“Bir sıra qüvvələr Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyir” Siyasət

“Bir sıra qüvvələr Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyir”

Fazil Mustafa: “Biz elə etməliyik ki, kimsə bizim dostluğumuza müdaxilə edə bilməsin”

Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edib. Millət vəkiləri öncə cari məsələləri daha sonra isə gündəlikdəki məsələləri müzakirə ediblər.
Deputat Fazil Mustafa bildirib ki, Şuşa ilə bağlı qanun layihəsinin hazırlanması sevindiricidir: “Hətta bu yaxınlarda Türkiyənin tanınmış siyasi xadimi Dövlət Baxçalı Şuşada məktəb tikmək istədiyini bildirmişdi”. Deputat qeyd edib ki, bir sıra qüvvələr Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçün nəsə etmək istəyir: "Azərbaycana dost olmayan ölkələrin informasiya vasitələrindən istifadə edərək, münasibətləri pozulmağa çalışırlar. Hətta Dövlət Baxçalı sonra açıqlama verdi ki, bu məktəb inşa olunmayacaq və yığılan vəsait ehtiyacı olan işlərə sərf olunacaq. Bu çox gözəl və dəyərli təklifdir. Biz elə etməliyik ki, kimsə bizim dostluğumuza müdaxilə edə bilməsin. Türkiyə şirkətlərinin bu bölgədəki bərpasına şərait yaradılmalıdır. Kimsə bu birliyi pozmamalıdır”.
Deputat Qənirə Paşayeva öz çıxışında toyların təşkilinə və teatrların fəaliyyətinə icazə verilməsini xahiş edib. O, əhalinin istəyinin bu istiqamətdə olduğunu söyləyib: “COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik.
Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl etməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir. Digər tərəfdən, insanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar”.

“Bu belə davam edə bilməz”

Deputat Aydın Mirzəzadə deputatların Şuşaya səfərinin təşkil edilməsini xahiş edib: “Ziyalıların və mətbuat nümayəndələrinin vaxtaşırı Şuşaya səfərləri təşkil edilir. Mən Milli Məclis deputatlarının da Şuşaya səfərinin təşkil edilməsini xahiş edirəm. Bu həm də indiki reallığın yerində dəyələndirilməsinə, perspektivlərin müəyyənləşdirilməsinə və canlı müşahidəyə kömək edəcəkdir”.
Spiker Sahibə Qafarova isə Aydın Mirzəzadəyə parlamentarilərin Şuşaya ayrı-ayrılıqda səfər etdiyini xatırladıb: “Qrup şəklində olmasa da, deputatların ayrı-ayrılıqda və xarici qonaqlarla birlikdə Şuşaya səfərləri olub. Amma siz dediyiniz məsələ də reqlamentə uyğundur”.
Deputat Sabir Rüstəmxanlı dövlət qulluğuna qəbul qaydalarindan narazılığını bildirib. Deputat dövlər qulluğu üçün həyat təcrübəsinin olmasının vacibliyini xüsusi vurğulayıb: "İmtahan ayrıdır, həyat məsələsi ayrı. Elə insanlar var ki hansısa rayonda illərlə işləyib və təcrübə toplayıb. Bu o deməkdir ki, hər şeyi çox yaxşı bilir. Ola bilər ki, testdən yüksək keçəsən, amma gedib hansısa rayonda işləyə bilməzsən. Adam tanıyıram 90 bal toplayır, gedib rayonda işləyə bilmir".
Sabir Rüstəmxanlı dövlət qulluğuna qəbulda ciddi dəyişikliklərin aparılmasını bildirib: "Bu belə davam edə bilməz".
Deputat Zahid Oruc bildirib ki, Bakı Hərbi Məhkəməsində iki erməni hərbçisinin məhkəməsi başlayır: “Müttəhimlər kürsüsündə 12 nəfər azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək”. O, hər iki erməninin 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşduklərini xatırladıb: "Təəccüblü deyil ki, Ermənistanın bütün rəsmiləri Bakını müxtəlif konvensiyaları pozmaqda suçlandırır. İnanılmaz siyasi inkişafdır, nəhayət 30 ildən sonra qarşı tərəf beynəlxalq sənədlərə istinad etməyə başlayıb. Qeyd edək ki, Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları cənab prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin. Əlbəttə, hər kəs fərqli fikir söyləyə bilər və belə təşəbbüsləri də süngü ilə qarşılamaq olmaz. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır!".
Zahid Oruc onu da qeyd edib ki, biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik: "Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin.”Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın soyuqqanlı, obyektiv və balanslı davranacağına inanırıq. Xarici mətbuat da iştirak edə bilər. Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir. Beynəlxalq tribunalarda “siyasi məhbus” adlanacaq belə adamların himayəçiləri 30 illik işğalın xarici ideoloqlarıdır.Ədalətsiz dövlətlərin təzyiqinə 17 il, 44 gün və son 6 ayda mətinliklə dözən 1-ci şəxs İlham Əliyev Parisin, Brüsselin və Strasburqun çağırışlarının hansı maraqlardan irəli gəldiyini əla bilir. Halbuki müharibələrin tarixi qaliblərin məhkəmə hüququnu mütləq tanıyır! Bəli, Stalinin Nürmberq prosesi olmasaydı, 3-cü Reyxin sağ qalan təmsilçiləri yeni müharibələr törətməkdən çəkinməzdilər.İsrail dövləti də1962-ci ildə tərtib etdiyi siyahı üzrə Osvensemi, Holokostu törədənlərin bir qismini cəzalandırdı. İndi 30 ilə yaxındır Hərbi prokurorluqda açılan cinayət işlərinin üzərindən qalın tozu silmək vaxtıdır.O qovluqlar təkcə tarix və arxiv üçün deyil, yerinə yetirilə bilməmiş dövlət aktıdır. Hökmlərsə hələ çıxarılmayıb və əvf ediləcək hərbi cani də yoxdur. Ərazi bütövlüyü, diplomatik münasibətlər belə Xocalı Tribunalı qurmaqdan bizi daşındıra bilməz. Yaxşı qonşuluq münasibətləri, iqtisadi-ticarət əlaqələri və kommunikasiyaların açılması müqəddəs şəhidlərimizə münasibəti dəyişməyəcək. Yoxsa, avropalı parlamentarilər, məmurlar Çəmbərəkənd deyib üstündən asfalt çəkilən indiki Şəhidlər Xiyabanını da ləğv etməyə çağırarlar.
Sonda xatırladaq ki, Levon Ter Petrosyan 10 gün əvvəl konseptual məqalə ilə çıxış edərək, 100 illik torpaq iddialarına son qoymaq üçün xalqına cəsarətlə çağırış edib. Alqışlanacaq hadisədir. Bəli, tarix çox ədalətlidir-haqsız qalibi sonda mütləq mühakimə edirlər!"
Deputat Fazil Mustafa deyib ki, təhsil sahəsində tətbiqi tədqiqatlara 4 milyon manat ayrılır: “Səhiyyəyə də ayrılır. Bu formal rəqəmlərdir. Bizdə nə təhsil sahəsində, nə də tibbdə tədqiqat aparılmır”.
Deputat təhsil müəssisələrində idman infrastrukturunun olmamasından narazılığını ifadə edib: “Universitetlər içərisində də tək Ali Neft Məktəbində və UNEC-in yeni korpusunda idman infrastukturu qurulub. Bu o deməkdir ki, biz tələbəni universitetə bağlayan bir infrastrukturdan məhrumuq. İdman infrastrukturunun olmaması universitetlərin reytinqinə də təsir edir”.

“Gənclər arasında işsizliyin miqyası ildən-ilə artır”

Fazil Mustafa Bakıxanov ərazisində yerləşən Mədəniyyət evinin dağıdıldığını da diqqətə çatdırıb: “Mən başa düşürəm, mədəniyyətə ehtiyac yoxdur. O binanı dağıdıblar, çəpərləyiblər, bəs söküb yerinə nə tikəcəklər - heç olmasa bunu bilək. Mədəniyyət evinin yerində yaşayış evi, yoxsa pivəxana tikiləcək, buna aydınlıq gətirilməlidir”.
Deputat Elşad Mirbəşiroğlu isə işsizliklə bağlı məsələ qaldırıb.
Deputat xüsusilə gənclər arasında işsizliyin miqyasının ildən-ilə artdığını söyləyib: “Dünyada işsizlərin sayı 300 milyondan artıqdır. Bunun təxminən 20 faizə qədəri sahibkarlıq subyektləri yaratmaq imkanlarına malik şəxslərdir. Azərbaycanda isə gənc sahibkarlığın inkiaşfı istiqamətində müxtəlif layihələr, proqramlar tətbiq edilir. Amma bu istiqamətdə intensivliyin artırılması arzu ediləndir. Ölkəmizdə gənc sahibkarlığın inkişafı məsələsinə diqqət ayrılmalıdır. Ağdamda sənaye parkının yaradılması haqda qərar verildi. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə gənc sahibkarlığın inkişaf prioritet kimi götürülməlidir".
Qanun layihələri müzakirə olunduqdan sonra səsə qoyularaq qəbul edilib.
Bununla da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb. Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin parlamentin ilk iclasında verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün işlər görüldüyünü bildirib. Sədr qeyd edib ki, yaz sessiyasında 14 iclas keçirilib, 88 qanun və qərar, o cümlədən bir konstitusiya ilə bağlı qərar qəbul edib. Sahibə Qafarova vurğulayıb ki, koronavirus pandemiyasının törədiyi problemlərə baxmayaraq, Milli Məclisin normal iş şəraiti qorunub saxlanıb. Parlamentdə beynəlxalq əlaqələrin inkişafı sahəsində də işlər davam etdirilib: “Milli Məclisin sədri və deputatlarımız bir sıra beynəlxalq konfranslarda videokonfrans şəraitində iştirak edib”. Sədr bildirib ki, artıq 30 illik işğalın nəticələrini aradan qaldırmaq üçün irimiqyaslı işlərə başlanılıb: “Bu məsələləri rəsmi səfərdə olduğum ölkələrin rəsmilərinin də diqqətinə çatdırmışıq. Keçirilən bütün görüşlərdə Azərbaycan həqiqətləri onların diqqətinə çatdırılıb". Spiker bununla da, Milli Məclisin yaz sessiyasını bağlı elan edib. Sessiya Dövlət Himninin oxunması ilə başa çatıb.
Sahibə Qafarova həmçinin əlavə edib ki, 81 deputat növbədənkənar sessiyanın çağırılması üçün spikerə müraciət edib: “Mən artıq növbədənkənar sessiya üçün qərar imzalamışam. İyun ayında növbədənkənar iclaslar olacaq”.

Əli Zülfüqaroğlu