“Onlara öz mənəvi dəstəyimizi ifadə eləməliyik” Siyasət

“Onlara öz mənəvi dəstəyimizi ifadə eləməliyik”

Qüdrət Həsənquliyev: “Bəzi hallarda, xüsusilə də sosial şəbəkələrdə görürük ki, polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının gözdən salınması istiqamətində sanki böyük bir iş aparılır”

“İnsan alverinə qarşı mübarizə daxili işlər orqanlarının fəaliyyətində bir istiqamətdir. Daxili işlər orqanları bu gün həm ictimai təhlükəsizliyi qoruyur, həm mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparır, həm də narkoticarətə qarşı mübarizə istiqamətində ciddi işlər görür. O cümlədən karantin rejiminin təmin olunması üçün də səmərəli fəaliyyət göstərilir”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Milllət vəkili “ona görə də mən, ümumilikdə daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirirəm”, - deyə əlavə edib: “Əlbəttə nöqsanlar həmişə olub və olacaq. Amma biz, çox təəssüf ki, bəzi hallarda, xüsusilə də sosial şəbəkələrdə görürük ki, polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının gözdən salınması istiqamətində sanki böyük bir iş aparılır. Bu iş təşkil olunmuş səviyyədə həyata keçirilir, həmin əməkdaşlara qarşı mənəvi terror törədilir. Beləliklə də polis və təhlükəsizlik orqanları əməkdaşlarının demoralizasiya olunması istiqamətində cəhdlər müşahidə edirik. Məhz bu səbəbdən mən həmin orqanların əməkdaşlarına öz mənəvi dəstəyimi ifadə edirəm. Əlbəttə, hesab edirəm ki, işin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq fəaliyyət həyata keçirilməlidir. Amma bütövlükdə görülən işləri qənaətbəxş hesab edirəm. Burada hörmətli həmkarım Fazil Mustafa, xüsusilə gənclərin dilənçiliyə cəlb olunması ilə bağlı bir məssələyə toxundu. Onunla bağlı Seyfulla müəllim (Daxili işlər nazirinin birinci müavini, general-leytenant Seyfulla Əzimov) çıxışında da dedi, bizə təqdim edilmiş hesabatda da bu öz əksini tapıb. Çox təəssüf ki, qaraçılar dilənməyə mənfi yanaşmırlar, onlar bunu əmək fəaliyyəti hesab edirlər. Yəni o valideynlər özləri öz övladlarını bu prosesə cəlb edirlər. Sanki onlar səhər tezdən işə gəlirlər, axşam da işdən çıxıb evə gedirlər. Əlbəttə bunun qarşısı alınmaldıır və bu istiqamətdə müəyyən işlər görülür”.
Millət vəkili diqqətə çatdırdı ki, əmək müqavilələrinin bağlanmaması ilə bağlı məsələlər polisdən daha çox cənab Preidentin xüsusi fərmanı ilə ASAN Xidmətin əmək münasibətləri monitorinqi mərkəzinə, bir çox məsələlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aiddir: “Bu hesabatda açıq qeyd olunmasa da, bilirik ki, cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var. Krimonologiya elmi də aparılan sosial tədqiqatlarla bunu sübuta yetirir.
Amma yeganə səbəb bu deyil. Biurada bir çox faktorlar var. Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, xüsusilə də ağır cinayətlərin sayı digər ölkələrlə, o cümlədən Azərbaycanla müqayisədə xeyli çoxdur. Bu da onu göstərir ki, bir çox insanlar sadəcə olaraq işsizlikdən cinayət törətmirlər. Onlar daha asan yolla böyük gəlirlər əldə etmək istəyirlər. Bəzi hallarda qanunun aliliyinin təmin olunmamasında yaranan problemlərdən, boşluqlardan hansısa insanlar faydalanmaq istəyir. Yəni bütün bunları ona görə qeyd edirəm ki, həqiqətən də mövcud vəziyyəti, son vaxtlar polis orqanlarının işinin çətinliyini nəzərə alaraq, onlara öz mənəvi dəstəyimizi ifadə eləməliyik. Mən əvvəllər də bu məsələni qaldırmışdım, bir daha parlament tribunasından səsləndirirəm ki, biz bu yaxınlarda prokurorluq orqanlarının əməkhaqlarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik etdik. Yəqin bu gün də ikinci oxunuşda ona baxacağıq. Amma hesab edirəm ki, polis orqanları əməkdaşlarının da əməkhaqları ən azı iki dəfə artırılmalıdır. Hazırda ən az maaş alan dövlət orqanlarından biri polis əməkdaşlarıdır. Baxmayaraq ki, onların həyatı daha çox risk altındadır. Onların gecəsi-gündüzü yoxdur, daha çox işləyirlər, daha çox əziyyət çəkirlər, daha çox stresli həyat yaşayırlar. Buna görə də onların əməkhaqlarının ən azı 2 dəfə artırılmasına böyük ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Hesab edirəm ki, müvafiq dövlət orqanları yəqin ki, bu məsələni mütləq nəzərə alacaqlar. Bir çox nöqsanlar əməkhaqqının olduqca az olmasından irəi gəlir”.
BAXCP sədri həmçinin “Elm haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamandı da fikirlərini bölüşüb. Millət vəkili bildirib ki, bir çox inkişaf etmiş Qərb ölkələrində tam əməkhaqqını saxlamaq şərti ilə 5-7 ildən bir yaradıcılıq məzuniyyəti verilir ki, həmin insanlar dincəlsinlər, beyinlərini yeniləsinlər, daha aktiv formada yaradıcılıq işləri ilə məşğul olsunlar: “Bizim burada hörmətli alimlərimiz, elm və təhsil işçilərimiz var. Ola bilsin ki, ayrı-ayrı unuversitetlərin təcrübəsində bu var. Düşünürəm ki, bunu qanunvericilik qaydasında həll etmək lazımdır. Hesab edirəm ki, “Ali Təhsil haqqında” qanunda da bu müddəa öz əkasini tapmalıdır. Onu da vurğulamaq istəyirəm ki, artıq gələn ilin büdcəsi ilə bağlı hökumətdə müzakirələr başlayıb. Doğurdan da biz, elm və təhsili inkişaf etdirmək istıyiriksə, elmə və təhsilə ayrılan xərclər artırılmalıdır. Elmə ayrılan xərclər bir neçə dəfə artırılmalıdır. Bunu etməyəcəyimiz təqdirdə Azərbaycanda elmin sürətli inkişafından söhbət gedə bilməz”.

Əli Zülfüqaroğlu