“Həmsədrlərin bəyanatında yeni fikir yoxdur” Siyasət

“Həmsədrlərin bəyanatında yeni fikir yoxdur”

Elman Nəsirov: "Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozmasına qarşı heç bir tələb qoyulmur"

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər. ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir tərəfindən imzalanan bəyanatda bildirilir ki, həmsədr ölkələr münaqişənin sülh yolu ilə həllinə dair mövqelərinə sadiqdir: "Münaqişənin hərbi yolla həlli yoxdur. Biz tərəfləri zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırırıq". Sənəddə il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur: "İyul və avqustda hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, tərəflər arasında gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməli və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalıdır. 12 noyabrda hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin vacibliyini göstərir. Biz tərəflərə müraciət edərək gərginliyin artmasının qarşısını almaq üçün onları səbr nümayiş etdirməyə çağırırıq. Biz eyni zamanda tərəfləri humanitar problemləri 2010-cu ilin oktyabrında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünün yekun bəyanatının ruhuna uyğun həll etməyə səsləyirik".
Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ildə Soçi, Nyuport və Parisdə keçirilmiş görüşləri tərəflər arasında ən vacib kommunikasiya kanalını canlandırıb: "Biz prezidentlərin gələn il dialoqu aktivləşdirmək bərədə Parisdə əldə etdikləri razılığı alqışlayırıq. Tərəflərin fikir ayrılıqlarını aradan qaldırması, etimadı bərpa etməsi və öz öhdəliklərini yerinə yetirərək münaqişənin yekun həllinə aparıb çıxaracaq danışıqlar prosesinə başlaması üçün fürsət yaranıb. Onların münaqişənin hərtərəfli həlli üçün ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış, xüsusən son Paris görüşündə müzakirə olunmuş prinsip və elementlərin əsas kimi götürülməsini qəbul etmələri gözlənilir. Hərtərəfli sülh razılaşması üçün danışıqlar həmsədr ölkələrin egidası altında mümkün qədər tez başlamalıdır. Biz münaqişənin dayanıqlı həlli üçün tərəflərlə sıx əlaqədə çalışmağa və yeni sülh səhifəsi açmağa hazırıq, lakin əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür".
Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr bəyanatını şərh edib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları və digər səviyyələrdə daim vurğulayıb ki, mövcud status-kvo qəbuledilməzdir. Mövcud status-kvo Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış vəziyyətdir. Beləliklə, mövcud status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər. Hərbi helikopterin vurulmasının qaçıla bilən fəlakət olması barədə bəyanatda yer alan məqama münasibətdə onu qeyd etmək lazımdır ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət irəliləyiş fonunda işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi və Ermənistan silahlı qüvvələrinə məxsus helikopterlər Azərbaycan qoşunlarının ön döyüş xətti üzərində təhrikedici döyüş və hücum hərəkətləri etməsəydi, bu insident də baş verməzdi".
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri birgə bəyanatda münaqişənin həlli ilə bağlı yeni heç bir fikir yoxdur". Onun sözlərinə görə, bəyanatda münaqişə yalnız dinc yolla həllini tapmalıdır, güc tətbiqi yolverilməzdir, gərginliyin azaldılmasına xidmət edən addımlar atılmalıdır, etimad mühiti bərpa olunmalıdır kimi köhnə yanaşmalar öz əksini tapıb: "Eyni zamanda Ermənistanın helikopter avantürasına münasibətdə yenə də tərəflər arasında bərabərlik işarəsi qoyulur. Belə halların baş verməməsi üçün təmasların davam etdirilməsinin vacibliyi qeyd olunur. Bu bəyanatda belə bir fikir diqqəti daha çox cəlb edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sülh prosesinə öz dəstəklərini bundan sonra da davam etdirəcəklər, ancaq, əsas məsuliyyət Azərbaycan və Ermənistan liderlərinin üzərinə düşür. Yəni, münaqişənin həlli ilə bağlı əsas addımların atılması tərəflərin üzərinə qoyulur. Ona görə də bu bəyanat da indiyə qədər verilən bəyanatların mətnindən heç nə ilə fərqlənmir". E. Nəsirov qeyd edib ki, heç bir halda bu bəyanatda Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozmasına qarşı heç bir tələb qoyulmur: "Yenə də işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoyulur. Hesab edirəm ki, belə bəyanatlarla münaqişə öz həllini tapa bilməz. Necə ki, indiyə qədər tapmayıb. Hər bir şey öz adı ilə çağırılmalıdır. İşğalçıya işğalçı deyilməli və o öz üzərində məsuliyyət hiss etməlidir ki, beynəlxalq hüquqda işğalçı ilə davranış tərzi var, ona qarşı sanksiyalar, embarqolar, lazım gələrsə, ona qarşı güc tətbiq edilə bilər. Bunların heç biri olmadığı təqdirdə və belə dişsiz bəyanatlarla Ermənistanın mövqeyini necə dəyişmək olar? Onu necə konstruktiv mövqeyə dəvət etmək olar? Ermənistan da görür ki, işğal faktını, status-kvonu qoruyub saxlayır, danışıqlarda heç bir güzəştə getmir. Belə olan təqdirdə həmsədrlər də bu şəkildə bəyanatlar verir. Bu bəyanatın hansı hissəsində Ermənistan tənqid olunub? Harada işğalçı sözü yazılıb? Hansı hissədə Ermənistanın işğal siyasətinə son qoyulması qeyd olunub? Status-kvonun dəyişməsi harada yazılıb? Bu kimi məsələlər qoyulmalı idi ki, bunların heç biri son bəyanatda öz əksini tapmayıb". Politoloq vurğulayıb ki, belə dişsiz bəyanatlarla münaqişənin həlli çox mürəkkəb məsələdir: "Təsadüfi deyil ki, ABŞ-ın məşhur Vudro Vilson Tədqiqat Mərkəzində aparılan dinləmələrdə onlar belə qənaətə gəliblər ki, Dağlıq Qarabağ münaqişəsi daha çox İsrail-Fələstin münaqişəsinə oxşamağa başlayır. Hesab edirəm ki, bu halda Azərbaycan Prezidentinin də dediyi kimi vəziyyətdən yeganə çıxış yolu güclənməkdən, güclənməkdən və güclənməkdən keçir. Son dərəcədə güclənməklə bu problemi özümüz, özümüzə inamımız, xalq və hakimiyyətin birliyi ilə həll edə bilərik".

Əli