Müsavatın parçalanma anonsu... Siyasət

Müsavatın parçalanma anonsu...

Vurğun Əyyub: "İsa Qəmbər kimlərin yanındadır...?"

Müsavat partiyasında vəziyyyət gərgindir. Narazılara qarşı görülən sərt tədbirlər, partiyadan xaricetmə, töhmət cəzaları müsbət effekt vermir. Əksinə, vəziyyəti daha da ağırlaşdırıb. Sabiq başqan adayı Səxavət Əlisoy partiyadan çıxarılıb. Buna etiraz edən Hikmət Hacızadə özü Müsavatdan istefa verib. Yaxın günlərdə sabiq başqan adayı Qubad İbadoğlunun, Vurğun Əyyubun da analoji addım atacağı gözləniləndir. Müsavatda alternativ strukturlar yarana bilər. Proses ona doğru aparır. Böyük ehtimalla, Qubad İbadoğlu-Vurğun Əyyub tərəfdarları alternativ Məclis yaradacaq və sonra qurultaya gedəcəklər. Özü də "Müsavat partiyası" adı ilə.
Müsavat Partiyasının Bakı şəhəri, Binəqədi rayon təşkilatının Şura iclasında isə qalmaqal baş verib. Partiyanın Divan üzvü, təşkilatın sabiq sədri, vəkil Nemət Kərimli ilə Şura üzvü Arif Əzizzadə arasında söyüş-təhqirlərlə müşayiət olunan mübahisə baş verib. Nemət Kərimli bunun partiyadaxili məsələ olduğunu əsas gətirərək, danışmaq istəməyib.
Arif Əzizadə isə deyib ki, iclasda Nemət Kərimli onu sabotaj yaratmaqda suçlayaraq təhqir edib. O, Nemət Kərimlinin təhqirləri ilə əlaqədar artıq Mərkəzi Nəzarət-Təftiş Komissiyasına şikayət etdiyini söyləyib: "İclasın sədri qalıb kənarda, iclasın gündəliyini qeyri-qanuni olaraq Nemət Kərimli müəyyənləşdirirdi. Mən iradımı bildirdim ki, Divan üzvü iclasa müdaxilə edə bilməz, çünki Şuranın üzvü deyil. Onun iclasa müdaxiləsinə etirazımı bildirdim. Nemət Kərimli isə məni sabotaj yaratmaqda ittiham etdi. Mən bunun səbəbini soruşduqda yerli-yersiz danışmağa başladı, qadınları iclas zalından çıxararaq, məni təhqir etdi. Hiss olunurdu ki, o, sərxoş idi". Nemət Kərimli də öz növbəsində Arif Əzizzadə ilə bağlı MNTK-ya şikayət edəcəyini açıqlayıb.
Onu da əlavə edək ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin partiya daxilində məsələlərə münasibət bildirməsindən sonra ictimaiyyətdə müxtəlif fikirlər səsləndirildi. Mətbuatda yayılan şərhlərə görə, İsa Qəmbər məlum statusu ilə demək istəyib ki, partiyada narazı üzvlər hakimiyyətin sifarişini yerinə yetiriblər. Onlar arasında isə partiya üzvü Vurğun Əyyubun da adı çəkilib.
Vurğun Əyyub bildirib ki, yayılan əsassız məlumatlara cavab vermək niyyətində deyil. Lakin o, həmçinin bir neçə məqama aydınlıq gətirib: "Ümumilikdə götürəndə bəli, mübarizə müsavatçılarla hakimiyyət arasında gedir. Sadəcə olaraq, biz müsavatçılar partiyanın demokratik bir şəkildə, nizamnaməyə uyğun idarə edilməsinin tərəfindəyik. Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?". Vurğun Əyyub bildirib ki, digər üzvlərdən fərqli olaraq, o, istefa barəsində düşünmür: "Müsavat Partiyasını yenidən bərpa edən şəxslərdən biriyəm. Eyni zamanda, həyatımın böyük bir hissəsini bu partiyanın qurulmasına həsr etmişəm. Bu baxımdan istefa barəsində qətiyyən düşünmürəm".
Müsavat Partiyası başqanının müavini, Məclis üzvü Gülağa Aslanlı deyib ki, çox təəssüfləndirici haldır ki, Müsavat Partiyasına qarşı onu istəməyənlərin birləşməsi görüntüsü var: "İsa Qəmbərin bu cümləsi məncə, çox yerində bildirilmiş ifadə idi. Bunu kimlərinsə öz üzərinə götürməsi, bəzi mətləblərin açılmasına səbəb olur... Amma Müsavat Partiyasının İsa Qəmbər tərəfindən idarə olunduğu kimi iddiaların səsləndirilməsi bu adamların niyyətlərini ortaya qoyur ki, bunlar da partiyanın yeni seçilmiş strukturlarının fəaliyyətinə kölgə salmağa hesablanmış bir addımdır. Bu iddiaların irəli gedə biləcəyini düşünənlər tamamilə yanlışlığa yol verirlər".
Gülağa Aslanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerlərinin Müsavatda baş verən hadisələrə münasibət bildirməsinə də toxunub. Onun sözlərinə görə, AXCP Müsavatı öz rəqibi kimi görməklə yanlışlığa yol verir: "AXCP funksionerlərinin ifadələrinə təəssüflənirik. AXCP bizim rəqibimiz deyil. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar".
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib ki, Müsavat Partiyasının yeni başqanından narazı olanlar yeni partiya və ictimai birlik yaratmaq məsələsini müzakirə edirlər. Səxavət Əlisoy qeyd edib ki, narazı üzvlərlə məsləhətləşmələr davam edir: "Bu həftə sonu müzakirələri tam bitiririk, gələn həftə qərarımızı bildirəcəyik. Müxtəlif təkliflər var və təkliflərə keçid dövrü üçün ictimai birlik, partiya yaratmaq daxildir. Biz fraksiya məsələsini qoyurduq, ancaq bizim Müsavat Partiyasını işğal edən dəstə ilə bir yerdə olmağımız mümkün deyil. Ona görə də növbədənkənar qurultay məsələsini də müzakirə edirik. Bu variantların hər biri müzakirə olunur". Onun fikrincə, hər şey yenidən başlamalıdır, obyektiv qurultay keçirilməlidir: "Lakin bu da bu partiyanı işğal edən qaragüruh dəstə ilə mümkün deyil. Onlar Müsavat Partiyasında saxtakar imici yaradıblar. Artıq bunların kimisə saxtakarlıqda ittiham etməyə haqqı yoxdur".
Səxavət Əlisoy deyib ki, obyektiv qurultay keçirilsə, Arif Hacılı 10-15 faizdən yuxarı səs toplaya bilməz.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə istənilən adamın partiya yaratmaq hüququnu tanıdıqlarını deyib: "Kim partiya yaratmaq istəyirsə, buyursun, həyata keçirsin. Kimsə onların bu hüququnu əllərindən almır. Amma bundan əvvəl də Müsavatdan gedənlər partiya yaradıblar. Onların Müsavatdan nə qədər tərəfdar apara bildiyi göz önündədir. Buna görə də "yeni partiyanın yaranması Müsavatın parçalanması ilə nəticələnə bilər" fikri ilə razı deyiləm. Ən pis halda Müsavatdan qopmalar ola bilər".
Arif Hacılının yeni müavini, hüquqşünas Osman Kazımov isə yeni partiya yaradanların Müsavatın adından istifadə etməsinin hüquqi əsaslarının olmadığını bildirib: "Hafiz Hacıyev də Müasir Müsavat Partiyası yaradıb. Bunlar da belə bir forma seçib hansısa adda partiya yarada bilərlər. Amma konkret Müsavatın adına iddia etmələrinin hüquqi əsası yoxdur".

Əli