İtaliya Deputatlar Palatasının sədr müavini: Azərbaycan ilə İtaliya arasında sağlam dostluq münasibətləri qurulub Siyasət

İtaliya Deputatlar Palatasının sədr müavini: Azərbaycan ilə İtaliya arasında sağlam dostluq münasibətləri qurulub

İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətinin İtaliyaya səfəri və ümumiyyətlə iki ölkə arasındakı əlaqələrin səviyyəsi barədə fikirlərini bölüşüb.

Sədr müavini AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə İtaliya arasında yüksək səviyyədə sağlam dostluq münasibətləri qurulub. Bu münasibətlər müxtəlif istiqamətlər üzrə - hökumətlər arasında, iqtisadiyyat, mədəniyyət sahələrində və parlament səviyyəsində mövcuddur və inkişaf etməkdə davam edir: “Dekabrda Azərbaycana səfərimiz zamanı Ağdam və digər azad edilmiş ərazilərdə müharibə nəticəsində törədilmiş dağıntıları görmək imkanımız oldu. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə və digər institusional görüşlər ölkələrimiz arasında əməkdaşlığın irəlilədilməsi üçün yeni addım rolunu oynadı”.

Azərbaycan Parlamentinin nümayəndə heyətinin İtaliyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə toxunan italiyalı parlamentari bildirib ki, bu səfər İtaliya və Azərbaycan parlamentləri arasındakı dostluğun, siyasi əlaqələrin daha da möhkəmləndirilməsi üçün faydalı bir vasitə olduğunu bir daha nümayiş etdirib: “Parlamentlərarası diplomatiya mövcuddur və effektivdir. Eyni zamanda, etiraf etmək lazımdır ki, İtaliya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər həmişə münasibət qurmaq qabiliyyətinə görə fərqlənən parlamentlərarası dostluq qruplarının işi sayəsində güclü təkan əldə edib”.

İki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə danışarkən qeyd edilib ki, Azərbaycan və İtaliyanın ortaq maraqları var: “Mən bunu deyərkən yalnız ilin əvvəlindən etibarən fəaliyyətə başlayan və ölkələrimizi birləşdirən TAP layihəsindən sonra artan və idxalımızın iki vacib elementi olan neft və qazı nəzərdə tutmuram. Habelə Azərbaycanda italyan şirkətlərinin cəlb olunduğu çoxsaylı digər iqtisadi layihələrlə yanaşı, Qarabağdakı şəhərlərin yenidən qurulması üçün birgə tərəfdaşlıq çərçivəsində layihələndirmə və realizasiya ilə bağlı çox maraqlı perspektivlər mövcuddur.“

E.Rosato, eyni zamanda, elm və təhsil sahəsindəki əlaqələrin də bəhrəsini verməkdə olduğunu vurğulayıb və Azərbaycan hökumətinin İtaliya universitetləri ilə güclü əməkdaşlıq əlaqələrini inkişaf etdirmək qərarının bu istiqamətdə çox müsbət bir seçim olduğunu söyləyib.