“Demokratiya həm də uzlaşma qabiliyyətidir” Siyasət

“Demokratiya həm də uzlaşma qabiliyyətidir”

Sərdar Cəlaloğlu: "Azərbaycan muxalifətində isə bu qabiliyyət yoxdur"

Ellada Məmmədli: "Özünü rəhbərlik adlandıran qurum bu insanlar nədən narazıdır deyə çözüm yolu axtarmaq əvəzinə, qapını göstərir"

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər yeni yaradacaqları qurumun nizamnaməsini hazırlayırlar. Bu barədə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib. Səxavət Əlisoy yeni yaranacaq qurumun partiya və ya ictimai birlik olması barədə danışmağın hələ tez olduğunu bildirib. O qeyd edib ki, qurumun hansı formada olacağı yaxın günlərdə bilinəcək. Başqanlığa keçmiş namizəd mübarizədən geri çəkilməyəcəklərini bəyan edib. O bildirib ki, son qurultay zamanı baş verən saxtakarlıqlar aradan qaldırılmayana və ədalət bərpa olunmayana qədər mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.
Müsavat Partiyası Divanı isə bir müddət öncə Səxavət Əlisoyu partiya sıralarından xaric edib.
Müsavat Partiyasında gedən son proseslərə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, əslində mən bunu əvvəlcədən İsa bəyə demişdim: "Burada qeyri-adi heç nə yoxdur. Müsavatda baş verənlərin həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəbi odur ki, adamların xüsusi iddiaları, müəyyən pozucu qüvvələr var ki, onlar Müsavatın zəifləməsində maraqlıdır. Obyektiv səbəbi isə innovasiya xəstəliyidir. Yəni, təzə şey insanlarda diskamfort yaradır. Liderin birdən yenilənməsi, partiyada siyasi vəziyyətin dəyişilməsi təzəliyə dözümü olmayan adamları narahat edir. Digər bir obyektiv səbəb isə Azərbaycan müxalifəti üçün xarakterik olan demokratiya problemidir. Biz nə qədər demokratiya tələb etsək də, iqtidarı bu baxımdan tənqid etsək də, əslində Azərbaycan müxalifəti özü demokratiyadan uzaqdır.
Demokratiyanı bolşevizmdən fərqləndirən bir əlamət var ki, bu konsensusa getməkdir. Bolşevizm də, demokratiya da səs çoxluğuna əsaslanır, amma konsensusun olmadığı yerdə səs çoxluğu ilə aparılan bütün işlər bolşevizmdir. Müsavatda da tərəflərin heç biri konsensusa gəlmək barədə düşünmür.
Tutalım ki, Qubad İbadoğlu düz deyir, seçkilədə yanlışlıq olub. ABŞ-da Buş seçkilərdə qalib gələndə rəqib tərəf elan elədi ki, seçkilərdə saxtakarlığa yol verilib, amma seçkilərin nəticələrini qəbul etdi. Çünki demokratiya təkcə səs çoxluğu deyil, həm də konsensusa gedə bilmək, uzlaşma qabiliyyətidir. Azərbaycan muxalifətində isə bu qabiliyyət yoxdur. Nə partiyadaxili, nə də partiyalararası konsensusa gələ bilirlər. Bu da bütünlüklə Azərbaycan cəmiyyətinin demokratiyadan uzaq olmasını göstərir. Əslində Müsavatdakı vəziyyəti demokratik üsullarla, dost kimi deyə-gülə, gələcəyə ümidlə baxaraq həll etmək olardı. Əgər narazı olanlar özü partiya rəhbərliyində olacağı halda Arif Hacılı ilə əməkdaşlıq edəcəkdisə, indi niyə etmirlər? Müsavat Partiyası yarananan gündən Arif Hacılı orada ikinci adam olub. İsa Qəmbərin başqan olduğu vaxtda partiyanın hər hansı bir nailiyyəti olubsa, onun 50%-i elə Arif Hacılının payına düşür. İndi belə çıxır ki, bu adamın bu qədər fəaliyyətinin üstünə xətt çəkib müsavatçılıq davası edirsən? Bu, proseslərə qeyri-demokratik yanaşmanın nəticəsidir".
O, həmçinin əlavə edib ki, İsa Qəmbər son müşavirədə barışdırıcı, ortaq mövqeyə gəlməyin vacibliyini vurğulayıb: "Üzvləri müsavatçılıq ideologiyası ətrafında birləşməyə çağırıb, qurultayın qərarlarına hörmət etməyə səsləyib. Amma orada onun çıxışına söz atıblar, onun özünü də düzgün mövqe tutmamaqda ittiham ediblər. O da görəndə ki, süni surətdə Müsavatdakı proses gündəmdə saxlanılır, partiyanın parçalanma görüntüsü yaradılır, ona görə də məcbur olub dedi ki, çıxın gedin. Nə deməlidir?
Atalar misalı var- yara var bağlayarlar, yara var dağlayarlar. Buradakı yara elədir ki, onu bağlamaqla sağalan deyil, dağlamaq lazımdır. Onlar onsuz da partiyada qalmaq istəmir".
ADP sədrinin fikrincə, yaxşı olardı ki, qurultaydan sonra Qubad İbadoğlu Məclisə rəhbərlik edərdi: "Bu, olardı demokratiya. Amma Qubad İbadoğluna təklif olunduğu halda Məclis sədrliyindən, onun tərəfdarları isə Müsavatda yer tutmaqdan imtina etdilər. İndi kənarda dayanıb adamların işləməsinə mane olurlar. Mən konseptual yanaşıram,kənardan görünən mənzərə budur. Mən bir dəfə də demişəm ki, əgər Qubad İbadoğlunun hüquqları ciddi şəkildə pozulubsa, "Siyasi partiyalar haqqında" Qanuna əsasən məhkəmə yolu ilə pozulmuş hüquqlarnı bərpa edə bilər. Digər tərəfdən Qubad bəyin 220 nəfər tərəfdarı var. Onların təşəbbüsü ilə fövqəladə qurultay çağırıb yenidən sədr məsələsini gündəmə gətirsinlər və mümkün qədər bu dəfəki qurultayı daha ciddi keçirsinlər".
Onu da diqqətə çatdıraq ki, partiyada Arif Hacılını qəbul etməyənlər sırasında gələn Müsavatçı Qadınlar Birliyinin sədri Ellada Məmmədli yeni rəhbərliyi topa tutub. O deyib ki, Arif Hacılı idarəçiliyi bacarmır: "Məclis sədri seçiləndə Müsavatda ən böyük narazı Arif Hacılı idi. Amma İsa Qəmbər 22 illik başqanlığı dövründə bütün narazıları idarə edə bildiyi və problemləri yoluna qoyduğu kimi, onu da yola gətirərək icra aparatı yaratdı. Arif Hacılıya rəhbərlik postu verdi. İndiki rəhbərlik nə üçün bunu edə bilmir? Deməli ya idarəçiliyi bacarmırlar, ya da istəmirlər".
Ellada Məmmədli əlavə edib ki, narazılara qapının göstərilməsinin ən böyük yanlış olduğunu deyib. Onun sözlərinə görə, İsa Qəmbər müşavirədə bunu emosional şəkildə ifadə etdi: "Amma mən onun illərin müsavatçılarının getməsini istədiyinə inanmıram. O, dolayı yolla narazıları hakimiyyətə işləməkdə ittiham etdi. Mən müşavirədə buna aydınlıq gətiriləcəyini gözləyirdim, amma geniş açıqlama verilmədi. Hesab edirəm ki, narazılara birmənalı baxmaq lazım deyil. Özünü rəhbərlik adlandıran qurum bu insanlar nədən narazıdır deyə çözüm yolu axtarmaq əvəzinə, qapını göstərir. Bu, ömrünü müsavatçılığa həsr etmiş insanlara haqsızlıqdır". Amma Ellada Məmmədli istefa verməyi çıxış yolu kimi qəbul etmədiyini bildirib.

Əli