Qüdrət Həsənquliyevin təklifləri müsbət qarşılanır Siyasət

Qüdrət Həsənquliyevin təklifləri müsbət qarşılanır

Adil Qeybulla: "Tibbi sığortanın tətbiqi sosial müdafiənin mühüm bir elementi kimi vətəndaşların vəziyyətini xeyli yüngülləşdirə bilər"
Vüqar Tofiqli: "Bu addımı sadəcə alqışlamaq lazımdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışında xaricdə müalicəyə ehtiyacları olan imkansız şəxslərə dəstək zərurətindən danışıb: "Mən istəyirəm ki, bir məsələni parlament kürsüsündən diqqətə çatdırım. Bilirik ki, çoxlu sayda uşaqlar, gənclər, ayrı-ayrı insanlar Azərbaycanda müalicəsi olduqca çətin olan müxtəlif xəstəliklərə tutulurlar. Bu istiqamətdə Heydər Əliyev Fondu çox böyük işlər görür, çoxlu sayda uşaqların həm Azərbaycanda, həm də xarici ölkələrdə müalicəsinə kömək edir. Eyni zamanda dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan Respublikasının prezidenti də tanınmış elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin xaricdə müalicəsinə yardım edib. Amma bu yetərli deyil və mən təklif edirəm ki, Azərbaycanda xüsusi bir fondun yaradılmasına ehtiyac var. Bu yaxınlarda bir qrup gənc Nərmin Hüseynli ilə əlaqədar təşkil olunmuş kampaniyaya qoşulmaq üçün mənə müraciət etdi. Həmin gənc qızın 17 yaşı var, onun da xaricdə müalicəsinə çox böyük ehtiyac var. Azərbaycanda onun müalicəsi mümkün deyil, xaricdə müalicəsi üçün isə təxminən 150 min avro tələb olunur. Bu vəsaitin böyük bir hissəsi sadə insanlar tərəfindən toplanıb. Amma mən düşünürəm ki, belə bir fond yaradılarsa, Azərbaycanın iş adamları həmin fonda kifayət qədər vəsait köçürə bilərlər. Həmin fondun da bir müşahidə şurası yaradılar, ora ictimaiyyət nümayəndələri daxil edilər və o vəsait şəffaf formada xərclənər, bizim imkansız uşaqlar bundan fayıdalanar".
Ölkənin səhiyyə sistemində kompleks islahatlara da ehtiyac olduğunu vurğulayan Qüdrət Həsənquliyev dövlət səhiyyə obyektlərinin böyük bir qisminin özəlləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb: "Mən mətbuatda oxudum ki, nəhayət, Hazirlər Kabineti Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşır. Bu Azərbaycan vətəndaşları üçün çox önəmli bir hadisədir. Mən deyərdim ki, bəlkə də səhiyyə sistemində inqilabi bir dəyişikliyin başlanğıcını qoyacaq. Amma düşünürəm ki, bu da yetərli deyil, daha yaxşı olardı ki, ölkədə səhiyyə sistemində islahatlar kompleks şəkildə aparılsın. Biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Mən dəfələrlə bu məsələni Milli Məclisdə də qaldırmışam ki, Azərbaycanda bu qədər dövlət səhiyyə obyektlərinin olmasına ehtiyac yoxdur. Onların böyük bir qismi özəlləşdirilməlidir, xüsusi mülkiyyətə verilməlidir. Belə olduğu təqdirdə hesab edirəm ki, həm səhiyyə sistemində olan müəyyən neqativ hallar aradan qalxar, həm də əhalinin müalicəsi daha yüksək səviyyədə təmin olunar. Hal-hazırda çoxlu sayda insanlar xarici ölkələrə gedir və o ölkələrdən də bir çox hallarda müalicəsi çox çətin olan müxtəlif qan xəstəliklərilə Azərbaycana qayıdırlar. Bu başqa bir söhbətin mövzusudur və yəqin ki, mən gələcəkdə bu barədə də danışacağam".
Bu təkliflərlə ağlı ekspertlər nə düşünürlər?
Səhiyyə üzrə ekspert Adil Qeybulla diqqətə çatdırdı ki, icbari tibbi sığorta tibbi xidmətin mühüm bir növüdür. Onun sözlərinə görə, tibbi sığortanın tətbiqi sosial müdafiənin mühüm bir elementi kimi vətəndaşların vəziyyətini xeyli yüngülləşdirə bilər: "Əlbəttə tibb sığortası ilk növbədə insanların maddi durumunu nəzərə alaraq hesablanmalıdır. Çünki, bu ilk növbədə bütün xidmətləri əhatə etməyəcək. Doğuş və təxirəsalınmaz tibbi yardım öndə gəlməlidir. Əhalinin ən çox ehtiyac duyduğu xidmət növü budur. İkinci məsələlər - sonrakı müayinələr və digər məsələləri nəzərdə tuturam - ölkənin iqtisadi imkanları yaxşılaşdıqca bu xidmət növləri də nəzərdə tutula bilər. İnsanların ən çox ehtiyacı olduğu kəskin xəstəliklər, cərrahi əməliyyatlar, qəzalarda alınan xəsarətlər və digər çəstəliklər təcili yardım tələb edir. Sığortanın bu xidməti əhatə etməsi vacibdir. O ki qaldı dövlət səhiyyə müəssisələrini özəlləşməsinə, tibbi sığorta həyata keçirdikdə bəzi xəstəxanalar dövlətin balansında qalır. Ancaq vətənedaş orada tibbi sığortasının xidmətindən istifadə edir. Formal pulsuz xidmətdən söhbət getmir. Əlbəttə, həm özəl, həm sığorta təbabəti, həm özəl səhiyyə xidməti paralel olaraq fəaliyyət göstərməlidir". O, həmçinin əlavə etdi ki, vətəndaşların bütün kateqoriyaları sığorta olmalıdır: "Hər bir vətəndaşın da sığorta polisi olmalıdır. İlk növbədə doğuş və təxirəsalınsmaz tibbi yardım pulsuz həyata keçirilməlidir. Sonra isə mərhələ mərhələ bu proses davm etdirilmədidir. Bütün dünyada belədir, biz də bu yolla getməlimyik".
Ekspert Vüqar Tofiqli bildirdi ki, belə bir fondun yaradılması gözəl addım ola bilər: "Ancaq onun fəaliyyəti, büdcəsinin formalaşması üçün mexanizmin olması bu gün əhalinin imkansız təbəqəsinin xaricdə müalicəsində movcud olan problemi aradan qaldıra bilər. Bu addımı sadəcə alqışlamaq lazımdır. Sadəcə onun fəaliyətində şəffaflığın təmin edilməsi zəruridir".

Əli