Yunanıstan mediasında Respublika Günündən bəhs olunub Siyasət

Yunanıstan mediasında Respublika Günündən bəhs olunub

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə Yunanıstanın https://www.karfitsa.gr/ xəbər saytında Respublika Günü ilə bağlı məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məqalədə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam olduğu qeyd edilir. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

Müəllif bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisidir. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.