Vertolyotun vurulması müharibənin başlanacağı deməkdirmi? Siyasət

Vertolyotun vurulması müharibənin başlanacağı deməkdirmi?

Ermənilərin cinayətlərinə bir qayda olaraq göz yuman beynəlxalq təşkilatlardan bu dəfə operativ reaksiya gəldi

Cavid

Azərbaycan-Ermənistan təmas xəttində Ermənistana məxsus hərbi vertolyotun vurulmasından sonra rəsmi İrəvan Bakının ünvanına hədələyici mesaj verib. Ermənistan KİV xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanissyan deyib: "Bu presendetsiz bir gərginlik səbəbidir və vertolyotumuzun məhv edilməsinin nəticələri rəsmi Bakı üçün çox ağır olacaq".
Maraqlıdır ki, öz torpaqlarında cinayətkar erməni hərbi birləşmələri tərəfindən girov götürülən azərbaycanlı mülki vətəndaşların qətlinə, bəziləri üzərində qurulan qondarma məhkəmələrə, kəndlərin, evlərin hər gün atəşə tutlmasına göz yuman, həyasızcasına bütün bunlardan xəbərsiz olduqlarını iddia edən beynəlxal təşkilatlardan bu hadisəyə operativ reaksiya gəldi. Dağlıq-Qarabağda Ermənistan hərbisinə məxsus helikopterin vurulması ilə əlaqədar ilk reaksiya ənənəvi olaraq həmsədrlərdən və Avropa Birliyindən gəldi.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib ki, "Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibəni yenidən başlamaq variantından imtina etməlidirlər". O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin böyüməsi heç kəsin marağına cavab vermir: "Tərəflər vəziyyətin daha da gərginləşməsinə yol verməməlidir".
Birləşmiş Millətlər Təşkilatı isə məsələyə dair araşdırma aparılması üçün çağırış edib. BMT baş katibinin müavini Farhan Haq hadisəyə dair dəlillərin toplanacağını deyib. Farhan Hak jurnalistlərə bildirib ki, BMT vurulan helikopterlə bağlı faktları toplayır.
"Bizə faktları almaq və təfərrüatları aydınlaşdırmaq lazımdır, amma hal-hazırda heç bir təsdiq etmə yoxdur", – Farhan Hak deyib.
Avropa Birliyi isə, rəsmi saytında məsələyə münasibət bildirib. "Avropa Birliyi ATƏT-in Minsk qrupu və 3 həmsədrə məsələnin həllində göstərdiyi cəhdlərinə görə bir daha dəstəyini elan edir. Hər iki ölkə atəşkəs rejiminə riayət etməli, qarşılıqlı şəkildə güc tədbiq etməkdən çəkinməli və münaqişənin sülh yolu ilə nizamlanması üçün cəhdlərini yeniləməlidir".
Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopterini məhv edilib.
"Hərbi vertolyotun vurulması ilə bağlı insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır". Bunu isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki Azərbaycan SQ-nin Ermənistan hərbi vertolyotunu vurması barədə suala cavabında deyib.
C.Psaki bildirib: "Sözügedən hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə, o cümlədən gərginliyin azaldılması və atəşkəs rejiminə əməl olunması məqsədilə səylərin ikiqat artırılmasının zəruruiliyi barədə daha bir xatırlatmaqdır".
Azərbaycan ordusunun işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin helikopterini vurması dünyanın nüfuzlu media qurumlarının diqqətindən kənarda qalmayıb.
Məsələn, İngiltərənin "The Guardian" qəzeti yazır ki, bu gün Ermənistan silahlı qüvvələrinin helikopterinin vurulması uzun müddətli münaqişənin yenidən alovlana biləcəyini göstərdi.
"The Guardian" bu ilin avqustunda cəbhədə 14 Azərbaycan əsgərinin həlak olmasını xatırladıb və həmin insidenti 1994-cü ildə bağlanan atəşkəs sazişindən sonra ən qanlı insident kimi təqdim edib.
Helikopterin vurulması ilə bağlı Azərbaycan və Ermənistan tərəfdən verilən rəsmi açıqlıamalarıın da yer aldığı məqalədə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 min insan ölüb.
Milli Məclisin Təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov deyib ki, son 8 aydır ki, cəbhə bölgəsində vəziyyət tam gərgin olaraq qalır. Mütəmadi olaraq atışmalar, Ermənistan tərəfindən atəşkəsin pozulması, Azərbaycan ərazisinə diversantların göndərilməsi və.s kimi təxribatların mütəmadi olaraq şahidi oluruq.
Millət vəkili hesab edir ki, bu da növbəti təxribatlardan biridir: "Lakin Ermənistan dəfələrlə şahidi olub ki, hər hansı bir diversiyaya, təxribata əl atdıqda silahlı qüvvələrimiz onlara tutarlı cavablarını verib. İstənilən vaxt Azərbaycan ordusu Ermənistan tərəfindən sərhədin, atəşkəsin pozulması kimi cəhdlərin qarşısını alıb. Lakin ola bilər ki, erməni tərəfi təxribatlarını davam etdirsin. Burada hər bir cəhd olunur və olması da gözləniləndir. Amma bu gün Azərbaycan ordusunun həm təchizatı, həm də döyüşə hazırlıq səviyyəsi onu göstərir ki, Azəbaycana qarşı Ermənistan təxribat həyata keçirə bilməz".
Millət vəkili Fərəc Quliyev bildirib ki, düşmən helikopterinin vurulması aktiv hərbi əməliyyatlara səbəb olsa da, olmasa da düzgün addım idi: "Müharibə hələ də davam edir və sadəcə olaraq aktiv mərhələyə qədəm qoymayıb. Gün ərzində atəşkəsin, 40-50 dəfə pozulması da davam edən müharibədən xəbər verir. Azərbaycan uzun illərdir ki, problemi sülh yolu ilə həll etməyə cəhd edir. Lakin görünən odur ki, Ermənistan problemin sülh yolu ilə həllində maraqlı görünmür. Və təbii ki, belə davam edərsə Azərbaycan hərbi əməliyyatlar yolu ilə işğaldakı torpaqlarını azad etməlidir. Bugünə kimi baş verən hərbi təmaslar göstərir ki, Azərbaycan ordusu düşmən ordusundan qat-qat güclüdür və işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir".