“Fərhad Abdullayevə dedim ki...” Siyasət

“Fərhad Abdullayevə dedim ki...”

"Heç olmasa prezidentin qarşıya qoyduğu vəzifəni həll etsinlər"
"Qəbul etmək nədi, nazirlər heç deputatın telefonuna cavab vermirlər"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib, onu təqdim edirik:

-Noyabrın 18-də hökumət 2015-ci ilin büdcə müzakirələri üçün parlamentə təşrif buyuracaq. Onlara verəcəyiniz suallar çox olar yəqin ki.

-İlk növbədə seçildiyim Ordubad rayonunun problemini qabardacam. Çox təəssüf ki, Ordubadın yolları hələ də çox bərbad vəziyyətdədir. Paytaxt Naxçıvanla digər rayonlar arasındakı yollar təmir olunsa da yalnız Ordubadın yolu yenidən qurulmayıb və çox acınacaqlı vəziyyətdədir. Yəni həmin yerə hələ də investisiya ayrılmayıb. Əgər 2-3 il bundan öncə Naxçıvana investisiya qoyuluşu 250 milyondan da artıq idisə, indi bu məbləğ təxminən 50 milyon manat civarındadır. Təsəvvür edin ki, Ordubadda ən azı 7 məktəb yenidən tikilməlidir. Komitənin iclasında da bu məsələni qaldırdım. Sözsüz ki, ilk növbədə bu problemləri qaldıracam. Nəzərə alaq ki, Naxçıvan blokadadadır, əhalinin muxtar respublikanı tərk edib getməməsi üçün orda infrastruktur layihələri genişləndirilməlidir, əsaslı investisiya qoyuluşu artmalıdır. Müqayisə üçün Naxçıvanda ölkə əhalisinin təxminən 5 faizi yaşadığı halda investisya qoyuluşunda bu məqsəd üçün ayrılan vəsaitin 0,1 faizindən də azı Naxçıvana ayrılır. Mən əvvəllər də söyləmişəm ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobillərinin istehsal olunduğu mərkəzə çevirmək olar. Nəzərə almaq lazımdır ki,Naxçıvanda kənd təsərrüfatı üçün yararlı torpaqlar çox azdır. Əhalinin sayı çox, torpaqlar da az. Naxçıvan dağlıq zonadır. Muxtar respublikada yayda da havalar çox isti keçir deyə böyük otlaq sahələri də yoxdur ki, heyvandarlığı, əkinçiliyi inkişaf etdirmək olsun. Üzümçülük çox baha başa gəlir. Çünki sərt qışda tingləri don vurmamaq üçün yerə basdırmaq lazım gəlir. Meyvə ağacları da sərt iqlim dəyişikliklərinə davam gətirmir və tez quruyur, məhsuldarlıq az olur. Ona görə də çıxış yolu burada sənayenin inkişaf etdirilməsidir ki, biz əhalini işlə təmin edə bilək. Mən bu məsələni dəfələrlə qaldırmışam ki, Gəncə kənd təsərrüfatı və yük avtomobillərinin istehsal olunduğu bir mərkəzə çevirə bilərik, Naxçıvanı da minik avtomobillərinin istehsal olunduğu mərkəzə.

-Daha sonra hansı aktual məsələ var?

-Biz ordunun hərbi potensialını ən azı Ermənistanınkından 10 dəfə artırmalıyıq. Buna görə də hərbə ayrılan xərclər artırılmalıdır. Bundan başqa 22 ildən artıqdır qaçqınlar-köçkünlər acınacaqlı vəziyyətdə yaşayırlar. Bu sahəyə də gələn ilki büdcədən cəmisi 300 milyon manat vəsait ayrılıb. Mənsə hesab edirəm ki, həmin sahəyə ayrılan vəsait ən azı 3 dəfə artırılmalıydı. Şəhid ailəlləri və əlillər üçün mənzil tikintisinə gələn ilki büdcədə cəmisi 20 milyon manat ayrılıb. Halbuki, prezident vəzifə qoyub ki, qarşıdakı 5 il müddətində ev növbəsində dayanan 5700-dən artıq Qarabağ əlili və şəhid ailəsi mənzillə təmin olunmalıdır. Bu vəzifəni həyata keçirmək üçün 5 il ərzində hər il ən azı 60 milyon manat vəsait ayrılmalıdır. Deməli, 20 milyon ayrılırsa bu vəzifə 5 yox, 15 ilə həyata keçirilə bilər. Bu kateqoriya insanların çoxu isə illərdi mənzil növbələrindədir. Elə ailə var ki, 20 ildir mənzil növbəsindədir. Çoxunun səhhətində ciddi problemlər var. Ona görə də komitələrdəki büdcə müzakirələri zamanı tələb etdim ki, bu sahələrə ayrılan vəsaitlər ən azı 3 dəfə artırılsın. Heç olmasa prezidentin qarşıya vəzifə kimi qoyduğu məsələni 5 il ərzində həyata keçirmək üçün indidən tədbir görsünlər. Həm də bu kimi məsələlər vətənpərvərlik və hərbçilərimizin döyüş ruhunu qaldırmaq üçün olduqca önəmli məsələdir ki, əsgər sabah əlil və ya şəhid olacağı təqdirdə onun ailəsinin qapılarda qalmayacağına əmin olsun. Əsas qaldıracağım məsələlər bunlar olacaq. Bir də bizim yaralı məsələlərimiz təhsil və səhiyyə sistemidir ki, burda da köklü islahatlar aparılmasa, səhiyyə müəssisələri, dövlət universitetləri özəlləşdirilməsə, icbari tibbi sığortaya keçilməsə, təhsil kreditləri verilməsə vəziyyət düzələn deyil.

-Regional təhsil idarələri ideyası iflasa uğradıldıqdan sonra bu sistemin başının üzərindəki "Domokl qılıncı"nın tiyəsi yenə parıldadı...

-Yadınızdadırsa mən bir müddət öncə elə Moderator.az-a müsahibəmdə icbari sığorta məsələsinə toxunanda demişdim ki, baş nazirin müavini Əli Əhmədovu ya şantaj edəcklər, ya da pulla ələ almağa çalışacaqlar ki, icbari tibbi sığorta tətbiq edilməsin. Nəticəsi nə oldu? İndi deyirlər ki, bu məsələ bir il də uzandı və qaldı 2016-cı ilə. 2016-cı ildə də başqa bəhanələr tapılacaq və mümkün qədər bu prosesi yubatmağa çalışacaqlar. Təsəvvür edin ki, hələ 1999-cu ildən bu qanun qəbul olunsa da bu günədək tətbiq olunmur. Ona görə ki, xəstələrdən həkimlərin aldıqları pulun hamısı özlərinə çatmır, onlar aparıb çoxunu şöbə müdirinə, o da baş həkimə, o da daha yuxarılara verir. Amma icbari tibbi sığortaya keçilsə həkimlər indikindən bir neçə dəfə yüksək maaş alacaqlar, yəni həkimin özü xəstənin cibində qalmayacaq. Bir kateqoruya insanları dövlət öz hesabına icbari sığorta etdirəcək. Tutaq ki, şəhid ailələri, Qarabağ əlilləri pulsuz tibbi sığorta olunacaq. Nəticədə ölkədə normal səhiyyə sistemi qurulacaq və normal da təhsil olacaq. Eləcə də təhsil sistemində ciddi islahatlara gedilməsə, icra strukturlarının təhsilə müdaxilə imkanları qapadılmasa, digər tənzimləyici islahatalara gedilməsə nəsə yaxşılağa doğru dəyişəcəyinə kimsə ümid etməsin.

-Vaxtaşırı nazirləri tənqid edirsiniz ki, onlar nəinki deputatları qəbul etmir, heç telefonlarına da cavab vermirlər. Bu dəfə də belə bir fürsət yaranacaq onları qınamağa...

-Onsuz da büdcə müzakirələrində vaxt çox azdır və bütün problemləri qaldırmağa imkan çatmır. 10 dəqiqə ərzində cəmiyyət həyatındakı bir çox problemləri işıqlandırmaq mümkünsüz məsələdir. Bəzən də heç 10 dəqiqə də verilmir və bu vaxt 5 dəqiqəyədək azadılır. Yəni vaxt bütün problemlərə diqqəti yönəltmək üçün çox azdır. Amma mən dəfələrlə bu məsələləri qaldırmışam ki, deputat statusu haqqında qanuna yenidən baxılsın. Çünki bu gün deputatın demək olar ki, statusu çox aşağıdır. Təsıvvür edin ki, deputat statusuna görə deputat hansısa vəzifəli şəxsə müraciət etdikdə onu təxirəsalınmaz surətdə qəbul etməlidir. Qəbul nədi, bu gün heç teleonuna cavab vermirlər. Yəni əgər hansısa bir nazirlə şəxsi tanışlığın yoxdursa, sənin telefonuna belə cavab vermir. Köməkçisinə də zəng etdikdə yalandan deyir ki, nazir yerində yoxdur və ya iclas keçirir. Nəticədə sən heç sənə ünvanlanan problemi çatdıra bilmirsən. Biz nazirliklərə çoxsaylı məktublar yazıb göndəririk. Sizə səmimi deyirəm ki, hər gün səhər mən işə gələndə müxtəlif nazirliklərə bir neçə məktub göndərirəm. Bir-iki struktur istisna olmaqla qalan nazirliklər heç cavab yazmağı da özlərinə rəva bilmirlər ki, bu problemlə bağlı fikirləri nədir, onun həllini necə və nədə görürlər, bu məktub əsasında hansı qərar qəbul olundu. Ona görə də parlamentin rolu artırılmalıdır ki, hökumət üzvləri ondan çəkinsin. Məsələn, biz bələdiyyələrin statusu haqqında qanuna baxırdıq, bələdiyyələrin geri çağrılması mexanizmi tətbiq olunmağa başlayır. Mən həmin müzakirələrdə söylədim ki, axı heç bələdiyyələrin onsuz da elə bir statusu yoxdur. Onu əlavə olaraq qapazaltı etməyin mənası nədir? Məsələn, yazılır ki, bələdiyyələrə etimadsızlıq göstərildikdə həmin bələdiyyə buraxılmış olur. Dedim ki, konstitusiyada yazılıb ki, Nazirlər Kabineti parlamentdə hesabat verir. Konstitusiyada yazılıb ki, bələdiyyələr də parlamentdə hesabat verir. İndi bəs necə olur ki, bələdiyyənin verdiyi hesabat qəbul olunmayanda bələdiyyəni istefaya göndərirlər, amma tutaq ki, Nazirlər Kabinetinin hesabat verməsinin əlavə təminatları haqqında konstitusiya qanunu var, həmin qanunda qeyd olunmur ki, parlament hökumətə etimadsızlıq göstərdikdə nə baş verir. Yəni bu məsələ açıqdır. Bu gülməli bir məsələdir. Bir neçə gün öncə Polis Akademiyasında 12 noyabr Konstitusiya günü münasibətilə tədbir keçirilirdi. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də orada iştirak edirdi. Ona söylədim ki, son vaxtlar konstitusiyaya zidd qanunlar qəbul olunur, mən başa düşürəm ki, qanuna görə siz öz təşəbbüsünüzlə hər hansı bir məsələyə baxa biləmrsiniz. Amma siz özünüzü bu məsələdən tamamilə kənara da çəkməməlisiniz. Siz dövlət hakimiyyətinin bir qanadının başında dayanan qurumun rəhbəri kimi digər hakimiyyət qollarıyla əlaqəli işləyin. Parlament və prezident qarşısında məsələ qaldırın ki, cənab prezident, bizim öz təşəbbüsümüzlə bu məsələyə baxmaq hüququmuz yoxdur, amma filan qanun konstitusiyaya ziddir, ona görə də bizə status verin ki, müdaxilə edə bilək. Tutaq ki, mən bir deputat kimi Konstitusiya Məhkəməsinə müraciət edə bilmirəm. Hörmətli akademik Ramiz Mehdiyev deyir ki, bizim bir çox bölgələrdə qızlar 15 yaşında ərə verilir. Bunu araşdıranda bilirsiniz nə ilə rastlaşırsınız? Yəni əvvəllər də mövcud olan bu problem bir az da kəskinləşib. Çünki konstitusiyaya zidd olaraq təhsil qanunu qəbul etdilər. Konstitusiyada yazılmışdı ki, Azərbaycanda orta ümumtəhsil icbaridir və dövlət də bunu təmin etməyə borcludur. Yəni konstitusiya dövlətin üzərinə öhdəlik qoymuşdu ki, 11-ci sinifədək Azərbaycan vətəndaşını oxutmalısan. Götürdülər təhsil qanununa zorla biabırçı bir müddəa daxil etdilər ki, Azərbaycanda həm orta, həm də tam orta təhsil pilləsi var, dedilər ki, ümumi orta təhsil artıq 9-ci sinifə qədərdir. Mən o vaxt da etiraz etdim ki, siz neynəyirsiniz? Konstitusiyada yazılır ki, orta təhsildən sonra camaat ali təhsilə gedir, indi 9-ci sinifi bitirəndən sonra camaat ali məktəbə sənəd verə biləcək? Ancaq söz fırlatdılar və kobud formada, biabırçı şəkildə konstitusuyaya zidd qanun qəbul etdilər. İndi 9-ci sinifdən 15 yaşında olan qız uşağını məktəbdən çıxarırlar, rayon yerlərində də iş yerləri yox. Bu qız neynəsin? O da oturub evdə ancaq ərə getmək haqqında düşünür. Təbii ki, mən demirəm problemlər yalnız bu məsələdən qaynaqlanır. Amma biabırçı təhsil qanunun bu məsələdə "xidmət"ləri də danılmazıdr. Yaxud vətəndaşlıq haqqında qanunu götürək. Konstitusiyada yazılır ki, vətəndaş heç bir halda vətəndaşlıq hüququndan məhrum edilə bilməz. Amma qanun qəbul edilir ki, vətəndaş başqa ölkənin vətəndaşlığını qəbul etdikdə ölkə vətəndaşlığından məhrum edilir.

-Fərhad Abdullayev nə cavab verdi?

-O da deyir ki, biz öz təşəbbüsümüzlə bu məsələlərə baxa bilmərik. Mən də deyirəm ki, siz o zaman fərdi qaydada dövlət hakimiyyət orqanları qarşısında bu məsələləri qaldırın, həm parlamentlə, həm prezidentlə müzakirə olunsun, yaxud təşəbbüslə çıxış edin ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri artırılsın. Orda yazılıb ki, yalnız Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Tutaq ki, məni kimi 40 deputat hesab edir ki, qəbul edilmiş filan qanun konstitusiyaya ziddir. Amma biz bunu etmək imkanında deyilik. Axı bizə status verilməlidir ki, belə bir təşəbbüslə çıxış edərək konstitusiyaya zidd olan bu qanuna etiraz edə bilim. Qanuna görə mən seçicimin maraqlarına zidd olan məsələ ilə bağlı etiraz edə bilərəm. Amma mənim bir deputat olaraq Konstitisuya Məhkəməsinə müraciət etmək səlahiyyətim yoxdur. Ona görə də dəyişiklik edilərək belə bir səlahiyyət verilməlidir ki, seçicilərimizin konstitusion hüquqlarının pozulmasına etiraz etmək, antikonstitusion qanunların qəbulunun qarşısını almaq hüququmuz olsun. Bir halda ki, əgər mən Konstitusiya Məhkəməsinə müraciət etmək istəyirəmsə, o zaman Milli Məclis də öz qərarıyla mənim müraciətimi parlamentin adından Konstitusiya Məhkəməsinə göndərsin. Bilirsiniz, bu islahatlar aparılmasa, Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndirilməsə, deputatların səlahiyyətləri artırılmasa heç nə dəyişən deyil.