“Rusiya Ermənistanda qətliam törədə bilər” Siyasət

“Rusiya Ermənistanda qətliam törədə bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsi:

- Qarşıdan 20 Yanvar faciəsinin anım günü gəlir. Bu hadisə faciə törədiləndə Siz də ictimai-siyasi fəallardan biri olmusunuz. Qanlı faciəni necə xatırlayırsınız?

- Bilirsiniz, 20 Yanvar Azərbaycan xalqına qarşı törədilən terror hadisəsi və qətliam idi. Əlbəttə, bu hadisədə Azərbaycan xalqı özünün övladlarını itirsə də, amma faciədən daha qürurla çıxdı. Həmin zaman 1 milyondan çox insan Bakı küçələrində əli qana batmış Sovet əsgərlərinin və tanklarının qarşısına çıxmışdı. Həmin insanlar sanki ölümü də gözlərinin qarşısına almışdılar. O dövrdə Bakıda heç 2 milyon insan yaşamırdı, ancaq 20 yanvar günü şəhidlərin dəfn mərasimində böyük insan izdihamı yaşanırdı. Mən həmin proseslərdə Allahşükür Paşazadənin xidmətlərini xüsusi qeyd etmək istəyirəm. O, din xadimi kimi böyük bir missiyanı öhdəsinə götürmüşdü. Həmin zaman ölkə başsız vəziyyətdə idi. O vaxtkı ölkə başçısı Əbdürrəhman Vəzirov qaçıb getmişdi. Lakin xalqımız iradəsindən dönmədi. Bu hadisədən sonra dünyada hər kəs başa düşdü ki, xalqımızı əzməklə heç nəyə nail olmaq olmaz.
Həmin gün həm də Azərbaycanın müstəqil dövlət olmasının əsası qoyuldu. O dövrdə Azərbaycan xalqı tərəfindən Kreml hakimiyyətinə qarşı böyük nifrət hissi yarandı. Azərbaycan xalqı başa düşdü ki, sovet dövləti heç də bərabər xalqların hökuməti deyil. Ona görə də hesab edirəm ki, 20 Yanvar ləyaqətli oğul və qızlarımızı itirmək baxımından həm Azərbaycanın faciəsi, həm də müstəqil dövlətimizin doğuş günüydü.

- Artıq 2015-ci ilə qədəm qoymuşuq. Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli baxıcından nə qədər uğurlu ola bilər?

- Bu, daha çox beynəlxalq və regiondakı proseslərin necə inkişafından asılıdır. İndidən bölgədəki proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Sözsüz ki, bu daha çox Rusiyadan asılıdır. Rusiyanın özündə vəziyyət necə olacaq, hələ bəlli deyil. Çünki indi Rusiyaya qarşı sanksiyalar tətbiq olunub və neftin qiyməti aşağı salınıb. Əgər Qərb və müttəfiqi olan Səudiyyə Ərəbistanı tərəfindən Rusiyaya qarşı bu cür sanksiyalar davam edəcəksə, o zaman Rusiya Federasiyasında inqilabların da olması mümkündür.
Qeyd etdiyim kimi, Dağlıq Qarabağ probleminin həlli də əsasən Rusiyadan asılıdır. Dağlıq Qarabağ problemini yaradan da Rusiyadır və bugünkü günə qədər həll olunmamasının səbəbkarı da qeyd etdiyimiz dövlətdir. Sözsüz ki, Dağlıq Qarabağ probleminin həllinin uzadılmasında Rusiya ilə ABŞ arasında sanki razılaşdırılmış siyasət də aparılır. Biz bu gün bunu müşahidə edirik. ABŞ da istəyir ki, məhz Rusiyanın əli ilə Qarabağı alıb Ermənistana versin. Bununla da Rusiyanı Azərbaycana əbədi düşmən etsin. Rusiyada da bunu yaxşı başa düşürlər. Ona görə də, rəsmi Moskva Dağlıq Qarabağın müstəqilliyini tanımır. Hərbi proseslərə başlamaqla da bu problemi həll etməyimiz yenə də Rusiyadan asılıdır.
Hesab edirəm ki, Rusiya ilə daima danışıqlar aparmalıyıq. Hətta, biz Rusiyanın Azərbaycanda müəyyən maraqlarını da təmin edə bilərik ki, Dağlıq Qarabağ problemi üzərində Azərbaycanın suveren hüquqları bərpa olunsun.

- Gümrüdə baş verən məlum hadisədən sonra Ermənistandakı hərbi bazanın çıxarılması məsələsi gündəmə gəlib. Sizcə, indiki halda bu nə qədər mümkündür?

- Bilirsiniz, Ermənistanda müəyyən qüvvələr var ki, onlar Ermənistan dövlətinin müstəqil olmadığını və müstəqil ölkədə yaşamadıqlarını çox gözəl anlayırlar. Erməni xalqı bu gün xoşbəxt deyil. Ermənistan baş tutmamış dövlətdir və Rusiyanın bölgədəki forpostudur. Ermənilərin xoşbəxtliyi üçün mütləq Ermənistanda xalq söz sahibi olmalıdır. Orada bütün məsələləri Rusiya həll edir. Rus ordusu da Kremlin orada mövcudluğunu təmin edir. Ancaq erməni xalqı Rusiyadan qorxduğu üçün tam ayağa qalxa bilmir. Əminəm ki, zaman keçdikcə erməni xalqının Rusiyaya və hazırkı hakimiyyətlərinə qarşı etiraz səsləri daha da yüksələcək. Ancaq indiki durum belədir ki, Rusiya Ermənistana onların istədiyi səviyyədə yardım edə bilməyəcək. Çünki özlərinin iqtisadi vəziyyəti ağırdır. Ola bilər ki, ermənilərlə rus ordusu arasında toqquşmalar genişlənsin və ruslar Ermənistanda 20 Yanvar faciəsində olduğundan da böyük qətliamlar törətsin. Ancaq erməni xalqının rus boyunduruğundan asanlıqla çıxmasını gözləmirəm.
Çünki bu mümkün olmayacaq. Rusiya Ermənistanı itirməmək üçün burada qanlı qətliamlar törətməkdən də çəkinməyəcək. Necə ki, 1999-cı ildə Azərbaycan ilə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox mühüm dövrdə Rusiya Ermənistan parlamentində qətliamlar törətdi və münaqişənin həllini istəyən şəxsləri hamının gözü qarşısında güllələdilər. Rusiya daxilində 1917-ci il inqilabı kimi bir hadisə baş verməsə, o zaman Ermənistanın Rusiya asılılığından çıxması mənə real görünmür.