Həmsədrlərin bəyanatı etirazla qarşılandı Siyasət

Həmsədrlərin bəyanatı etirazla qarşılandı

Ziyafət Əsgərov: "ATƏT həmsədrlərinin bu bəyanatı təxribatdır"

Adil Əliyev: "Biz, həmsədrlərdən ikili standartlara son verilməsini tələb edirik"

ATƏT-in Minsk qrupunun həmsədrləri vurulan helikopterlə bağlı bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər, Azərbaycan Silahlı Qüvvələri tərəfindən noyabrın 12-də vurulmuş və qalıqları Ermənistanin işğalçı qoşunları ilə Azərbaycan qoşunlarının təmas xəttindəki minalanmış neytral əraziyə düşmüş hərbi helikopterə humanitar giriş imkanı olmadığına görə narahatlıq ifadə ediblər. Bəyanatda həmsədrlər tərəfləri helikopterin düşdüyü ərazidə atəşi dayandırmağa və ətraf əraziləri minalardan təmizləməyə, eləcə də 2010-cu il Həştərxan Bəyanatının ruhuna uyğun olaraq Azərbaycanı həlak olmuş hərbçilərin meyitlərinin götürülməsinə imkan verməyə, Ermənistanı isə bu humanitar vəziyyətin həlli üçün həyata keçirilən bütün səylərlə tam əməkdaşlıq etməyə çağırıblar. Bəyanatın sonunda həmsədrlər 12 noyabr bəyanatında olduğu kimi, tərəflərə atəşkəs rejiminə riayət edilməsi və münaqişənin dinc yolla həlli üçün Soçi, Nyuport və Parisdə götürdükləri öhdəliklərini xatırladıblar.
Həmsədrlərin bəyanatında helikopterin qoşunların təmas xəttindəki minalanmış neytral (burada, təbii ki, bəyanatın orijinal mətnindən göründüyü kimi, neytral ərazi hərbi termin olaraq istifadə edilir) əraziyə düşməsinin qeyd edilməsi Ermənistan tərəfinin insidentlə bağlı yaydığı çoxsaylı dezinformasiyanı alt-üst edən növbəti fakt kimi dəyərləndirilməlidir. Helikopterin minalanmış neytral əraziyə düşməsi onun zərərsizləşdirilmədən öncə Azərbaycanın işğal olunmuş ərazilərindən keçən təmas xəttinin Ermənistanın işğalçı qoşunlarının nəzarətində olan tərəfdəki mövqeləri tərk edərək, Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan mövqelər üzərinə keçməsinə və orada vurularaq təmas xəttində neytral əraziyə düşməsinə bir sübutdur. Bu isə helikopter insidentinə Ermənistanın Silahlı Qüvvələrinin öz təxribatçı hərəkətləri ilə səbəb olmasını bir daha nümayiş etdirir. Yeri gəlmişkən, həmsədrlər noyabrın 12-də yaydıqları bəyanatda da bu həqiqəti etiraf edilər. Digər tərəfdən, həmsədrlər bəyanatda Ermənistana da müraciət edərək, bu vəziyyəti həll etmək üçün tam olaraq bütün səylər ilə əməkdaşlıq etməyə çağırırlar. Bu səylərin isə nədən ibarət olduğunu anlamaq çətin deyil. Artıq neçə aydır ki, Azərbaycan işğal altında olan öz dədə-baba yurdu Kəlbəcəri ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş vətəndaşlarının geri verilməsini tələb edir. Bu məsələ müxtəlif kanallar vasitəsilə Ermənistana çatdırılsa da, işğalçı tərəf, bu humanitar məsələnin həlli istiqamətində heç bir addım atmır. Həmsədrlər bəyanatda Ermənistanın məhz bu davranışına işarə edirlər.
Həmsədrlər işğalçı dövlətin üç hərbçisinin başqa ölkənin hava səmasında qanunsuz döyüş tapşırığı yerinə yetirərkən həlak olmasından elə mütəəssir olublar ki, öz dövlətinin ərazisində ata-baba yurdunu ziyarət edən, Ermənistan Silahlı Qüvvələri tərəfindən tutularaq işgəncələrə məruz qoyulan, üzərlərində absurd məhkəmə prosesi qurulan və bu müharibənin əsl qurbanları olan insanlara da dünənki bəyanatlarında diqqət ayırmağı "unudublar". Əgər Ermənistan doğrudan da hərbçilərinin meyitlərinin qaytarılmasında maraqlıdırsa, bu zaman həmsədrlər emosiyaların girovluğundan xilas olub, tez bir zamanda öz torpağında əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistana ünvanlanmış bəyanatlarla çıxış etməlidirlər.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan isə deyib ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu: "Dağlıq Qarabağda erməni helikopterinin vurulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də, ABŞ Dövlət Departamenti də münasibət bildirib. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu helikopterin vurulmasına səbəb olan hadisələrə görə təəssüflənirik". "Biz tərəfləri münaqişəni dinc yolla nizamlamağa çağırırıq. Prezidentlərin Soçidə, Uelsdə və Parisdə keçirilən görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu. Biz tərəfləri bu razılaşma və irəliləyişləri davam etdirməyə, bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq", - deyə diplomat bildirib.
Qeud edək ki, bu bəyanat etirazla qarşıanıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, ATƏT həmsədrlərinin bu bəyanatı təxribatdır: "Bəyanatda iddia edilir ki, guya vertolyot neytral əraziyə düşüb. Bu nə deməkdir? Burada heç bir neytral ərazidən söhbət gedə bilməz. Vertolyotun düşdüyü ərazi Azərbaycan ərazisidir. ATƏT Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onların bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir".
Millət vəkili Adil Əliyev isə bildirib ki, Azərbaycan torpaqlarının neytral zona adlandırılması heç bir hüquqi əsasa sığmır: "Bu necə ola bilər. Həmsədrlər təmsil etdikləri dövlətlərin adından danışırlarsa, Amerika Birləşmiş Ştatları da, Rusiya da, Fransa da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə görünür ki, burada kəskin paradoks var. Minsk Qrupunun həmsədrlərinin bu bəyanatı məndə böyük təəssüf hissi duğurdu. Nə zamandan Azərbaycan əraziləri neytral zona oldu. Ən azından həmsədrlər bəyanat verərkən müvəqqəti neytral zona ifadəsini işlətməli idilər". Deputat diqqəti 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu helikopterin erməni silahlı quldurları tərəfindən vurulmasına çəkərək qeyd edib ki, həmin hadisə zamanı 22 nəfərin həyatına son qoyulub ki, onların da əksəriyyəti Azərbaycanın dövlət adamları, nazirlər olub: "Düzdür, hələ o zaman ATƏT-in Minsk Qrupu yox idi. Amma insan faciəsi ki, var. Bir müqayisə aparsınlar. Biz həmsədrlərdən ikili standartlara son verilməsini tələb edirik".

Əli