“Müxtəlif xarakterli ittihamların şahidi olacağıq” Siyasət

“Müxtəlif xarakterli ittihamların şahidi olacağıq”

Zahid Oruc: "İqtidar onunla danışıqların səmərəsini görən və yaxud gözləyən qüvvələri sərt düşmənçilik siyasəti yürüdənlərdən ayırmaq istədi"

"Azərbaycanın ümumi daxili vəziyyətini təhlil edəndə hansı məqamlar ümumi maraqlarımızı təhlükə qarşısında qoyur, onları təyin etmək o qədər də çətin deyil. Heç şübhəsiz ki, birinci məsələ Qarabağdan gələn təhlükələrdir. Ermənilər də artıq bunu zəminliklə il başlayan kimi formalaşdırıblar, deməli, cəbhədə vəziyyət kifayət qədər gərgin keçəcək". Bu fikirləri m illət vəkili Zahid Oruc geopolitik hadisələr fonunda Azərbaycanda daxili sabitliyin qorunmasını şərh edərkən səsələndirib. Onun sözlərinə göeə, bu isə avtomatik olaraq ölkənin ictimai-siyasi vəziyyətinə təsir göstərir, Qarabağda demokratikləşmənin, quruculuğun, sabitliyin, həmçinin beynəlxalq əlaqələrin müəyyən mənada qarşısını alır: "Eyni zamanda, daim militaristləşdirmə ruhunu qüvvədə saxlayır, böyük neft pullarının silaha getməsinə şərait yaradır. Başqa yandan bu, şübhəsiz ki, ölkədə müxtəlif istiqamətdə islahatlara da, bu və ya digər formada mənfi təsirini göstərir, Azərbaycanın beynəlxalq əlaqələrində mühüm amil olaraq qalır. Halbuki açıq söyləmək lazımdır, Qarabağ problem olmasaydı, yəni, torpaq bütünlüyü problemimiz olmasaydı, Qarabağ məsələsini xarici siyasətdə ön yerdə qoymağımıza da ehtiyacımız qalmazdı. Başqa məsələ, dörd qüvvənin bu və ya digər formada Azərbaycanda qeyri-sabitliyə doğru təhrik edilməsidir. Onlardan biri şübhəsiz ki, islami və dini qüvvələrdir. Bu, müxtəlif ölkələrdə özünü göstərən terror qruplarının bir uzantısı şəklində də ola bilər, hansısa başqa xarakterli ekstremist təmayüllər formasında da üzə çıxa bilər, o cümlədən, regional dövlətlərin öz dini modelini Azərbaycana yeritməsi formasında da gerçəkləşə bilər. Hakimiyyət bunu həssaslıqla izləyir və hesab edirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə siyasi bir yetkilinin təyin olunmağında da əsas niyyət ondan ibarətdir ki, bu sferada pozuculuq təməllərinin qarşısı alınsın. İqtidar bu prosesə də maksimum dərəcədə qanunlar çərçivəsində nəzarət etməyə çalışır. Başqa bir qüvvə heç şübhəsiz ki, siyasi radikallığı az qala silah verilsə, hərbi müxalifət səviyyəsinə keçirəcək qüvvələrdir. Onlar bu illər ərzində belə demək mümkündürsə, lümpen proletariata çevrilib. Həqiqətən də vətəndə onların xarici maliyyə mənbələri kəsilib, daxili QHT sektoru vasitəsilə maliyyələşmə imkanları da xeyli azalıb və tükənmək üzrədir. Həmçinin, daxildən onlara investisiya yatıranlar da yoxdur. Belə olan təqdirdə, müxalifəti iki perspektiv gözləyir". Deputat hesab edir ki, müxalifəti gözləyən iki perspektiv artıq görünür: "Birincisi, Müsavat və onun çevrəsində olan qüvvələrin hakimiyyətlə dialoqa, normal əməkdaşlığa gedəcəyi təqdirdə, AXCP təmayüllü qüvvələrin tamamilə ayrılması və az qala "Müsəlman qardaşları" modelində, belə deyək, siyasi islam formatında fəaliyyətə yuvarlanmaqlarıdır. O cümlədən, ikinci cinah - Müsavat da əgər təzədən parçalanarsa, bu, İsa Qəmbərin yenidən müəyyən şərtlər əsasında gələcək işbirlikləri mənafeyi naminə Əli Kərimli ilə birliyə qayıtması demək olardı. Belə olan təqdirdə, şübhəsiz ki, 2015-ci ildə yenə də müxtəlif xarakterli ittihamların, bir-birini tanımamağının və sərtliyin şahidi olacağıq. Söylədiyiniz kimi, həqiqətən də milli həmrəylik hökm sürdüyü halda siyasi toqquşmalar, razılaşmamaq, inkarçılıq özünü hansısa formada nümayiş etdirəcək. Amma düşünürəm ki, hakimiyyət bütün bu prosesləri təhlil edərək 2014-cü ildə daha ciddi addımlar atdı ki, ona gələn təhlükələri önləsin. Bu, "5-ci kolon"un fəaliyyətinin neytrallaşması idi ki, bu vasitə ilə xarici təsir minimuma endirilsin və ölkənin siyasi həyatına mənfi təsir göstərən maliyyələrin qarşısı alınsın və sair. Yəni, iqtidar hakimiyyəti tanıyan, onunla danışıqların səmərəsini görən və yaxud gözləyən qüvvələri sərt düşmənçilik siyasəti yürüdənlərdən ayırmaq istədi".
Zahid Oruc qeyd edib ki, 2015-ci ilin ümumi həyatında əsas məsələ əhali ilə daha fəal işləri öndə saxlamaqdır: "Həmçinin, məlum hökumət fəaliyyətindən qaynaqlanan problemləri minimuma endirməkdir, eləcə də siyasi qüvvələrlə fəal danışıqlara və müxtəlif məsələlər ətrafında konsensus tapmağa çalışmaqdır. Belə olacağı təqdirdə hesab edirəm ki, Azərbaycanın hər hansı bir qeyri-sabitliyin ixracı mümkün olmayacaq".

Əli