməllərini göstərir. Ermənistan tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün bu cür addımlar atır”.
Hikmət Hacıyevın sözlərinə görə, Ermənistan tərəfindən uzaqmənzilli raketlərdən istifadə münaqişənin daha da gərginləşməsinə xidmət edən amillərdən biridir”.
O bildirib ki, bu raketlərin trayektoriyasına baxılmalıdır: “Həmin raketlərin məsafəsi və trayektoriyası onların Xızıya qədər gəlib çıxdığını göstərir. Bu, açıq-aşkar Ermənistanın acizliyinin, çarəsizliyinin göstəricisidir. Bu kimi təxribatlara Ermənistan tərəfindən öz uğursuzluğunu ört-basdir etmək üçün əl atılır".
Hikmət Hacıyev bildirib ki, bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədir: “Son hadisələri hərbi və siyasi provakasiya kimi qiymətləndiririk. Onlar 3-cü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Azərbaycan tərəfi bunu çox gözəl bilir, bununla bağlı beynəlxalq təşkilatlara, ölkələrə də məlumat verib. Bu gün hamımız səfərbərik. Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad olunsun”.
Hikmət Hacıyev Ermənistanın hər cür təxribata əl ata biləcəyini deyib:
“Tərəfdaşlara da xəbərdarıq edilib ki, Azərbaycanın hava məkanından istifadə zamanı müvafiq koordinatlara əməl etsinlər”.
O bildirib ki, Azərbaycan hava yolları vasitəsilə (AZAL) artıq tərəf müqabillərinə, tərəfdaşlara beynəlxalq hava daşıyıcılarına da məlumat verilib: “Biz Ermənistan tərəfindən hər cür təxribat gözləyirik. Azərbaycanın hava məkanından beynəlxalq aviasiyada geniş şəkildə istifadə edilir. Ona görə də Ermənistanın arsenalında olan hava hədəflərinin zərərsizləşdirilməsinə yönəlmiş vasitələrdən beynəlxalq aviasiyaya qarşı da istifadə edə bilərlər”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın mülki əhalisinə qarşı hücumlara görə Ermənistanın siyasi-hərbi rəhbərliyi və qondarma rejimin rəhbərliyi məsuliyyət daşıyır: “Bütün bunların törədilməsində məqsəd Azərbaycan xalqını təşvişə salmaqdır”.
O bildirib ki, bu, vandalizm aktıdır, barbarlıqdır: “Ermənistanın istifadə etdiyi raketlər çox köhnədir və ona görə də hədəfə çata bilmir. Amma bəzi raketlər hədəfə çatır və mülki əhali zərər çəkir. Onu da qeyd edim ki, bu zərbələrin bir çoxu Ermənistan ərazisindən həyata keçirilir. Bu, beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır. Bu, Ermənistan rəhbərliyinin sivil qaydalardan nə qədər uzaq olduğunu bir daha göstərir. Onlar riyakarlıq nümayiş etdirərək, Azərbaycanda mülki əhalini yenidən hədəfə alırlar”.