Sabahın hava proqnozu
12:41
ABŞ-ın Salt Lake Siti şəhərində yerləşən Yuta Universitetində səfir Elin Süleymanovun Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş onlayn mühazirəsi baş tutmuşdur.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunan mühazirədə səfir Süleymanov Human Rights Watch təşkilatının da qeyd etdiyi kimi Xocalıda Azərbaycanlılara qarşı ən böyük qətliamın həyata keçirildiyini bildirmiş, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla 100-lərlə günahsız insanın Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirildiyini diqqətə çatdırmışdır.
Münaqişənin tarixi barədə ətraflı məlumat verən səfir Süleymanov, 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin 20 faizə yaxın hissəsinin Ermənistanın işğalı altında qalması, 1 milyona yaxın insanın öz evlərindən məcburi köçkün vəziyyətinə düşməsi, 100 minlərlə uşağın təhsil də daxil olmaqla hüquqlarından məhrum olmasını qeyd etmiş, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın öz təcavüzkar əməllərindən əl çəkməməsinə diqqət yetirmişdir. Səfir qeyd etmişdir ki, 2019-cu ildə Ermənistan müdafiə naziri olmuş Davit Tanayanın “yeni ərazilər üçün yeni müharibə” bəyanatını səsləndirməsi və ümumiyyətlə Ermənistanın müharibə ritorikası ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə aparılan danışıqlar prosesini zərbə altına qoymuşdur.
E.Süleymanov 2020-ci ilin iyul ayında Ermənistan münaqişə zonasından 100 kilometrlərlə aralıda yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hərbi təxribata keçməsi, mülki əhalini mərmi atəşinə tutmasından və həmin regionun yaxınlığından keçən olduqca vacib enerji kəmərlərini təhlükə altında qoymasından bəhs etmişdir. Daha sonra 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti hərbi təxribatından bəhs edən səfir, 6 həftə davam edən gərginlikdən sonra Azərbaycanın 30 ilə yaxındır ki, işğal altında olan torpaqları geri qaytararaq, TŞ-nin müvafiq qətnamələrini həyata keçirdiyini vurğulamışdır.
Səfir, Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinin tam hüquqlu Azərbaycan vətəndaşları olduğunu və onların sülh şəraitində yaşaması üçün Azərbaycan tərəfinin təminat veridiyini qeyd etmişdir. O, regionun daha yaxşı gələcəyi və davamlı sülh üçün erməni xalqını Azərbaycan və digər qonşularla sülh şəraitində yaşamağa və firavan gələcək seçməyə cağırmışdır.
Daha sonra səfir tələbələrin ölkəmizin ABŞ-la münasibətləri, regionda əhəmiyyəti, enerji və infrastruktur layihələrində rolu və digər maraq kəsb edən məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırmışdır. O, Azərbaycanın olduqca əhəmiyyətli coğrafi mövqedə yerləşməsindən, əhalisinin müsəlman çoxluğa malik olmasına baxmayaraq, burada müxtəlif dinlərin nümayəndələrinin, o cümlədən xristian və yəhudilərin sülh və əminamanlıq şəraitində yaşamasından bəhs etmiş, müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycanın bir sıra aparıcı qərb dövlətlərindən, o cümlədən ABŞ-dan daha öncə, 1919-cu ildə qadınlara seçki hüququ verməsindən bəhs etmişdir.
Yuta Universitetinin professoru Hakan Yavuzun moderatorluğu ilə keçən onlayn tədbirdə Universitetin tələbə heyəti iştirak etmişdir.